AZE ENG
Facebook
Twitter Google Myspace
Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin üçüncü nüsxəsi aşkar edilib
4-12-2020

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri" layihəsini davam etdirir. Əvvəlcə əsərin tədqiqi üçün iki nüsxə - İstanbul Millət Əlyazma Əsərlər Kitabxanası və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüsxələr istifadə edilib. 

Layihənin rəhbəri və müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Şəhla Xəlilli araşdırmalar zamanı üçüncü nüsxəni Qəbələ rayonu Duruca kənd sakini Ruslan Məmmədovun şəxsi kolleksiyasında aşkar edib. Nüsxənin sahibi Ruslan Məmmədovun razılığı ilə həmin nüsxə də tədqiqata cəlb edilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Pir Məhəmməd Qarabaği Azərbaycan Səfəvi şahı I Təhmasibin (1524-1576) dövründə yaşamış xəlvəti şeyxlərindən biridir. O, məşhur sufi Şəms Təbrizinin nəslindəndir. Pir Məhəmməd Şeyx Əbdülqaffarın xəlifəsidir. Maraqlıdır ki, “Mənaqibnamə”də Şeyx Qubad və Şeyx Mənsur kimi bir çox övliyaların adları çəkilir, onlar haqqında maraqlı hekayələr verilir. “Mənaqibnamə”nin ikinci əsas maraqlı tərəfi Qarabağın XVI əsri əhatə edən oba, kənd, çay, dərə, dağ kimi toponimlərinin adının çəkilməsidir.
Yeni nüsxədən Pir Məhəmməd Qarabağinin ləqəbinin "Qara Pirim" olduğu anlaşılır. Qara Pirim Qarabağın sufizm tarixinin açarıdır. İşğaldan yenicə azad olunan Ağdamın Qarapirimli və Papravənd kəndlərində Mənaqibnamədə adı çəkilən hadisə və yerlərlə bağlı maddi-mədəniyyət abidələrinin varlığı da müəyyən edilib.
Maraqlıdır ki, Qarabağın XIX əsr sufizm tarixinin önəmli şəxsiyyəti Həmzə Nigari də ilk təhsilini Qarapirimlidə almışdır. Görünür, Həmzə Nigarinin sufi ənənələrinin əksinə olaraq nəqşibəndi ayinlərinə səsli zikr gətirməsi onun ilk təhsil dövrünün və gəncliyinin xəlvəti sufi ənənələrinin davamçıları olan Qarapirimlidə yetişməsi ilə əlaqəlidir.
"Qarabağlı Pir Məhəmmədin “Mənaqibnaməsi" kitabının transfoneliterasiya edilməsi, mətnin dilimizə sadələşdirilməsi və redaktə edilməsi, kitabın nəşrə hazırlanması və nəşri işləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə yardımı ilə həyata keçirilir.
 
Oxunub : 692