AZE ENG
Facebook
Twitter Google Myspace
"Ohrid - Vodiçi 2023" XI Beynəlxalq Elmi Konfrans
22-1-2023

18-19 yanvar 2023-cü il tarixində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2023: Yeni böhranlarla əlaqədar kimlik, mədəni irs, davamlı inkişaf və turizm çağırışları” XI beynəlxalq elmi-praktiki konfrans baş tutub. Konfrans Şimali Makedoniyanın Evro-Balkan Universiteti (Skopye), Sosial Mədəni Antropologiya İnstitutu, Türkiyənin Aydın Adnan Menderes Universiteti, ABŞ-ın "Qlobal proseslər" jurnalı və Azərbaycanın "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Sloveniya, Albaniya, Serbiya, Xorvatiya, Yunanıstan, İsveç, Avstraliya, Kosova və digər dövlətlərdən 50-ə qədər alim və tədqiqatçı məruzələrlə çıxış edib. 

Tədbiri giriş sözü ilə açan Sosial Mədəni Antropologiya İnstitutunun direktoru Prof.Dr. Rubin Zemon deyib ki, COVID pandemiyası ilə hələ də sağalmayan həyat tərzimizin nə qədər dayanıqsız olduğu aydın görünür. Artıq Ukraynadakı müharibə daha böyük enerji və iqtisadi böhrana səbəb olur. Kimliklərin bəziləri inkar edilir, bəziləri daha yaxşı təsdiq olunmasını tələb edir, ictimai həyatda yeni kimliklər yaranır. Son bir neçə il ərzində mədəni irsin tədqiqi, sənədləşdirilməsi, idarə edilməsi, təqdimatı və kommunikasiyası üçün vizual və rəqəmsal texnikaların istifadəsində nəzərəçarpacaq artım baş verib. Mədəni irsin qorunub saxlanması və təsdiqi üçün əsas tədbirlər olmaqla yanaşı, həm də mədəni irs dəyərlərinin, xüsusən də turizm məhsullarının təbliğində əsas vasitə kimi çap, video və audio media, o cümlədən “yeni media” əsas rol oynayır. Daha sonra o, iqlim dəyişikliyi və ekosistemlər, miqrasiya, diaspora mövzularında danışıb. Daha sonra Şimali Makedoniyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Fatmir Bitiki, Ohrid şəhəri merinin müavini Perko Bojinovski çıxış ediblər. 

Azərbaycan nümayəndə heyəti adından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək bildirib ki, pandemiya, iqtisadi və hərbi böhranlar mədəni irs və turizmin, həmçinin medianın gələcəyini anlamaq üçün yeni baxışlar təqdim edib. Azərbaycan Qafqazda ümumi vəziyyəti dəyişib. Qarabağ erməni işğalçılarından azad edilib. Azərbaycan hazırda Qarabağda bir çox infrastruktur layihələri həyata keçirir. Balkan dövlətlərinin müharibədən sonrakı quruculuq təcrübəsi bizim üçün maraqlıdır. Bizim sülh naminə birgə işləmək imkanımız var.

Konfransın bölmə iclaslarında mədəni irs, iqtisadiyyat, turizm, media, mədəni identiklik, terrorizm, miqrasiya, diaspora, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. mövzularda məruzələr dinlənilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Mərkəzinin rəhbəri Prof.Dr. Qafar Cəbiyev “Qafqaz Albaniyası - Qədim Azərbaycan dövləti", həmin İnstitutun əməkdaşları Dos.Dr. Taleh Əliyev "Ağyazı düzündə (Azərbaycan) Qafqaz Albaniyası dövrü yaşayış yeri və qəbiristanlıqları", Dr. Elmira Abbasova "Şirvanda Orta əsr toxuculuğu (Arxeoloji materiallar və etnoarxeoloji tədqiqatlar əsasında)", Dr. Fariz Xəlilli "Xotavəng monastırında müharibə cinayətlərinin identifikasiyası", Sədaqət Məmmədli "Səlcuq dövrü Gəncə (Azərbaycan) keramikası üzərində epiqrafik yazılar", Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin əməkdaşı Dr. Günel Seyidəhmədli "Şuşa memarlıq irsində yaşayış evləri", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrləri Aişə Vəliyeva "Azərbaycanda muzey şəbəkəsinin təşəkkülü prosesi" və Ayşən Osmanlı "Azərbaycanda Lahıc qəsəbəsinin mədəni irsinin qorunması", Orta əsr Ağsu şəhəri Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova "Orta əsr Ağsu şəhəri turizm kompleksi kimi" mövzusunda məruzə ediblər.

Tədbir çərçivəsində qonaqlar YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş Ohrid şəhəri və onun tarix-mədəniyyət abidələri, Ohrid gölündə həyata keçirilən Epifaniya mərasimi ilə yaxından tanış olublar. Dr. Fariz Xəlilli Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri kimi Vevçani bələdiyyə sədri Georgi Uqrinoski və Ohrid bələdiyyəsinin sədr müavini Perko Bojinovski ilə görüşüb, turizm və festivallar sahəsində əməkdaşlıq müzakirə olunub. Fariz Xəlilli səfər çərçivəsində Şimali Makedoniyanın "Sivil media" xəbər agentliyinə müsahibə verib.

 

 

Oxunub : 1066