AZE ENG
Facebook
Twitter Google Myspace
Gəgəli kəndi Şəhidlər Xiyabanı
15-11-2021

Noyabrın 6-da Ağsu rayonu Gəgəli kəndində 8 noyabr Zəfər günü münasibətilə Şəhidlər Xiyabanının açılış mərasimi olub. "Gəgəli kəndinin Şəhidlər Xiyabanı" kəndin girişində, tarixi "Ömər Lahıci" su arxının kənarında inşa edilib. Abidə-kompleks Gəgəli kəndinin Birinci Qarabağ müharibəsi (Sahib Mütəllimov, Həqiqət Musayev, Sərdar Hacıyev, Cəbrayıl Gərayev, Şahin Quliyev, Namik Talışov, Elçin Şirvanov, Elçin Cərullayev, Mətləb Mütəllimov) və İkinci Qarabağ müharibəsi (Kamran Quluzadə, Vüsal İbişov, Elmir Süleymanlı) şəhidlərinin mərmər lövhə üzərində əksi olan memorial daş abidədən və qarşısındakı yarım hektarlıq geniş parkdan ibarətdir.

 

Xiyabanda ziyarət etmək və dincəlmək üçün şərait yaradılıb. Xiyaban Gəgəli kəndindən iş adamı Fiday Orucovun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunub. Memarı Şaiq Hüseynlidir. 

 

Açılış mərasimində Ağsu rayonu İcra hakimiyyətinin başçısı Rövşən Bağırov, Millət Vəkili Tahir Kərimli, Gəgəli kəndi və digər yerlərdən gələn şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, kənd sakinləri iştirak ediblər.

 

Əvvəlcə Xiyabanla tanışlıq olub, şəhid ailələri ilə söhbət edilib. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev hamını salamlayıb və Vətən müharibəsi, Zəfər günü ilə bağlı məlumat verib.

 

Kənd məktəbliləri şəhidlərlə bağlı kompozisiya təqdim edib, şeirlər söyləyib.

 

Ağsu rayonu İcra hakimiyyətinin başçısı Rövşən Bağırov Zəfərin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətindən və Azərbaycan Ordusunun şücaətindən bəhs edib. Gəgəli kəndinin istər Birinci Qarabağ, istərsə İkinci Qarabağ müharibəsində şəhid oğlulları qururumuzdur və onları ehtiramla anırıq. O, bildirib ki, başqa kəndlərdə də şəhidlərin xatirəsinə belə xiyaban və parkların salınmasına ehtiyac var.

 

Millət Vəkili Tahir Kərimli Gəgəli kəndinin qədim türk, tərəkəmə yurdu olduğunu, hələ 1918-ci ildə düşmənlərə qarşı döyüşdüyünü, Qarabağ müharibəsində şəhid və qaziləri olduğunu bildirib. Şuşanın azad olunmasının Zəfərimizin zirvəsi olduğunu qeyd edib. O qeyd edib ki, Gəgəli kəndinin istər Birinci Qarabağ, istərsə İkinci Qarabağ müharibəsində verdiyi şəhidlər haqqında yazılmalı, onların qəhrəmanlıqları gənc nəsilə tanıdılmalıdır.

 

İş adamı Fiday Orucov Gəgəli kəndindən olduğunu, valideynlərinin bu kənddə doğulduğunu və dəfn edildiyini, hər zaman bu kəndin camaatı ilə birlikdə çalışdığını bildirib. Şəhidlərə vəfa borcu kimi bu xiyabanı inşa etdirdiyini, bu xiyabanı ziyarət edənlərin şəhidlərimizi bir daha xatırlayacağını, məktəblilərin milli tədbir və bayramları burada keçirəcəklərini qeyd edib.

 

Şəhid Vüsal İbişovun atası Əli İbişov və qazi Mehdi Cərullayev dövlətə və xeyirxah insanlara şəhidlərə belə hörmət göstərdikləri üçün minnətdarlıq edib.

 

Ağsu rayonu İcra hakimiyyətinin başçısı Rövşən Bağırov şəhid atası Aqil Süleymanova şəhid oğlu Elmir Süleymanlının “Cəsur döyüşçü” medalını təqdim edib.

Oxunub : 58