AZE ENG
Facebook
Twitter Google Myspace
İsmayıllının mədəni irsinin təbliğində bələdçilərin rolu
16-10-2018

13-14 oktyabr 2018-ci il tarixində İsmayıllı rayonunun Talıstan kəndində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin nəzdində tarix müəllimi Təranə Yusifovanın rəhbərliyi ilə yaradılan məktəblilərin Girdiman bələdçi klubunun “İsmayıllının mədəni irsinin təbliğində bələdçilərin rolu” mövzusunda iki günlük seminar keçirilmişdir.

Seminarda İsmayıllı şəhəri İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbin, İsmayıllı rayonu Lahıc qəsəbəsi və Qalacıq kənd tam orta məktəbinin, Bakı şəhəri Suraxanı rayonu Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin, Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin, 280 nömrəli tam orta məktəbin, 76 nömrəli tam orta məktəbin, Ağsu rayonu Kəndoba və Cəlayir kənd tam orta məktəbinin, Füzuli şəhəri 5 nömrəli tam orta məktəbin, Qubadlı rayonu Əliquluuşağı kənd tam orta məktəbinin, Salyan şəhəri Ə.Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri, Sumqayıt şəhər 1 saylı Uşaq və Gənclərin İnkişafı Mərkəzinin və "Qoy həmişə günəş olsun" yaradıcılıq qrupunun üzvləri, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin könüllüləri, Girdiman bələdçi klubunun üzvləri iştirak etmişlər.

Seminarı layihənin rəhbəri Təranə Yusifova açaraq layihə haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, bu seminar layihənin yekun tədbiridir. Əvvəlcə layihənin eksperti və könüllülər qrupu müəyyən edilib. Məktəbdə Girdiman bələdçi klubu yaradılıb, fəaliyyət göstərəcəyi otaq müəyyənləşdirilib, klubun loqosu hazırlanıb, rəsmi feysbuk səhifəsi yaradılıb. 30 iyun 2018-ci il tarixində İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə layihə iştirakçıları ilə ekspert, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin birgə görüşü keçirilib. Ekspertin iştirakı ilə Diyallı, Talıstan, Xanagah, Lahıc, Basqal, Mücü, Sulut, Mollaisaqlı kəndlərində yerli sakinlər, müəllimlər, valideynlər və məktəblilər arasında sorğular keçirilib, həmin kəndlərin tarixi və folkloru araşdırılıb. Hacı Məcid əfəndi məscidi, Cavanşir qalası, Qız qalası, Lahıc Tarix-diyarşünaslıq muzeyi, Basqal İpək mərkəzi, Fitdağ şəhəri, Haram qalası, Şirvanşah qalası, Mollaisaqlı antik və ilk orta əsr nekropolunda olan klub üzvləri hazırlanan kataloqda həmin abidələrin təqdim olunması üçün məlumat toplayıb, fotolar çəkiblər. “İsmayıllının mədəni irsi” kataloqu nəşr olunub, bu gün təqdim olunur. Girdiman bələdçi klubunun fondu yaradılıb, ekspert tərəfindən inventarlaşdırma mövzusunda seminar keçilib. Girdiman bələdçi klubu İsmayıllının maddi və mənəvi irsinin öyrənilməsi və təbliğinə digər rayon və şəhərlərin məktəblilərini də cəlb etmək məqsədi ilə fotoqrafiya, əl işləri, rəssamlıq, esse və videofilm üzrə müsabiqə elan edib. Müsabiqəyə təqdim olunan işlər seçilib, diplom və sertifikatlara layiq görülüb. Bu gün həmin məktəblilər təltif olunacaqlar.

Seminara uğurlar arzu edən ekspert Fariz Xəlilli bildirmişdir ki, Girdiman bələdçi klubunun əsas vəzifəsi məktəblilərin məktəblilərə bələdçilik etməsini təşkil etməkdir. Məqsəd yuxarı sinif şagirdlərini öz həmyaşıdlarına İsmayıllı tarixi və mədəniyyəti ilə bağlı bələdçiliyə alışdırmaqdır. Həm özləri öyrənsinlər, həm də həmyaşıdlarını öyrətsinlər. Layihənin yekun tədbirinin tədqiqat aparılan kəndlərdən birində - Talıstan kəndində Cavanşir qalasının ətəklərində keçirilməsini əlamətdar hadisə hesab edən ekspert məktəblilərin heç olmasa həftə sonları təbiət qoynunda dincəlmələrini və eyni zamanda mədəni irsimizlə bağlı yeni məlumatları əldə etmələrini mütəmadi təşkil etməyin vacibliyini vurğulamışdır.

Limak Travel turizm şirkətinin tur-meneceri, bələdçilik üzrə təlimçi Aidə Məlikova peşəkar bələdçilik haqqında məlumat verib. O, bildirib ki, bələdçinin əsas vəzifəsi abidələr, ənənələr haqqında məlumat vermək, yaranan sualları dolğun cavablandıra bilməkdir. Bələdçi müxtəlif dilləri bilməli, problemlərə qarşı səbirli davranmalıdır. İsmayıllının mədəni irsinin zənginliyinə diqqət çəkən Aidə Məlikova rayonun Azərbaycanın turizm sənayesində tutduğu yeri göstərməklə bələdçilərin rolundan danışmışdır. Məktəbli bələdçilərə bələdçiliklə bağlı tapşırıqlar verilmişdir. 

Vikipediya üzrə təlimçilər Tərxan Paşazadə və Şəfa Mövsümov vikiçiləri müasir dövrdə “virtual bələdçilər” adlandırmışlar. Tərxan Paşazadə təqdimatla çıxış edərək vikipediyanın meydana gəlməsi, virtual ensiklopediya kimi günbəgün genişləndiyini, könüllü vikiçilik fəaliyyətində yeniyetmələrin rolunu qeyd etmişdir. Vikipediyaya daxil edilən hər doğru məlumat Azərbaycan haqqında informasiyanın artması deməkdir. Texnologiyaya bələd olan və internet istifadə edə bilən yeniyetmələrin, məktəblilərin boş vaxtında araşdırma apararaq İsmayıllı haqqında mədəni irs və turizm bilgilərini yerləşdirməsi üçün vikipediya faydalı resursdur. Vikiçiliklə yanaşı, eyni zamanda yutuber də olan Tərxan Paşazadə yutub fəaliyyəti barədə məktəblilərə məlumat vermiş, məktəblilər üçün faydalı ola biləcək yutub videolarını onlara tövsiyə etmişdir.

Bakı şəhəri Suraxanı rayonu Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin “İstedadlar dərnəyi”nin rəhbəri, təsviri-incəsənət və texnologiya müəllimi Məhsəti Cəfərova təqdimat etdi və dekorativ-tətbiqi sənət növündə muncuqlar vasitəsilə nəbati naxışlar, gül-çiçək ornamentləri düzəltməyi məktəblilərə öyrətdi. Hazır işlər çərçivəyə yığıldı.

Sənətşünas Günel Əliyeva dekorativ-tətbiqi sənət mövzusunda təlim keçmişdir. Balıqqulağı, quş lələkləri, şam qozalarından ibarət əl işlərini praktik olaraq məktəblilərlə hazırlamışdır.

Məktəblilər müsabiqəyə təqdim etdikləri rəsm və əl işlərini sərgilədilər. Onların hazırladığı videoçarxlar izlənildi. Esselər onların öz oxusunda təqdim olundu. Məktəbli bələdçilər tapşırığa əsasən qrup şəklində hazırladıqları bələdçilik mətnlərini oxudular. Məktəblilərdən Duyğu İsmayılova, Mehdi Həsənli, Təhminə Məmmədli və Fəridə Hüseynova öz rəsm əsərlərini Girdiman bələdçi klubuna hədiyyə etdilər.

Məktəblilərə diplom və sertifikatlar təqdim olundu. Onlara yeni nəşr olunmuş “İsmayıllının mədəni irsi” kataloqu hədiyyə edildi. Talıstan kəndində məktəblilərlə xatirə fotosu çəkildi.

Oxunub : 3459