AZE ENG
Facebook
Twitter Google Myspace
26FEVRAL.AZ veb-portalının təqdimatı keçirildi
26-2-2014

Fevralın 25-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İmage Şirkəti ilə birlikdə həyata keçirdiyi layihə çərçivəsində 26FEVRAL.AZ və 26FEBRUARY.AZ veb-portallarının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini giriş sözü ilə açan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin üzvü, professor Qafar Cəbiyev iştirakçıları salamladı. Bura gələnlərin qəlbində Xocalı ağrısını yaşadan insanlar olduğunu vurğuladı və hamını Xocalı şəhidlərini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.
Qafar müəllim hamıya təşəkkürünü bildirdi və erməni xisləti ilə bağlı fikirlərini bölüşdü. O dedi: “Ermənilər o qədər naqis xalqdır ki, onlar heç vaxt bir yerdə məskən sala bilməyiblər. Çünki naqis, hiyləgər, xain, məkrli millət olduqlarından, iç üzləri açılan kimi qaldıqları yerdən qovulurdular. Erməni tarixçiləri məhz bu səbəbdən dövlətin tarixini deyil, xalq haqqında yazıblar”. Erməni hiyləgərliyi, onların “dənizdən-dənizə” dövlət qurmaq xülyası tarix boyu davam edib. Gülüstan müqaviləsi, çar Rusiyasının, Sovet imperiyasının ermənipərəst siyasətini təhlil edən natiq Qarabağ savaşını, Xocalı soyqırımını bütün bunların nəticəsi olduğunu qeyd etdi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın yenicə şəhər statusu almış, əhalisi artmağa başlamış, gənc ailələri evlə təmin olunmuş Xocalı sakinlərinin faciəsi ilə bitdi, şəhər yerlə-yeksan oldu. Hadisə Xocalı miqyasından çıxaraq Azərbaycanın ümummilli faciəsinə çevrildi və tarix boyu bir neçə dəfə təkrarlanan erməni-azərbaycanlı münaqişəsinin qanlı sonluqla bitən faciələr silsiləsinə daxil oldu. Qafar Cəbiyev Azərbaycanın Xocalı faciəsini dünyaya çatdırmasının, dövlətlərin bu hadisəyə obyektiv qiymət vermələrinin vacibliyini və bu sahədə görülən işləri xüsusilə qeyd etdi. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işləri, “Xocalıya ədalət” kampaniyası, çap olunan kitabları misal gətirərək görülən işlər sayəsində bir çox ölkələrin artıq Xocalı faciəsini tanımalarını vurğuladı.
Sonra 26FEVRAL.AZ veb-portalında yerləşdirilmiş videoçarxlardan bəziləri nümayiş etdirildi. Tamaşaçıların böyük həyəcanla izlədikləri, təsirləndikləri video-hekayələrdən sonra MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək təqdimata gəldiklərinə görə hamıya təşəkkürünü bildirdi və 26FEVRAL.AZ veb-portalının İmage Şirkəti ilə birlikdə həyata keçirdikləri ikinci layihə olduğunu söylədi. “İlk işimiz “Xocalı vaxtı” filmi idi ki, bu gün bir çox yerlərdə tədris vəsaiti kimi istifadə edilir. Orada Xocalı şəhərinin tarixi-mədəni əhəmiyyəti öz əksini tapıb və bu film dünyanın əksər ölkələrində, diasporalarda nümayiş etdirilməkdədir. Teymur müəllimlə sizə təqdim etdiyimiz ikinci layihə isə bilavasitə Xocalı faciəsinə həsr olunub, faciəni görmüş insanların paylaşdıqları hekayələr üzərində qurulub. Bu bəlkə də indiyə qədər işlədiyimiz ən ağır layihədir. Söhbət insan talelərindən, faciə qurbanlarının yaşadıqları hisslərdən, onun miqyaslarından gedir. Çəkilişlərdə zəhməti olan hər kəsə minnətdarlığımızı bildiririk. Layihədə tez-tez “Unutma!” xitabı səslənir, yəni biz doğrudanmı bu faciəni unuda bilərik? Əvvəllər düşünürdüm ki, bu mümkün deyil. Lakin bir neçə gün əvvəl Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinə dəvət etdiyimiz 14 nəfər Xocalı məktəbliləri və onların 2 müəllimi ilə söhbət bizi bu nidanı dəfələrlə xatirlatmağa vadar etdi. Faciədən sonra dünyaya gələn uşaqlar Xocalı haqqında yalnız valideynlərindən, yaxınlarından, müəllimlərindən eşitmişlər. Deməli biz düzgün istiqamətdəyik və unutqanlığı unutdurmağa çalışmalıyıq. Respublikamızın müxtəlif bölgələrində yaşayan və həmin faciəni xatırlamaq istəməyən insanlarla danışmaq olduqca çətindir və çəkilişlər çox ağır keçdi. MİRAS üzvləri filmlərin çəkilişində, ingilis dilinə tərcümə edilməsi üçün titrlərin hazırlanmasında yaradıcı qrupa böyük həvəslə və təmənnasız kömək etdilər. Layihə ilin sonuna qədər davam edəcək və biz ictimaiyyətə ünvanlanmış ilk müraciətimizdə də burada tək Xocalılar deyil, faciə haqqında öz hekayətləri olan hər kəsə yer olduğunu bildirmiş, hamını fəal olmağa çağırmışıq. Burada layihənin həyata keçirilməsində göstərdiyi köməyə görə Xocalı rayonu İcra Hakimiyyətinə, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğluna, layihəyə göstərdiyi dəstəyə görə “Azərsun Holding”ə dərin təşəkkürümü bildirmək istəyirəm”, - deyə fikrini bitirdi və sözü İmage Şirkətinin rəhbəri, layihənin rejissoru Teymur Nəcəfzadəyə verdi.
Teymur Nəcəfzadə: “Biz hər dəfə bir Xocalı sakinini tapanda və dinləyəndə darmadağın olurduq. 200-dən artıq insanla danışdıq, onların əksəriyyətində artıq psixoloji problemlər yaranıb. Sonda 40-dan artıq insandan müsahibə aldıq. Xocalılar bəzən danışmaq, yenidən o illərə, xatirələrə dönmək istəmirlər. Elə vaxt olurdu ki, dayanmadan danışır, unutmamaq üçün həyətlərində olan itlərin, pişiklərin belə adlarını söyləyir, heç kameranın hazırlanmasını gözləmək istəmirdilər. Elə Xocalı sakinləri var idi ki, nəslindən 20-30 nəfəri faciədə itirib. Mən şəxsən hər dəfə çəkilişdən sonra o qədər ağır emosional duruma düşürdüm ki, evə gedib bu ağırlığı ailəmin üzərinə tökmək belə istəmirdim. Layihə məni darmadağın etdi. Bu gün çox istərdim ki, 20-30 yaşlı Xocalı gənclərinin çəkdiyi Xocalı filminə baxım, onların Xocalı portretini görüm. Hamınıza gəldiyinizə və bu faciəni bizimlə birlikdə yaşadığınıza görə təşəkkür edirəm. Bu faciəni, bu hissləri heç kimə, heç erməniyə də arzulamıram,” – deyə təqdimata gəlmiş qonaqlara müraciət etdi.
Arzu Soltan deyilənlərə qoşulduğunu bildirdi və hamını görüntüləri müntəzəm paylaşmağa, Xocalı həqiqətlərini dünyaya çatdırmağa çağırdı.
“Azərsun Holding”in nümayəndəsi Ahmet Özel layihədə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi və şərəfli işdə hamıya uğurlar arzuladı.
Sonra Solmaz Quliyeva söz alaraq, Ağdamın Xocalı sakinlərini qarşılayan ilk rayon olduğunu diqqətə çatdırdı. “Mən Ağdamda yaşayırdım, Xocalı sakinlərinin nə vəziyyətdə gəldiyinin şahidi olmuşam. Biz onlara ana-bacı qayğısı göstərirdik. Meyitləri məsciddə yuduqdan sonra, kəfən çatmırdı. Mənim sinif rəhbərim o qədər insanı qucağında daşımışdı ki, ürəyi dözmədi, bir neçə gündən sonra dünyasını dəyişdi”.
Fariz Xəlilli Solmaz xanıma üz tutaraq xatirələrini veb-portalda bölüşməyə çağırdı, eyni zamanda portalın Xocalıya həsr edilən əsərlər, şeirlər, hekayələr üçün açıq olduğunu və bununla əlaqədar artıq müraciətlər edildiyini diqqətə çatdırdı.
Sonda Qafar Cəbiyev təqdimat mərasimini yekunlaşdıraraq hamıya gəldiklərinə görə təşəkkürünü bildirdi və bu işi davam etdirməyi tövsiyə etdi.


Oxunub : 3555