AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS növbəti 5 ilə əla qiymətlə gedir
10-1-2015

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2015-ci il yanvarın 10-da yaranmasının beş illiyinə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə İctimai Birliyin İdarə Heyətinin üzvü, professor, tarix elmləri doktoru Qafar Cəbiyev açıb. MİRAS-ın beş ildə bir qeyri-hökümət təşkilatının edə biləcəyindən daha artığını etməyə nail olduğunu vurğulayan Qafar Cəbiyev onun Azərbaycan elminin inkişafında, tarixinin və arxeologiyasının öyrənilməsində əvəzsiz rolundan danışıb. Tədbirin cəmiyyət qarşısında bir hesabat xarakteri daşıdığını qeyd edib.
Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli MİRAS-ın fəaliyyətindən danışarkən 5 əsas məqamı vurğulamağa çalışıb. Qeyd edib ki, İctimai Birlik yarandığı vaxtdan bəri bir sıra uğurlu layihələr, o cümlədən Azərbaycanın mədəni həyatında, xüsusən də elm aləmində ciddi rezonans doğuran orta əsr Ağsu şəhərinin arxeoloji tədqiqi və konservasiyası layihəsini həyata keçirib. 2013-cü ildə Birlik Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ilk dəfə təsisi etdiyi “Mədəni irs” mükafatını alan birincilərdən olub. Yəni MİRAS-ın fəalyyəti ölkə rəhbərliyinin də diqqət mərkəzindədir. İctimai Birlik artıq Ağsu rayonunun Bəyimli kəndində arxeoloji qazıntılara başlayıb. Məhz bu qazıntıda da Qafqaz Albaniyası tarixinin maraqlı qatlarının aşkar olunması hədəflənib. MİRAS Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksini yaradıb. Ölkədə oxşarı olmayan bu kompleks elmin, mədəniyyətin, iqtisadiyyatın, turizmin inkişaf mərkəzinə çevrilməkdədir. İctimai Birlik Azərbaycanda bir sıra işlərin təməlini qoyub. Arxeoloji turizm anlayışını ölkəyə gətirib, tarix və mədəniyyət abidələrinə ictimai münasibəti diqqət mərkəzinə çəkib, kənd yerlərinin ekoloji və etnoqrafik identikliyinin qorunması hərəkatına başlayıb. Bütün bunlarla yanaşı, MİRAS bir sıra beynəlxalq tədbirlərin, elmi konfrans və simpoziumların iştirakçısı, tərəfdaşı və təşkilatçısı olub. Bununla da dünya elm ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edib, ölkəmizi daha geniş miqyasda tanıtmağa çalışıb. Fariz Xəlillinin çıxışı İctimai Birliyin 5 illik fəaliyyətini əks etdirən fotolar və filmlə müşaiyət olunub.
Daha sonra fəaliyyət göstərdiyi 5 il ərzində İctimai Birliyi daim dəstəkləyən 5 insana MİRAS mükafatı təqdim olunub. Bunlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov, Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor, tarix elmləri doktoru Qafar Cəbiyev və MİRASın İtaliyada təmsilçisi, professor Luigi Scrinzidir.
Yubiley tədbirində birliyin fəaliyyətini ən çox və hərtərəfli işıqlandıran 5 mətbuat nümayəndəsinə MİRASın dostu plaketi təqdim olunub.
Bundan başqa Birliyin fəaliyyətində əməyi olan əksər üzvlər xatirə hədiyyələri alıblar.
Tədbirdə AMEA-nın müxbir üzvü Vəli Əliyev, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov, "Az-Granata" Agsu Sirə və Sərab emalı zavodunun direktor müavini Vüqar Mikayılov çıxış edərək MİRAS İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər və kollektivi yubiley münasibətilə təbrik ediblər.
Eləcə də İctimai Birliyin beynəlxalq tərəfdaşlarından - İspaniyadan, İtaliyadan, Türkiyədən, Gürcüstandan gələn təbriklər səsləndirilib.
Tədbir MİRAS üzvlərinin ifasında müxtəlif xalqların rəqsləri və MİRAS musiqi qrupunun ifasında muğam parçaları ilə davam edib.  

Oxunub : 2862