AZE ENG
Facebook
Twitter Google Myspace
Xəzər Universitetində MİRAS/PICASP seminarı
28-4-2023

PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 27 aprel 2023-cü il tarixində Xəzər Universitetində bakalavr və magistr pilləsi üzrə təhsil alan 30-dan çox tələbənin və müəllimlərin iştirakı ilə “Arxeoloji irsin qorunmasının təşkili” mövzusunda seminar təşkil edilib. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli (Layihənin milli tərəfdaş qismində MİRAS İctimai Birliyi üzrə inzibati rəhbəri) arxeoloji tədqiqatların aparılması, tapılan daşınar və daşınmaz arxeoloji tapıntıların qorunması və saxlanması, ölkə daxilində və xaricdə təşkil olunan arxeoloji sərgilər, arxeoloji muzeyləşdirmə, ölçü işlərinin aparılması, konservasiya məsələləri, beynəlxalq təcrübə və s. barədə məruzə edib. Seminarda həmçinin “Orta əsr Ağsu şəhəri” arxeoloji turizm kompleksi layihəsi nümunəsində arxeoloji irsin qorunmasının müxtəlif aspektləri müzakirə edilib, arxeoloji irsin qorunması istiqamətində MİRAS tərəfindən həyata keçirilən maarifləndirici layihələr (tanışlıq turları, arxeologiya düşərgələri, məktəblilər üçün yay arxeoməktəbi və s.) barədə məlumat verilib.

MİRAS-PİCASP seminarlarının məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Seminarların proqramı PİCASP Layihəsi çərçivəsində MİRAS ekspertləri tərəfindən hazırlanıb. 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır.

 
Oxunub : 960