AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin növbəti toplantısı keçirildi
6-5-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 5 may 2014-cü il tarixində MİRAS üzvlərinin iştirakı ilə toplantı keçirtdi. Toplantıda yeni üzvlərlə tanışlıq, Birliyin həyata keçirdiyi yeni layihələr haqqında məlumat və yeni konfransların anonsları, 2014-cü il üzrə İş Planı əsasında görülən və növbəti yarımillikdə nəzərdə tutulan işlər, habelə üzvlərin Planla bağlı fikirləri, təklifləri müzakirə olundu. Eyni zamanda Birlik üzvlərin müzakirəsinə ekoloji klubun yaradılması, regionlarda təşkilatlanmanın həyata keçirilməsi məqsədilə hər ay toplantıların MİRAS-ın ən çox təmsil olunduğu bölgələrdə keçirilməsi və MİRAS üzvləri üçün 9 may tarixində birgünlük Təngəaltı turunun təşkili təklifləri təqdim edildi.
Toplantıda Birlik üzvlərindən Elmira Abbasova, Arzu Soltan, Şölə Bayramova, Elmira Abasova, Uğur Qiyasi, Aida Məlikova, Nailə Həsənova, Arslan İsmayılzadə, Ruslan Adıgözəlov, Nuridə Hüseynova, Orxan, Aytən Məmmədli, Zaur Məmmədov, Namiq, Vüsalə, Yaqut Abıyeva, Rahim Rəhimli iştirak edirdilər.
Əvvəlcə yeni üzvlər özlərini təqdim etdilər, Birlikdə hansı işlər görmək arzusunda olduqlarından danışdılar. Sonra Arzu Soltan Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Təmiz kənd yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsi haqqında, Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində keçirilmiş monitorinqlər və layihənin növbəti mərhələlərində görüləcək işlər barədə məlumat verdi. MİRAS üzvlərindən Elmira xanım Abasovanın, Orxan Qənbərovun, Leyla Əliyevanın, Aynurə Əliyevanın layihə çərçivəsində fəaliyyətini qeyd etdi və növbəti mərhələlərdə digər MİRAS üzvlərindən fəal iştirak gözlədiyini bildirdi. Nailə Həsənova və Aida Məlikova layihə ilə bağlı təkliflər verdilər. Nailə Həsənova Fransanın “Təmiz kənd” təcrübəsinin tətbiqi, Aida Məlikova isə İspaniya və ABŞ-ın ekoloji turizm sahəsində təcrübəsinin öyrənilməsinin faydalı olduğunu bildirdilər. Onlar bununla bağlı tövsiyələr hazırlayacaqlarına söz verdilər. Müzakirə zamanı arxeoloq Elmira xanım Abbasova tullantıların çeşidlənməsi, polietilen, dəmir və s. təkrar istifadəyə yararlı tullantıların toplanma məntəqələrinin yaradılması, bərpaçı-memar Uğur Qiyasi kreativ təqdimatların hazırlanması, bioloq Elmira Abasova isə əhali arasında ekoloji maarifləndirmə işlərinin aparılması zərurətini vurğuladılar.
Toplantıda həmçinin Nailə Həsənova, Aida Məlikova, Aytən Məmədli və Gülşən Hüseynova İş Planına uyğun olaraq görmə qabiliyyəti məhdud insanlar üçün “10 audiokitab” hazırlanması təşəbbüsünə qoşulmaq arzularını ifadə etdilər və bu işə may ayından etibarən başlanılması təklif edildi.
Gülşən Hüseynova MİRAS İctimai Birliyi tərəfindən elan olunmuş “Təbiət inciləri” fotosərgisi haqqında məlumat verdi, sərginin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyini və artıq bölgələrdən sərgiyə qoşulmaq barədə istəklərin gəldiyini söylədi. Belə ki, İsmayıllı rayonunda fəaliyyət göstərən təmsilçimiz Təranə Məmmədova məktəblilər arasında fotoşəkillərin toplanmasına başlandığını bildirmiş, Sevinc Zəhrayi isə fiziki qüsurlu uşaqların da burada iştirak etmək arzusunu səsləndirmişdir. Eyni zamanda sərgi ilə bağlı məlumat sosial şəbəkədə geniş yayımlanmışdır.
Nuridə Hüseynova MİRAS-ın nəzdində fəallardan ibarət teatrının yaradılması və onların ekoloji, ümumiyyətlə mədəni irs mövzusunda tamaşalar göstərməsini təklif etdi. Nuridə Hüseynova rəssam-dekorator, Nailə Həsənova isə tamaşaların fransız dilinə çevrilməsi istiqamətində kömək göstərməyə hazır olduqlarını bildirdilər.
Ruslan Adıgözəlov İş Planına uyğun olaraq “Mədəni Irsimizi birlikdə qoruyaq” layihəsində fəaliyyət göstərmək istədiyini və MİRAS Musiqi Qrupu ilə birlikdə bölgələrdə işləməyə hazır olduğunu söylədi.
Gülşən Hüseynova bu il həyata keçiriləcək layihələrdən danışarkən Aida Məlikovanın təklif etdiyi “Şeyx Dursun türbəsi” abidəsi ətrafında abadlıq işlərinin aparılması” layihəsindən danışarkən, bərpaçı-memar kimi Uğur Qiyasinin layihədə türbənin ümumi vəziyyəti və bərpa imkanları haqqında ekspert kimi qoşulmasının məqsədəuyğun olduğunu qeyd etdi və Uğur Qiyasi böyük məmnuniyyətlə bu işə qoşulmaq istədiyini bildirdi. Ekoloji Klub fəallarının da Türbə ətrafında iməciliklərə cəlb olunması təklifi səsləndi.
G.Hüseynova MİRAS üzvü Nəzmin Cəfərovanın irəli sürdüyü “Muzeylərin monitorinqi” ilə bağlı layihənin üzərində dayanaraq, onun muzey işçilərinin ixtisasının artırılması, muzeylərdə yeni texnologiyaların tətbiqi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və tamaşaçı marağının artırılması baxımından yeni vasitələrin araşdırılması istiqamətində əhəmiyyətini vurğuladı. O həmçinin toplantıda iştirak etməyən digər MİRAS-çı Toğrul Muxtarovun “Bölgələrdə ailə-nigah münasibətləri” layihəsindən burada işıqlandırılacaq erkən nigahlar, gender məsələləri, ailə münasibətləri ilə bağlı mövzuların iştirakçılara interaktiv formada təqdim ediləcəyindən danışdı və seminarın iyun-iyul aylarında Ağsuda keçiriləcəyini bildirdi.
Sonra Şölə Bayramova MİRAS-ın beynəlxalq əlaqələrindən, may ayında keçiriləcək beynəlxalq konfranslardan danışdı. MİRAS üzvlərinin qarşısında duran vəzifələrdən söhbət açdı, hamını konfransda fəal iştiraka dəvət etdi.
Nailə Həsənova Qəbələdə müşahidə etdiyi arxeoloji qazıntılar haqqında təəssüratlarından danışdı və Şölə Bayramova ona bu barədə “Miras” jurnalı üçün məqalə yazmağı təklif etdi. Eyni zamanda MİRAS-ın gənc üzvü Arslan İsmayılzadənin məqaləsinin də jurnalın yeni- 8-ci sayında çıxacağını vurğuladı.
İclas iştirakçıları MİRAS-ın irəli sürdüyü təklifləri maraqla qarşıladılar və İş Planını yenidən onların elektron poçtlarına göndərilməsini xahiş etdilər. 9 may tarixinə planlaşdırılmış turla bağlı isə əlavə təkliflər səslənəcəyi gözlənilir.
Toplantının sonunda xatirə şəkli çəkildi.

 

Oxunub : 3424