AZE ENG
Facebook
Twitter Google Myspace
Gənclərin I Beynəlxalq Mədəni İrs Və Turizm Forumu Bəyannamə
6-2-2015

1-2 fevral 2015-ci il tarixində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Araşdır, qoru və təbliğ et!” devizi altında keçirilən Gənclərin Beynəlxalq Mədəni İrs və Turizm Forumunda müxtəlif ölkələrdən yaşı 40-dək olan gənclər iştirak edib.
Forumun məqsədi gəncləri bir araya gətirərək, ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.
İştirakçılar gələcəkdə də Forumun davam etdirilməsi və reallığı əks etdirən mövcud durumu, eləcə də qoyulan problemləri əhatə edən bu bəyannaməni yekdilliklə qəbul edib.
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında gənclər forumlarının təşkili və keçirilməsinə xüsusi diqqət yetirilməsi Mədəni İrs və Turizm Forumunun gələcək 10 ildə önəmini bir daha göstərməkdədir.
Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Norveç, Tacikistan, İtaliya, Misir, İspaniya dövlətlərinin Forumda təmsil olunan gənc alim və mütəxəssisləri mədəni irs və turizm mövzusunda qlobal, interdisiplinar və milli məqamları, o cümlədən problem və perspektivləri müzakirə etmişlər.
İki gün davam edən Forumda Sibirin mədəni irsinin qorunması və təbliğində cari meyllər, Azərbaycan folklorşünaslığının 1900-1930-cu illərdə keçdiyi yol, Tacikistanın tarixi-mədəni irsi, Gürcüstanın mədəni irs resursları, Norveç təbiətində mədəniyyət izləri, Muzeylərin mədəniyyətlərarası dialoqun obyekti kimi mövcud təcrübələr, Topqapı Sarayı Muzeyində mədəni irs sərvətlərinin qorunmasında önləyici üsullar, gənc konservasiya alimləri və mədəni irs sahəsində Kalabriya Universitetinin İtaliya təcrübəsi, misirlilər və onların xalq mahnıları, İranda yerli memarlığın qorunması və tarixi binaların bərpası və hər ev bir otel təcrübəsi, dörd ölkəni (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) əhatə edən Ümumi Mədəni irs şəhərləri arxeoloji turizm layihəsinin ortaya qoyduğu beynəlxalq marşurut, İspaniyada mədəni irs və icmanın idarə olunması, Azərbaycan mədəni irsinin ali təhsil alan xarici tələbələrə tanıdılması təcrübəsi, yerli turizm bələdçilərinin mədəniyyət və tarixin təbliğatçısı kimi, Şimali Kiprdə tələbə turizmi, turizm potensialı olan regionlarımızda kənd turizminin inkişafi, Gürcüstanda inkluziv turizm bələdçiləri üçün təlim kursları mövzuları geniş müzakirə olunmuşdur.
Müxtəlif ölkə və xalqların nümayəndələri ilə mədəniyyətlərarası əlaqələrin inkişafına təkan verəcək dostluq münasibətlərini qurmaq, gənclər arasında inteqrasiyanın gücləndirilməsinə təkan vermək, mövcud əməkdaşlığı daha da inkişaf etdirmək, yuxarıda qeyd olunan işlərin gənclər tərəfindən yüksək səviyyədə həyata keçirilməsi üçün iş prinsipi və fəaliyyət istiqamətinə dair təlim kurslarını keçirmək, işləmək bacarığının öyrədilməsini təmin etmək, Forumda səslənən ideyaları sxem şəklinə salmaq və daha da inkişaf etdirərək layihələşdirmək nəzərdə tutulur.
Forumda işirak edən ölkələrin gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrini gələcəkdə daha da möhkəmləndirmək və qarşıda duran digər aktual problemləri müzakirə etmək məqsədilə 2016-cı ildə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumunu reallaşdırmaq qərarlaşdırılır. 

Oxunub : 4213