AZE ENG
Facebook
Twitter Google Myspace
"YOKOKU 2018: Mədəni irs sahəsində dialoqlar" VI Beynəlxalq Konfrans keçirilib
30-5-2018

22-26 may tarixlərində İtaliya Respublikasının Matera şəhərində "YOKOKU 2018: Mədəni irs sahəsində dialoqlar" mövzusunda VI Beynəlxalq YOKOKU Konfransı keçirilib. Konfransı Mədəni İrsin Konservasiyasında Gənclər - YOKOKU Beynəlxalq Assosiasiyası, İtaliya Milli Tədqiqatlar Şurası Arxeologiya və Abidələr İnstitutu, Bazilikata Universiteti və Kalabriya Universiteti təşkil edib. Dünyanın 25 ölkəsindən 300 alim və tədqiqatçının qatıldığı konfransda "Mədəni irs və muzeylər: ənənə və innovasiya arasında əlçatımlılıq", "Təhsil və mədəni irs", "Mədəni irsin konservasiyasının metodologiyası və materialları sahəsində yeni texnologiyalar", "Arxeometriya və mədəni irs", "Arxeoloji irs: arxeoloji abidələri qorumadan dəyərləndirməyə", "Memarlıq irsi: təcrübə, dəyərləndirmə və bərpa metod və yanaşmaları", "Təbii risklərin azaldılması və mədəni irsin qorunması" bölmələrində məruzələr dinlənilib. Materanın Kasa Kava mədəniyyət mərkəzində baş tutan konfransı YOKOKU-nun prezidenti Andrea Makkia, İKKROM-un sabiq direktoru Stefano de Karo, İKOM-un vitse-prezidenti Alberto Qarlandini, Matera şəhərinin meri Rafaello de Ruqgieri açaraq altıncı konfransın Materada keçirilməsinin önəmini, Materanın Dünya Mədən İrs siyahısında yer almasının tarixi mərhələlərindən danışıblar. Sonra "Mədəniyyətin paylaşılmasında inklüziv muzeylər" mövzusunda dəyirmi masa keçirilib.

Konfransda Azərbaycanı müxtəlif universitet və institutlardan 13 alim və tədqiqatçı təmsil edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev "Nərgizava nekropolunda yeni arxeoloji tədqiqatlar" (hesabata əlavə edilib), AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, professor Kübra Əliyeva "Azərbaycanın maddi mədəniyyət nümunələrindən olan qədim sənətkarlıq əşyası - Çətən", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev "Azərbaycanda arxeoloji tədqiqatların son nəticələri", Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycan Xalq Cümhuriyyəti və ədəbiyyat, incəsənət və ictimai-siyasi institutların fəaliyyətinə yaradılmış şərait", MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Mədəni irs və məktəblilər: 2017-ci ilin yeni layihələri", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli və Səbinə Əzizova "Azərbaycanın epiqrafik abidələrinin bərpasında italyan mütəxəssislərin rolu", AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kiçik elmi işçisi Şəhla Xəlilli "Əlyazmadakı naxış - Təzhib" mövzularında məruzə ediblər.

Konfrans boyunca İran, Suriya və Gürcüstanın mədəni irsi ilə bağlı ayrıca bölmələr təşkil olunub, təqdimatlar edilib. Suriya müharibəsinin mədəni irsin öyrənilməsinə və qorunmasına mənfi təsiri müzakirə olunub. Növbəti konfransın Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcəyi elan edilib. Sonra iştirakçılara sertifikat, plaket və hədiyyələr verilib.

Azərbaycan nümayəndə heyəti üçün konfrans boyunca Roma, Neapol, Pompey və Matera şəhərlərinin tarixi yerləri və abidələrini, o cümlədən Romada Kolizey, Forum, Zəfər tağı, Trayanın sütunu, Panteon, Borgeze parkı, San Pietro kilsəsi, Neapolda Yeni Qala, Plebisit meydanı, San Fransesko Paola kilsəsi, 79-cu ildə Vezuvi vulkanı nəticəsində dağılmış Pompey şəhərinin qalıqları, Materada Qədim Sassi bölgəsi, San Covanni Batista kilsəsinə gəzintilər təşkil edilib. Məlumat üçün bildirək ki, Matera şəhəri 2019-cu il üçün Avropanın mədəniyyət paytaxtı seçilmişdir.

 
Oxunub : 832
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod