AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycan alimləri Timişoara şəhərində Mədəni İrsin Yaşıl Konservasiyası Beynəlxalq konfransında məruzə ediblər
9-5-2023

4-6 may 2023-cü il tarixində Rumıniya Respublikasının Timişoara şəhərində “Mədəni İrsin Yaşıl Konservasiyası" V beynəlxalq elmi-praktiki konfransı keçirilib. Konfransın əsas təşkilatçıları mərkəzi Romada yerləşən Beynəlxalq YOCOCU Asossiasiyası və Timişoara Milli İncəsənət Muzeyidir. İtaliya Atmosfer Elmləri və İqlim İnstitutu, Timişoara Qərb Universiteti, Arad Muzey Kompleksi, Kalabriya Universiteti, Ekosistem Fondu, İtaliya Yeni Texnologiyalar, Enerji və Davamlı İqtisadi İnkişaf üzrə Milli Agentliyi, Portuqaliya Katolik Universiteti konfransa dəstək veriblər. Konfransda Rumıniya, İtaliya, Azərbaycan, Serbiya, Portuqaliya, Fransa, Meksika, Braziliya, Mərakeş və digər ölkələrdən 70-dən çox alim və tədqiqatçı canlı, poster və onlayn məruzələrlə çıxış edib.

Mayın 4-də konfransın açılış mərasimində təşkilat komitəsinin sədri Dr. Andrea Makkia əvvəlki konfranslar haqqında məlumat verib, beşinci konfransın mövzusundan və əhəmiyyətindən danışıb. Sonra Timişoara Milli İncəsənət Muzeyinin direktoru Filip Petku muzey, onun laboratoriyası və konfransın proqramı haqqında məlumat verib. Plenar iclasda IKKROM-un proqram direktoru Xose Luis Pedersoli “Kolleksiyalar və konservasiya yolu ilə davamlı inkişafı təmin etmək” mövzusunda məruzə edib.

"Muzeylər və memarlıq irsi üçün ekoloji tikinti təcrübələri və landşaft regenerasiyası" adlı birinci bölmədə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Dr. Şəhla Xəlilli "Azərbaycanın Əlyazmalar İnstitutu fondlarında konservasiya məsələsi", Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Dr. Günel Seyidəhmədli "Şuşa yaşayış evlərinin interyer dizaynı" mövzusunda məruzə edib. 

"Mədəniyyət identikliyi və davamlı turizm" adlı üçüncü bölmədə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Mərkəzinin aparıcı elmi işçisi Dr. Fariz Xəlilli "Azərbaycanda yaylaq-qışlaq maldarlığı təhlükə altında olan irs kimi" mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, tərəkəmə həyat tərzi Azərbaycanda qədim zamanlardan üstünlük təşkil edən yaşayış formalarındandır. Arxeoloji tədqiqatlar hələ tunc dövründən tərəkəmə həyat tərzinin yayıldığını və davamlı şəkildə bu günə qədər qorunduğunu göstərir. Hər dövrdə müxtəlif toplumların iştirakı ilə tərəkəmə həyat tərzi Kür-Araz ovalığında və Qafqaz dağlarında yaylaq və qışlaq maldarlığı kimi tanınmışdır. Qışlaqdan yaylağa köç yolları yaradılmış, bu yollar min illərlə fəal olmuşdur. Köç yollarının ətrafı istər yeraltı, istər yerüstü olmaqla tərəkəmə toplumların maddi mədəni irs abidələri ilə zəngindir. Bununla yanaşı, etnoqrafik tədqiqatlar həmin toplumların zəngin mənəvi mədəni irsini də ortaya çıxarır. Azərbaycanda yaylaq və qışlaq maldarlığının təhlükə altında olmasının çox səbəbləri var. Onlardan biri Kiçik Qafqaz dağlarının Qarabağ hissəsinin uzun müddət Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olması və tərəkəmə toplumların oraya gedə bilməməsi idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdikdən sonra tərəkəmə toplumlar Kiçik Qafqaz dağlarına heyvanlarını çıxarmağa başlasalar da mülkiyyət məsələsinin həll edilməməsi və mina təhlükəsi irsin konservasiyası üçün problem olaraq qalır. Azərbaycanın digər bölgələrində isə subyektiv səbəblər irsin konservasiyasına və davamlılığına təhlükə yaradır. Təəssüf ki, son 30 ildə tərəkəmə toplumların qışlaq torpaqları kütləvi şəkildə intensiv əkin sahələrinə çevrilir. Tərəkəmə toplumların zəngin irsi sıxışdırıldığı kimi ekosistem də bu vəziyyətdən ziyan görür. Bununla yanaşı, yaylaq sahələri icma mülkiyyətindən dövlət mülkiyyətinə keçirilməklə tərəkəmə toplumların ənənəvi sahibliyindən çıxarılır. Bu indiyə qədər yaşadılan irsin tədricən aşınmasına və yox olmasına səbəb olur. Köç yolları isə qapadılmaqla tərəkəmə toplumların qışlaqdan yaylağa və əksinə hərəkətinə inzibati maneə yaradır. Bu tədqiqatın əsas məqsədi, irsin təhlükədə olduğunu göstərməklə onun gələcək konservasiyası üçün ilkin təkliflər təqdim etməkdən ibarətdir.

Poster bölməsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Mərkəzinin baş elmi işçisi Prof.Dr. Kübra Əliyeva "Qədim müqəddəs səməni içkisinin hazırlanması və ənənənin bərpa olunması", Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Dr. Samirə Əliyeva "Bakı muzeyləri", Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin tədqiqatçıları Dr. Elmira Abasova və Fidan Quluzadə "Qarabağın ekoloji irsinin bərpasında maddi və mənəvi xüsusiyyətlər" adlı məruzələrini təqdim ediblər.

Konfransın yekun iclasında Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli növbəti “Mədəni İrsin Yaşıl Konservasiyası" VI beynəlxalq elmi-praktiki konfransının 2025-ci ildə Şuşa şəhərində keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təklifə 2024-cü ildə İstanbul şəhərində YOCOCU konfransında baxılacaqdır.   

Konfrans çərçivəsində Timişoara Milli İncəsənət Muzeyinin laboratoriyasında YOCOCU təlimçiləri praktik təlimdə mədəni irsin konservasiyası və bərpasında yeni yaşıl məhsullarını təqdim edib.

Konfrans iştirakçıları Timişoara Milli İncəsənət Muzeyinin ekspozisiyası, Rumıniyalı sürrealist rəssam və heykəltəraş Viktor Braunerin sərgisi ilə tanış olublar. Onlara məlumat verilib ki, muzeydə Azərbaycanın Şirvan və Qazax bölgəsindən xalçalar saxlanılır və nümayiş olunur. Azərbaycanlı nümayəndələrə həmin xalçaların əks olunduğu kataloq hədiyyə edilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycanlı nümayəndələr əvvəlcə Timişoara şəhərinin, sonra isə paytaxt Buxarestin tarixi və memarlıq abidələri ilə yaxından tanış olublar.

Oxunub : 896