AZE ENG
Facebook
Twitter Google Myspace
AMEA Albanşünaslıq Elmi Mərkəzinin bəyanatı
22-2-2022

 

AMEA-nın  Albanşünaslıq Elmi Mərkəzinin ermənilər tərəfindən Albaniyaya məxsus mədəni irs nümunələrinin davamlı olaraq məhv edilməsi, mənsubiyyətinin saxtakarlaşdırılaraq dəyişdirilməsi istiqamətindəki antibəşəri fəaliyyətinə dair bəyanatı

 

Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının adı tarixi mənbələrdə ilk dəfə eramızdan əvvəl IV əsrin sonlarından etibarən çəkilir. Bununla belə Azərbaycan ərazisində aparılmış çoxillik arxeoloji tədqiqatlar nəticəsində aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri bu dövlətin adı yazılı mənbələrdə çəkildiyindən daha öncə mövcud olduğunu deməyə əsas verir. Sərhədləri şimalda  Baş Qafqaz silsiləsi, qərbdə İberiya, cənubda Araz çayı, cənub-şərqdə Atropatena, şərqdə Xəzər dənizi ilə hüdudlanan Albaniya indiki   Azərbaycan Respublikasının əksər ərazisi ilə yanaşı, Dağıstanın cənub-şərq hissəsini, Şərqi Gürcüstanın İori-Alazan çayları vadilərini və tam olaraq indiki  Ermənistanın ərazisini əhatə edirdi.

1000 ildən çox bir müddət ərzində tarix səhnəsində olmuş Alban dövləti Cəsur Vardan və Cavanşirin hakimiyyəti illərində təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Yaxın Şərqin qüdrətli dövlətlərindən biri hesab edilib. Tarixi mənbələrdə qeyd olunduğu kimi Cəsur Vardanın hakimiyyəti dönəmində Albaniyada yüzlərlə şəhər və qalalar tikilib. Bizans imperatoru, Hindistan hökmdarları, Xəzər xaqanları, Gürcü çarları Alban hökmdarı Cavanşirlə dostluq və müttəfiqlik münasibətlərinə xüsusi önəm veriblər, ona qiymətli hədiyyələr göndəriblər. 

Tədqiqatlar göstərir ki, Albaniya dövlətinin mövcud olduğu bütün dövrlərdə ölkə əhalisi müxtəlif dini inanclara etiqad etmişlər. Eramızın I əsrindən etibarən burada xristianlığın təbliğinə başlanmış, IV əsrin I yarısında isə Alban hökmdarı Urnayrın dövründə xristian dini rəsmi din olaraq qəbul edilmiş və Albaniyada çoxlu sayda məbədlər tikilmişdir. 

Albaniya katolikoslarının iqamətgahları əvvəl Dərbənd-Qəbələ, VI əsrdən Bərdə, XIII əsrdən etibarən isə Gəncəsərdə yerləşirdi. Kambisena (VIII-XI əsrlər), Sünik (XI-XII), Alban-Xaçın knyazlıqları habelə, Qarabağın Alban məliklikləri XIX əsrin əvvəllərinədək alban xristian irisinin qanuni varisləri hesab ediliblər.  

1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə sülh müqavilələrinin imzalanmasından sonra ermənilərin Cənubi-Qafqaza-tarixi Azərbaycan ərazilərinə köçürülməsi alban irsinin davamlı olaraq məhvi və ya mənimsənilməsi ilə müşayiət olunmuşdur. Çar Rusiyasının köçürmə siyasətinin nəticəsi olaraq bu regionda süni şəkildə artan ermənilər üçün XIX əsrin birinci yarısında “Erməni vilayəti”, XX əsrdə isə erməni dövləti yaradılmışdır. 

Yaradılmış bu dövlətin guya dərin tarixi köklərə malik olmasının əsaslandırılması istiqamətində atılmış ilk addım Qafqaz Albaniyasında xristianlığın yayılmasından 1836-cı ilədək fəaliyyət göstərmiş Alban apostol kilsəsinin yeparxiyaya çevrilməsi oldu.  Çar Sinodunun 1836-cı il tarixli qərarı ilə Alban Apostol Kilsəsi ləğv edilməklə yeparxiyaya çevrilərək erməni kilsəsinə tabe edilmiş, bununla da rəsmi səviyyədə alban xristian irsinin erməniləşdirilməsi prosesinə start verilmişdir. Beləliklə də,  Qaraqoyunlu hökmdarı Cahan şahın 1441-ci ildə Cənubi Qafqazda fəaliyyətinə icazə vermiş olduğu Eçmədzin kilsəsinin yeparxiyasına çevrilmiş Alban Apostol kilsəsinə məxsus əmlak bütünlüklə ermənilərin nəzarətinə keçmişdir. O vaxtdan keçən 186 il ərzində ermənilər və onların havadarları tərəfindən alban-xristian irsinə  qarşı həyata keçirilməkdə olan barbar və anti-bəşəri  proses tarixi, arxeoloji, etnoqrafik, memarlıq və incəsənət müstəvisində bu gün də qabarıq şəkildə özünü göstərməkdədir.

 Sovet dönəmində ilk vaxtlar Qafqaz Albaniyasının xristian irsinin tədqiqinə demək olar ki, diqqət yetirilməmişdir. XX əsrin ikinci yarısında isə bu sahədə tədqiqatlar siyasi konyukturanın təsiri altında olmuş, mərkəzin qatı ermənipərəst elmi-ideoloji yanaşmasının nəticəsi olaraq Alban mədəni irsinin davamlı olaraq, həm də total şəkildə erməniləşdirilməsi  hallarına göz yumulmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə isə Qarabağ bölgəsi erməni işğalına məruz qalmış, oradakı, həmçinin Şərqi və Qərbi Zəngəzurdakı alban maddi-mədəni irsinin, abidələrinin daha qəddar şəkildə dağıdılması, saxtalaşdırılması və təhrif olunması baş vermişdir. Beləliklə, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmış ermənilər Kiçik Qafqaz silsiləsinin şərq ətəkləri və düzənliklərinin tarixdə heç zaman olmamış mifik “Böyük Ermənistanın” şərq hissəsinə aid olmasına dair çoxsaylı saxta kitab və xəritələr tərtib edərək dünya ictimaətini aldatmaqda davam etmişlər. 

Bir sözlə ermənilər artıq 200 ilə yaxındır ki, ən çirkin vasitə və üsullardan istifadə etməklə qədim Azərbaycan dövləti olan Albaniyaya aid xristian irsini yox etmək, yaxud da özününküləşdirmək istiqamətində davamlı olaraq fəaliyyətdədirlər. Erməni kilsəsi, erməni siyasi dairələri, diasporu və nəhayət elm, sənət adamları və ziyalıları hamılıqla bu yoldadır. Əfsuslar olsun ki, böyük ölçüdə xristian dünyası da haqqın, ədalətin və həqiqətin üzərinə daş basaraq açıq-aşkar erməni yalanlarına dəstək olmaqda, onu maliyyələşdirməkdə və təşviq etməkdədir.

30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı rəşadətli Azərbaycan ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində düşməndən təmizləndi. Orada biz hansı mənzərəni gördük? Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam və Şuşa viran edilmiş vəziyyətdə idi. Tarixi abidələr, şəhər və kəndlər, qəbiristanlıq və  müqəddəs yerlər yerlə yeksan edilmişdir. Bunu bütün dünya gördü. Amma özlərini görməməzliyə vuran, karam, koram deyərək susanlar da  oldu. 

30 illik işğal dövründə Qarabağdakı  İslam irsi dəyərlərini tam olaraq yox etmək və Alban irsinə aid hər şeyə sahiblənmək naminə ermənilər ən çirkin vasitə  və üsulları işə saldılar. Xudavəng, Gəncəsər, Amaras,  Ağoğlan alban məbədlərində və onların ətrafında həmin abidələrin dövrünü və mənsubiyyətini saxtalaşdırmağa xidmət edən qeyri-qanuni “arxeoloji tədqiqatlar” və  “bərpa-konservasiya” işləri apardılar. Bütün bunlar ermənilərin  1954-cü il Haaqa Konvensiyasının hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında tələblərinə  məhəl qoymayaraq törətmiş olduqları vandalizm aktlarının bariz göstəricisidir. Xatırladaq ki, 1954-cü il Haaqa Konvensiyasına görə hərbi münaqişələr zamanı dövlətlər öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini təmin etməyə borcludurlar. Hansı ki, bu tələblər 1972-ci ildə YUNESKO tərəfindən qəbul edilmiş "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya"sında da öz əksini tapmışdır.

Son günlər işğaldan azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı YUNESKO missiyasının gələcəyi gündəmdədir. Fevral ayının 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmaniol Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşiniyanın iştirakı ilə vidioformatda keçirilmiş görüşdə Azərbaycan və Ermənistana ayrı-ayrı missiyaların göndərilməsinə dair razılıq əldə edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin bu günlərdə yaydığı məlumatdan belə görünür ki, Ermənistan tərəfi yenə də öz üzərinə götürdüyü öhdəlikdən yayınmaq istəyir. YUNESKO-nun etirafına görə 30 illik işğal dönəmində Azərbaycan tərəfinin çağırışları əsasında Qarabağa missiya göndərilməsinə də sən demə elə  Ermənistan tərəfi mane olubmuş. Görünür, ermənilər gec də olsa istər Qarabağ, istərsə də tarixi Azərbaycan torpağı olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinə qarşı törətmiş olduqları vandalizm aktlarının fərqindədirlər.  

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bu məsələyə də münasibət bildirib: “Uzun illərdir YUNESKO-nu işğal olunmuş əraziləri ziyarət etməyə dəvət etməyə çalışırdıq. Ancaq cavab alırdıq ki, YUNESKO siyasi mübahisələr məsələsinə qarışmır. Belə də bütün işğal illərində YUNESKO missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi YUNESKO-dan bu ərazilərə səfər etməklə bağlı istəklər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə görə şadam”.

Torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində Azərbaycan tərəfi ermənilərin Qarabağın şəhər və kəndlərini xarabazara çevirdiyini, mədəni irs nümunələrinə münasibətdə sözün əsil mənasında soyqrım törətdiyini və regionda ekoloji tarazlığı ciddi surətdə pozmaqda olması barədə bütün beynəlxalq təşkilatları davamlı olaraq məlumatlandırmışdır. Beynəlxalq missiyaların və faktaraşdırıcı komissiyaların regiona gəlməsinə, vəziyyətin birbaşa yerindəcə araşdırılmasına dair davamlı olaraq çağırışlar edilib. Əfsuslar olsun ki, qarşı tərəfin bütün bunlara da yetərincə həssasiyyət göstərmədiyinin şahidi olduq. Amma nə qədər paradoksal səslənsə də 44 günlük müharibənin gedişi və ondan sonrakı dönəmdə ABŞ, Fransa və bəzi digər dövlətlərin rəsmləri, habelə tarixi-mədəni irsin keşiyində durmalı olan beynəlxalq təşkilatlar guya Qarabağ ərazisində xristian mədəni irsinin təhlükə altında olduğuna dair şüvən qoparmağa başladılar. 30 il ərzində ermənilər Qarabağı viran edərkən Azərbaycan tərəfinin həyəcan dolu çağırışlarına məhəl qoymayanlar nədən birdən-birə belə fəallaşıblar?! Bu, Qərb dünyasının hələ də ikili standartlarla nəfəs aldığının göstəricisi deyilmi?     

Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin YUNESKO missiyasının gəlişinə dair yanaşması bütövlükdə Azərbaycan xalqının rəy və iradəsini ifadə edir. Bəli, qoy gəlsinlər, öz gözləri ilə görsünlər, kimlərin hansı əməl sahibi olduğunu müəyyənləşdirsinlər. Erkən məskunlaşmanın 2.5 milyon illik tarixi olan Qarabağda Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin ermənilər tərəfindən vandalcasına məhv edildiyini onlar da görsünlər. Qəbələdə, Şəkidə, Qaxda, Zaqatalada, İsmayıllıda, Oğuzda, Balakəndə, Azərbaycanın digər rayon və şəhərlərində alban-xristian abidələrini necə qoruduğumuz, yaşatdığımız, təbliğ və təşviq etdiyimizə dair reallıqlarla tanış olsunlar. Bakının mərkəzindəki erməni kilsəsi də, ermənilərin Azərbaycana köçürülmüş olduğu 192 il ərzində saldıqları qəbiristanlar da hamısı öz yerində durmaqdadır. Bu, tolerantlıq nümunəsi deyilmi?! İndi gəlin, görək tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində vəziyyət necədir? Yüzilliklər ərzində orada mövcud olan, çoxsaylı tarixi mənbələrdə, kitablarda, xəritələrdə, ən başlıcası isə xalqın yaddaşında yer almış olan Azərbaycan xalqına məxsus mədəni irs nümunələrindən nişanə belə qalmayıb. Aborigen əhali olan azərbaycanlılar vəhşicəsinə oradan qovulub. Sual olunur YUNESKO-nun Ermənistana gəlməli olan missiyasına bütün bunlarla bağlı nə cavab verəcəklər?! Cavab yoxdur! Cavab vermək üçün əsas yoxdur! Ona görə də ermənilər belə bir missiyanın Ermənistana gəlməsinə hər vasitə ilə əngəl olmağa çalışırlar. Biz isə Albanşünaslıq Elmi Mərkəzi olaraq YUNESKO missiyasının həm Azərbaycana, həm də Ermənistana eyni vaxtda gəlməsində və onların hesabatlarının müqayisəli şəkildə təhlil olunaraq qiymətləndirilməsində israrlıyıq. 

İndiki halda Ermənistan tərəfinin niyyəti və istəyi dünya ictimaiyyətinin diqqətini ermənilərin Azərbaycan xalqına məxsus mədəni irs dəyərlərini davamlı olaraq, həm də fəal şəkildə dağıdılması, məhv edilməsi, tarixi həqiqətləri saxtalaşdırmaq yolu ilə onları özününküləşdirməsinə dair  cinayətlərindən yayındırmaqla Qarabağdakı Alban irsinin guya erməni irsi olduğunu əsaslandırmaqdır. Bu, 30 il ərzində Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan, 44 günlük müharibədə uduzan, beynəlxalq miqyasda işğalçı dövlət olaraq ifşa olunan Ermənistanın son cəhdi kimi dəyərləndirilə bilər. Amma ermənilər də, onların havadarları da bilməlidirlər ki, Qarabağ da, indiki Ermənistan ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. O yerlərdəki bütün tarixi-mədəni dəyərlər, o cümlədən alban xristian mədəni irs nümunələri də Azərbaycan xalqına məxsusdur.       

Biz yaxşı başa düşürük ki, Azərbaycan və Ermənistan arasında nə vaxtsa sülh müqaviləsi imzalanacaq. Bunun alternativi yoxdur. Amma bununla belə ermənilərin Qarabağda, Zəngəzurda, lap elə indiki Ermənistan ərazilərində xalqımıza məxsus tarixi-mədəni irsə münasibətdə antibəşəri hərəkətləri heç zaman unudulmayacaqdır. 

 

Qafar Cəbiyev, Azərbaycan Milli Elmlər Akademiyası Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor.

Natiq Alışov, Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələrinin və mənəvi irsinin tədqiqi sektorunun müdiri, t.ü.f. doktoru, dosent.

Taleh Əliyev, Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi sektorunun müdiri t.ü.f. doktoru, dosent.  

Elmira Abbasova, Mərkəzin böyük elmi işçisi, t.ü.f.doktoru.

İradə Nəcəfova, Mərkəzin aparıcı elmi işçisi, t.ü.f.doktoru, dosent

Ellada Bəkirova,  Mərkəzin aparıcı elmi işçisi, t.ü.f. doktoru  və başqaları

Oxunub : 1094