AZE ENG
Facebook
Twitter Google Myspace
Şəhidlər Muzeyində “Milli Qəhrəmanlarımız - qürur mənbələrimiz" adlı görüş
28-6-2014

MİRAS Mədəni İrsin Öyrənilmsinə Kömək İctimai Birliyi 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə 27 iyun 2014-cü il tarixində “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma" İctimai Birliyi tərəfindən yaradılmış Şəhidlər Muzeyində “Milli Qəhrəmanlarımız - qürur mənbələrimiz" adlı görüş keçirib.
Görüşdə Qarabağ qaziləri keçdikləri şərəfli döyüş yollarından bəhs edib, müharibə təəssüratlarını bölüşüblər. Həmin qanlı-qadalı illərin canlı şahidi olan, Qarabağ qazisi, ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak edən keçmiş döyüşçü Əlövsət Qasımov 1988-1996-cı illər ərzində Qarabağda gedən ağır döyüşlərdə erməni faşistlərinin xalqımızın başına gətirdiyi müsibətlərdən danışmışdır. Əlövsət Qasımov qanlı faciələri əks etdirən fotoşəkilləri, xatirələri, vətənpərvərlik fəaliyyətini göstərən sənədləri toplayıb. O, 1991-1992-ci illərdə bir neçə dəfə Naxçıvana gedərək Ümummili Lider Heydər Əliyevlə görüşərək, Ulu Öndərin dəyərli tövsiyələri və göstərişləri ilə müharibənin dəhsətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalasdırılmaması naminə real faktların gələcək nəsillərə çatdırılması üçün yorulmadan fəaliyyət göstərib.
Erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən edib. Onlardan 950 şəhidi ailələrinə göndərib. O, eləcə də erməni vəhşiləri tərəfindən tanınmaz hala salınan, başı kəsilən, min bir işgəncəyə məruz qalan şəhidlərimizin hər birinin fotoşəkilini çəkərək, erməni vandalizmini ifşa edən tarixi fotosalnamə yaradıb. Şəhidlər Muzeyinə baxış zamanı bu fotosərgiyə baxan MİRAS üzvləri müharibənin dəhşətlərini Əlövsət Qasımovun dilindən eşidiblər.
Tədbirdə daha sonra “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma" İctimai Birliyinin icraçı direktoru Leyla Məmmədrzayeva da görülən və görüləcək işlər barədə öz təəssüratlarını bölüşüb.
Sonda MİRAS Mədəni İrsin Öyrənilmsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Şəhidlər Muzeyinin şəraitinin adına uyğun olmadığından təəssüfləndiyini bildirib. Muzeyin kafe və çayxanaların ətrafında, zirzəmidə yerləşməsi problemi ilə yanaşı, nəmişliyin, rütubətin çoxsaylı fotomateriallara verdiyi zərər də göz qabağındadır. Belə bir muzeyin materiallarla zənginliyi və bələdçisinin hərtərəfli məlumatlılığı gələcəkdə muzeyin daha geniş sahədə və tərtibatlı ekspozisiyada fəaliyyət göstərməsini zəruri edir və bu aidiyyəti orqanların bilavasitə borcudur. Muzey üçün alternativ bina layihəsinin hazırlanması və səyyar sərgilərin təşkilində köməklik etməyə hazır olduqlarını qeyd edən Fariz Xəlilli Əlövsət Qasımova belə bir muzeyi yaratdığı üçün ir daha minnətdarlıq edib və ona MİRASın Dostu plaketi təqdim olunub.

Oxunub : 2895