AZE ENG
Facebook
Twitter Google Myspace
“Mədəni İrsin Konservasiyasında – Gənclər (YOCOCU-2014)” başa çatdı
30-5-2014

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziriyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İtaliya Konservasiya Alimləri Assosiasiyası, Mədəni Mülkiyyətin Öyrənilməsi və Bərpası üzrə Beynəlxalq Mərkəz (İCCROM), İtaliya Respublikasının Sapienza və Belçika Krallığının Antverpen Universitetlərinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsinin IV Beynəlxalq Simpoziumu başa çatdı. İki gün davam edən simpoziumda dünyanın 25-dən artıq ölkəsindən mədəni irsin tədqiqi və qorunması sahəsində ixtisaslaşan 100-dən artıq mütəxəssis iştirak etdi. “Tekstil və üzvi materiallar”, “Piqmentlər və rəsm əsərləri”, “Daş”, “Mədəni təcrübələr”, “Metal, şüşə və keramika”, “Arxeologiya və kompleks tədqiqatlar” bölmələrində 70-dən artıq canlı və veb-məruzələr dinlənildi, müxtəlif mövzularda posterlər sərgiləndi.
Tədbirin 2-ci günü Azərbaycandan, Perudan, Xorvatiyadan, İtaliyadan, Litvadan, Almaniyadan, Litvadan, Türkiyədən, Polşadan, İran İslam Respublikasından, Rusiya Federasiyasından, Yaponiyadan, Sloveniyadan gələn təmsilçilər ölkələrində abidələrin bərpası, saxlanılması və mühafizəsi, öyrənilməsi, eyni zamanda təbliği və təşviqi istiqamətində təcrübələri paylaşdılar. Simpozium insanların səmimiliyi, öyrətmək və öyrənmək arzusunun böyüklüyü, hər çıxışdan sonra digərlərinin mövzu ilə bağlı real təklifləri, tövsiyələri və müştərək fəaliyyət istəkləri ilə yadda qaldı.
MİRAS üzvləri memarlıq doktoru Ağasəlim Əzizovun Bakı şəhərində şəhərsalma prinsiplərində tarixiliklə ətraf mühitin ahənginə həsr olunmuş məruzəsi, Nəzmin xanım Cəfərovanın Azərbaycanda ekomuzey praktikasının tətbiqi və perspektivlərinə dair məruzəsi sözügedən istiqamətlərdə mövcud vəziyyətə və gözləntilərə həsr edilmişdi.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Arzu Soltan və Gülşən Hüseynovanın Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin icra etdiyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsi çərçivəsində keçirilmiş sorğu və monitorinqlərın nəticələri əsasında hazırlanmış təqdimat məhz belə məruzələrdən idi. İtaliya, Almaniya və Türkiyədən gələn qonaqların marağı və təklifləri mövzunun aktuallığının canlı sübutu idi.
Gənc bərpaçı-memar Uğur Qiyasının Azərbaycanda memarlıq abidələrinin bərpasında yaşanan problemlərə, uğurlu və uğursuz təcrübələrə həsr olunmuş təqdimatı geniş diskussiyalarla müşayiət olundu. Onunla razılaşanlar da oldu, etirazlarını bildirənlər də. Ən əsası isə müxtəlif yaşlı, böyük təcrübəyə malik mütəxəssislərimizin gənc həmyerlimizin cəsarətli çıxışını alqışlamaları, ona düzgün yol göstərmələri və dəstəkləmələri oldu. Simpozium iştirakçılarını maraqlandırmaqla yanaşı, geniş diskussiyalara səbəb oldu.
YOCOCU 2016-cı ildə Madriddə yenidən görüşmək arzusu ilə başa çatdı. Sonda MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli və YOCOCU-nun İtaliya tərəfindən təşkilatçıları Andrea Macchia və Simone Cagno üzərində YOCOCU-nun rəmzi toxunmuş suvenir xalçanı Monica Alvarez de Buergoya təqdim etdilər.
Təşkilatçılar ən maraqlı çıxışa görə MİRAS üzvü, gənc bərpaçı-memar Uğur Qiyasini ENVİMAT (Environment-Material Interaction, Preventive conservation of monuments and archaeological sites in the Mediterranean basin) Summer School yay məktəbinə göndərməyi qərara aldılar.
Beynəlxalq Simpoziumda yadda qalan digər məqam isə “İmage Company” Şirkətinin Azərbaycandan olan maraqlı məruzəyə görə mükafatının öz sahibini tapması oldu. Şirkətin rəhbəri, kinorejissor, sənətşünas Teymur Nəcəfzadə Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı, Azərbaycan Rəssamlar İttifaqının və MİRAS İctimai Birliiyinin üzvü Nuridə xanım Hüseynovanın “Milli geyimlərin öyrənilməsi, mühafizəsi və təbliği” mövzusunda təqdimatına görə pul mükafatına layiq görüldüyünü bildirdi və ona Şirkət tərəfindən təmənnasız olaraq milli geyimlərə həsr olunmuş internet səhifəsi yaradılması təklif edildi.
Sonda bütün YOCOCU iştirakçılarına, təşkilatçılara, könüllülərə və texniki heyətə sertifikatlar təqdim olundu, xatirə şəkilləri çəkildi. YOCOCU iştirakçılar arasında dostluq, səmimiyyət, igüzar ab-hava yaratmaqla başa çatdı və 2016-cı ildə Madriddə keçiriləcək V Beynəlxalq Simpozium üçün möhkəm zəmin yaratdı.

 

Oxunub : 3172