AZE ENG
Facebook
Twitter Google Myspace
Miras İctimai Birliyinin Şuşa kitabları təqdim olunub
5-12-2022

Dekabrın 4-də Kitabevim.az kitab evində "Miras" Mədəni irsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nəşrləri olan "Şuşa: Tarixi-mədəni irsin tədqiqi" və "Tarixi Yerlər və Abidələr Dördüncü Beynəlxalq Şuşa Simpoziumunun materialları" kitablarının təqdimatı keçirilib. Təqdimatda kitabların hazırlanmasında əməyi olan müəlliflər, redaktor və ekspertlərlə yanaşı, Şuşanın tarixi və mədəniyyəti maraqlanan oxucular da iştirak ediblər.

Əvvəlcə layihə rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli kitablar haqqında geniş məlumat verib. O, bildirib ki, aparılan tədqiqat və nəşrlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Bakı, Şuşa, Tbilisi, Budapeşt, Berlin, Paris, Roma və Venesiyada görülən işlər barədə məlumat verilib. O, kitabların ilkin nəticələri əhatə etdiyini, sonralar hər mövzunun genişləndiriləcəyini və tədqiqatın dərinləşdiriləcəyini bildirib. "Şuşa: Tarixi-mədəni irsin tədqiqi" kitabının ingilis dilində mətninin hazır olduğu və yaxın vaxtlarda Avropa nəşriyyatlarının birində nəşr ediləcəyi qeyd olunub.

Sonra Prof.Dr. Qafar Cəbiyev, Prof.Dr. Şikar Qasımov, Prof.Dr. Kübra Əliyeva, Dos.Dr. Pərvin Ahənçi, Dos.Dr. Elfira Məlikova, Dr. Aygün Məmmədova, jurnalist Asəf Quliyev kitablar haqqında təəssüratlarını bölüşüblər.

Sonda kitablar iştirakçılara paylanıb, müəlliflər tərəfindən imzalanıb, xatirə fotoları çəkilib.

Oxunub : 937