AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycan alimləri Frankfurt-Mayn şəhərində YOCOCU – 2022 Beynəlxalq konfransında məruzə ediblər
12-12-2022

7-10 dekabr 2022-ci il tarixində Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində “YOCOCU - 2022: Mədəni İrsin Konservasiyasında Gənclər" VIII beynəlxalq elmi-praktiki konfransı keçirilib. Konfransın əsas təşkilatçıları mərkəzi Romada yerləşən Beynəlxalq YOCOCU Asossiasiyası və Frankfurt Rabitə Muzeyidir. Beynəlxalq Muzeylər Şurası, Kalabriya Universiteti, Frankfurt-Mayn Bələdiyyəsi, İtaliya Milli Tədqiqat Şurası Atmosfer Elmləri və İqlim İnstitutu konfransa dəstək veriblər.

Konfransda Almaniya, İtaliya, Azərbaycan, Türkiyə, Rumıniya, Meksika, Çin, Yaponiya, Hindistan, İran, Seneqal və digər ölkələrdən 70-dən çox alim və tədqiqatçı canlı, poster və onlayn məruzələrlə çıxış edib.

Dekabrın 8-də konfransın açılış mərasimində təşkilat komitəsinin sədri Dr. Andrea Makkia əvvəlki konfranslar haqqında məlumat verib və VIII konfransın mövzusundan və əhəmiyyətindən danışıb. Sonra IKKROM-un direktoru Vebber Ndoro və Frankfurt-Mayn Rabitə Muzeyinin baş kuratoru Frank Gnegel çıxış ediblər. Plenar iclasda Göte Universitetinin Arxeologiya fakultəsinin müəllimi, Liebieghaus heykəltəraşlıq kolleksiyasının kuratoru Vinzenz Brinkman “Yunan və Roma heykəllərində polixromluq və eksperimental rekonstruksiyaların yaradılması üçün Frankfurt Liebieghaus layihəsi” mövzusunda məruzə edib.

"Mədəni irsin qorunması üçün davamlı və innovvativ yanaşmalar" adlı birinci bölmədə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Dr. Şəhla Xəlilli "Azərbaycanda Bədöyün və Ağaoğlu məscidlərində aşkar olunan kitabların təmizlənməsi və sistemləşdirilməsi" mövzusunda məruzə edib. O, Lahıc qəsəbəsi, Bədöyün və Ağaoğlu məscidləri, əlyazma və çap kitablarının üzə çıxması, onların təmizlənərək sistemləşdirilməsindən danışıb.

"Risklərin qiymətləndirilməsi və mədəni mülkiyyətin dəyərləndirilməsi" adlı ikinci bölmədə Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi barədə məruzə edib. Məruzəçi Qarabağ bölgəsində şəxsən özünün araşdırdığı və hesabat hazırladığı Şuşa şəhəri, Xudavəng monastırı və Qaraağac xanəgahı haqqında məlumat verib, orada ermənilərin törətdiyi vandalizm aktlarından danışıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Mərkəzinin rəhbəri Prof.Dr. Qafar Cəbiyev və həmin mərkəzin elmi işçisi Dr. Fariz Xəlilli "Plininin Qəbələsi: Azərbaycanda bir yunan-roma şəhəri" mövzusunda məruzə ediblər. Plini və Ptolomey kimi antik müəlliflərin Qəbələ şəhərindən bəhs etməsi, antik Qəbələ ərazisində hippodrom və amfiteatr tipli tikililərin aşkar olunması, antik şəhərlərə xas kirəmit və kərpiclərin əldə olunması kimi faktların Albaniya və antik dünya arasındakı əlaqəsini göstərdiyi vurğulanıb.

Poster bölməsində Azərbaycan Milli Konservatoriyasının əməkdaşları Prof.Dr. Cəmilə Mirzəyeva və Dos.Dr. Səadət Verdiyeva "Azərbaycanın teatr binaları tarixi abidə kimi", Porf.Dr. Leyla Quliyeva "Mədəni irsə marağın artırılmasında təhsilin rolu", Firəngiz Rəfizadə və Nurlana Zərbəliyeva "Musiqi təhsilində innovativ metodların mədəni irsin qorunması vasitəsi kimi tətbiqi", Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin tədqiqatçıları Dr. Elmira Abasova və Fidan Quluzadə "Həsən bəy Zərdabi irsinin maddi-mədəniyyət abidələrində təcəssümü", İradə Qədirova "Mədəni irsin təbliğində sosial şəbəkələrin rolu" məruzələrini təqdim ediblər.

Konfrans çərçivəsində Beynəlxalq YOCOCU Asossiasiyasından Luiza Irazu Lopez-Kampos "Mədəni irsinizi yenidən düşünmək" mövzusunda təlim keçib. YOCOCU təlimçiləri iki ayrı praktik təlimdə mədəni irsin konservasiyası və bərpasında yeni yaşıl məhsullarını təqdim edib.

Dekabrın 10-da konfrans iştirakçıları Frankfurt-Mayn Rabitə Muzeyinin fondu ilə tanış olublar. Onlara məlumat verilib ki, Almaniyanın rabitə tarixini öyrənmək üçün əsas materiallar Rabitə muzeylərində toplanıb.

Oxunub : 1003