AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Makedoniyada Orta əsr Ağsu şəhərinin 3D təqdimatını etdi
22-1-2014

2014-cü il 17-19 yanvar tarixində Makedoniyanın Ohrid şəhərində Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutu və ESRA-nın təşkilatçılığı ilə II Beynəlxalq Mədəni İrs, Turizm və Media konfransı keçirilmişdir.
Konfrans Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun dosenti, Dr. Rubin Zemon tərəfindən Uranija Mədəniyyət Evində açıq elan olunub. Açılış mərasimində Ohrid şəhər İcra Hakiminin müavini Angel Janev çıxış edib. Serbiyanın Radio və Televiziya Şurasının üzvü, Dr. Jasminka Simic konfrans iştirakçıları adından təşkilatçılara minnətdarlıq edib. Tədbirdə “I Beynəlxalq Mədəni İrs, Turizm və Media konfransının Materialları” kitabı təqdim olunmuşdur. Kitabda azərbaycanlı müəlliflərin məqaləsi də yer alıb.
Konfransa Makedoniya ilə yanaşı, Azərbaycan, İtaliya, Belçika, Albaniya, Türkiyə, Belarus, Rumıniya və Fransadan olan alimlər də qatılıblar. Azərbaycanı MİRAS İctimai Birliyinin üzvləri (Dr. Fariz Xəlilli, Teymur Nəcəfzadə, Şölə Bayramova və İradə Qədirova) öz maraqlı təqdimatları ilə təmsil ediblər.
Konfransın bölmə iclasları Ohrid şəhərindəki Belvedere otelində keçirilib. Konfransda MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli və IMAGE Company-nin direktoru, sənətşünas Teymur Nəcəfzadənin müəllifliyi ilə “Orta əsr Ağsu şəhərinin 3D təqdimatı: animasiya və modelləşdirmə” qısametrajlı film-məruzəsi təqdim olunub. Filmdə 3D həllər, teksturalar və vizuallaşdırılmış modellər peşəkar formada verilib.
Bölmə iclasları etnoqrafik arxivlər, qeyri-maddi mədəni irsin qorunması, Balkan regionunda rəsmi turizm saytlarının analizi, media, mədəniyyət, təhsil və s. mövzularda məruzələrlə davam edib.
Konfransın yekun iclasında MİRAS İctimai Birliyinin şöbə müdiri Şölə Bayramova MİRASın 2014-cü ildə təşkil edəcəyi IV Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər – YOCOCU (Ağsu/Azərbaycan), II Beynəlxalq Həmzə Nigari Simpoziumu (Qazax/Azərbaycan) və VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu (Konya/Türkiyə) haqqında təqdimat edib.
Sonda konfransda fərqlənən iştirakçılara Makedoniya Mədəniyyət və Turizm Nazirliyinin kitabları hədiyyə olunub, sertifikatlar təqdim edilib.
 

Oxunub : 4172