AZE ENG
Facebook
Twitter Google Myspace
“Zəfər qəhrəmanları” sərgisi
15-11-2021

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu Ağsu rayonu Gəgəli bələdiyyəsi və "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə birlikdə qoruq daxilindəki tarixi Cümə məscidində Qarabağ müharibəsinin şəhidləri və qazilərinə həsr olunmuş “Zəfər qəhrəmanları” sərgisini tərtib edərək ziyarətçilərin üzünə açıb. Sərgidə Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri və iştirakçılarına məxsus geyimlər, mülki və hərbi əşyalar, fotolar, sənədlər, medallar və s. eksponatlar nümayiş olunur. 27 sentyabrdan başlayaraq qoruq əməkdaşları, bələdiyyə işçiləri və ictimai birliyin üzvləri Ağsu şəhəri və kəndlərində, Bakı və Sumqayıt şəhərlərində yaşayan şəhid ailələri ilə görüşüblər, onlardan övladları haqqında məlumat toplayıblar. Sərginin əsas hissəsini Ağsu rayonundan 44 günlük Vətən müharibəsində şəhid olmuş 34 şəhidin əşyaları, foto və sənədləri təşkil edir. Sərginin 31 dekabr tarixinə qədər açıq olması planlaşdırılıb.

 

Noyabrın 13-də rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbər işçiləri, “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu əməkdaşları, Ağsu rayonu Gəgəli bələdiyyəsi və "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi üzvləri, digər rayon və şəhərlərdən qonaqlar sərginin açılışnda iştirak ediblər. 

 

Qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tədbiri açaraq bildirib ki, şəhid ailələri ilə həm sərgi, həm də kitab-albom üçün görüşüblər, onların rəy, təklif və məlumatlarını toplayıblar. Şəhid ailələrinin hamısı şəhidlərin daim xatırlanmasını, unudulmamasını arzuladıqlarını bildiriblər. Bu sərgi məhz həmin qəbildən sosial-mədəni hadisədir. Sərgi müddətində Ağsu və ətrafı rayonların məktəb, kollec və universitetləri ilə tədbirlər, yarışlar, ustad dərsləri keçmək nəzərdə tutulub. Bunun üçün 10 adda müxtəlif proqram hazırlanıb. Heykəltəraş Vüqar Quliyevin “Şuşa qalası” abidələrini birlikdə quraq” ustad dərsi, sənətşünas Səma Alməmmədli və bələdçi Xoşqədəm Əkbərlinin “Zəfər rəsmləri” üzrə ustad dərsi, qoruğun əməkdaşı Şəlalə Osmanlının təqdimatı ilə “Zəfər qəhrəmanları” mövzusunda esse yarışması, Ağsu Gənclər İdarəsinin təşkilatçılığı ilə voleybol üzrə yoldaşlıq yarışı, bələdçi Bilal Əzizovun təqdimatı ilə “Zəfər qəhrəmanları” mövzusunda ingilis dilində esse hazırlanması və məktəblilərin öz yazılarını oxuyaraq videoçəkiliş etmələri, şəhid atası olan qoruq əməkdaşları Pərviz Quliyev və Aqil Süleymanovun təşkilatçılığı ilə Şəhid ailələri və qazilərin “Zəfər qəhrəmanları” mövzusunda məruzələrinin dinlənilməsi, debatda məktəblilərin suallarının cavablandırılması, “Xançoban” Musiqi Qrupunun rəhbəri, xanəndə Ruslan Adgözəlovun təqdimatı ilə muğam üzrə ustad dərsi, məktəblilərə “Xudayar təsnifi”nin incəlikləri barədə məlumat verilməsi, abidə mühafizəçisi Pərviz Osmanovun təqdimatı ilə şəhid əl işlərinin surətlərinin hazırlanamsı üzrə ustad dərsi, balıq suvenirinin hazırlanması, müharibə iştirakçıları olan abidə mühafizəçiləri Vüqar Hacıyev və Nəcəf Nəcəfovun imitasiya olunmuş hərbi təlimi, fotoqraf Anar Həbibovun məktəblilərə foto və videoçəkilişlər üzrə ustad dərsi, məktəblilərin qoruqda və sərgidə sərbəst şəkildə fotoçəkilişləri bu qəbildəndir. 

 

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Mərkəzinin rəhbəri Prof.Dr. Qafar Cəbiyev Qarabağ müaribəsindən, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun şücaətindən bəhs edib. Sərginin şəhid və qazilərə həsr olunması, onların əşyalarının dəyərli tarixi eksponat kimi sərgilənməsinin əhəmiyyətini qeyd edib. Azərbaycan Texniki Univeristetinin professoru Şikar Qasımov Birinci və İkinci Qarabağ müharibəsindən, sərgidə hər iki müharibənin şəhidlərinin əşyalarının nümayiş olunmasının vətənpərvərlik, varislik baxımından əhəmiyyətindən danışıb. Laçından olduğunu, Laçının Ali Baş Komandanın diplomatik təzyiqləri, şəhid və qazilərimizin qanı bahasına azad edildiyini bildirib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Zəfər qəhrəmanları” sərgisini təqdir edib, gələcəkdə mədəniyyət sahəsində bu istiqamətdə işlərin davam etdirələcəyini bildirib. Ağsu rayonu İcra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəxtiyar Məmmədov şəhid və qazilərə həsr olunmuş sərgi və kitabların hazırlanmasının nəinki mədəni, həm də elmi hadisə olduğunu, alimlərimizin bu sahədə tədqiqatlarını davam etdirəcəklərinə inandığını vurğulayıb. Qazi İbrahim Hüseynov Vətənizimin torpaqlarında azad və rahat hərəkət etməyimizin əsas səbəbkarının şəhid və qazilərimiz olduğunu, onların qanının yerdə qalmadığını, bu cür sərgilərin onların xatirəsini əbədiləşdirdiyini, uşaq və gənclər arasında vətənpərvərlik hisslərini aşıladığını bildirib. 

 

Şəhid Yadigar Vahabovun anası Şölə xanım, Şəhid Pərvin Təhməzovun anası Əsli xanım, Şəhid Vüqar Quliyevin anası Könül xanım, Şəhid Ceyhun Xəlilovun anası Fəxriyyə xanım, Rauf Məlikovun anası Narınc xanım, Şəhid Toğrul Fərəczadənin atası Habil Cəbiyev, Şəhid İsrayıl Cəfərzadənin atası Namiq Cəfərov, Şəhid Fərid Şamilovun atası Mirzə Şamilov, Şəhid İlkin Zülfüqarovun bacısı Əfsanə Ələkbərova, Şəhid Fərid Nəcəfovun bacısı Aytac Nəcəfova şəhidlərimiz haqqında xatirələrini bölüşüblər. Məktəblilər Nəzrin Səmədzadə və Ömər Ələkbərli şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

 

Daha sonra Şəhid Fərid Nəcəfovun bacıları Aytac və Ayşən Nəcəfovalara “Zəfər qəhrəmanları” sərgisinin lentini kəsmək həvalə olunub. Tədbir iştirakçıları sərgi zalında vitrinlərə baxış keçirib, rəy və təkliflərini bildiriblər. Şəhid ailələri sərginin daha da zənginləşdirilməsi və davamlı olması üçün dəstək verəcəklərini qeyd ediblər. Sərgidə xatirə fotoları çəkilib, ürək sözləri deyilib.

 

Oxunub : 179