AZE ENG
Facebook
Twitter Google Myspace
Kənd həyat tərzinin inkişafında qadınların rolu
5-9-2016

 29 avqust-3 sentyabr tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlər keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin eksperti Prof.Dr. Kübra Əliyeva, təlimçiləri Gülşən Hüseynova və Aidə Məlikova, koordinatoru Rəfael Cəlilovdur. Layihənin işində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri könüllü kimi yaxından iştirak ediblər.

Təlimlər Gəgəli kəndindəki Həkim Fazil Cəlilov mədəniyyət evi, Bico kənd tam orta məktəbi və Qəşəd kənd tam orta məktəbində keçirilib. Təlimlərdə bələdiyyə üzvləri, müəllim, evdar qadınlar, xüsusilə xalça və palaz toxumaq bacarıqları olan qadınlar iştirak ediblər. 
Təlim proqramına uyğun olaraq əvvəlcə layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihənin gedişatı haqqında məlumat verib. O bildirib ki, layihənin araşdırma mərhələsində hər üç kənddə 100 qadın arasında sorğu keçirilib, evlərdə qorunub saxlanan xalça və palaz məmulatı haqqında qeydlər aparılıb və fotoları çəkilib. Respondentlər onlara ünvanlanan sualları özünəməxsus şəkildə cavablandırıblar. 
Professor Kübra Əliyeva xalq sənətkarlığının yenidən dirçəldilməsi və inkişaf etdirilməsində kənd qadınlarının rolunu qeyd edib, onları toxuma və tikmə işlərinə başlamağa çağırıb. Sərgi və yarmarkalara çıxarılan işlərin gələcəkdə kütləvi istehsala təkan verəcəyini bildirib. Ekoloq-ekspert Gülşən Hüseynova mədəniyyət məhsulu istehsalının menecment və marketinqi mövzusunda məruzə edərək, xalça məmulatları, müxtəlif orijinal qablaşdırma məmulatları, xalça elementlərindən istifadə etməklə geyim aksessuarlarının hazırlanması və s. sənət sahələrinin kənd sakinlərinə gəlir gətirəcəyini qeyd edib. Turizm üzrə ekspert Aidə Məlikova kənd qadınlarının kənd turizminə töhfəsindən danışıb, onların toxuduğu və tikdiyi məhsulların turistlərə Azərbaycan xalqının zəngin sənətkarlığını göstərmək baxımından önəmli olduğunu qeyd edib. Gənc hüquqşünas Xəyal Əsədzadə qadın hüquqları və onların kənd həyatında rolu haqqında danışıb, o qızların oxuması, erkən nikah, dövlət və ictimai işlərdə qadınların fəal iştirakına diqqəti cəlb edib. Elmira Abasovanın məruzəsində kustar əl əməyinin mənəvi-estetik mədəniyyətin formalaşmasına təsirindən danışılıb.
Gəgəli kəndində qurama ustası Sabirə Qarayevanın işlərindən ibarət sərgi nümayiş olunub. Öz əl işlərini təqdim edən Sabirə Qarayeva onların hazırlanması texnikası barədə kənd qadınlarına məlumat verib. Bico və Qəşəd kəndlərində professor Kübra Əliyeva bəzi təbii boyama üsullarını göstərib. Yun və pambıq ipliklər nümunə üçün nar və soğan qabığı, boyaqotu kökü ilə boyanıb.  
Fariz Xəlilli Azərbaycanda yeni proqramın – özünü məşğulluq proqramının həyata keçirilməsi, bu məqsədlə bütün ölkəni əhatə edən təlimlərin başlandığını qeyd edib. Kənd sakinlərini fəal olmağa, özünü məşğulluq proqramından yararlanmağa və ailə bizneslərini qurmağa çağırıb. Oktyabrın 23-də Ağsuda Xalça və palaz məhsulları yarmarkası keçirməyi planlaşdırdıqlarını və bütün sənətkarları orada aktiv iştirak etməyə səsləyib.
Layihənin məqsədi Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək verməkdir. Layihə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində müxtəlif yaş kateqoriyaları və ictimai durumuna malik olan qadınların ev sənətkarlığı haqqında bilik və təcrübəsinin araşdırılması, həm yerli palaz və xalça toxuma, həm də Şirvan xalça məktəbinə xas olan çeşnilərin özünəməxsusluğunun öyrənilməsi, sahibkarlığın, turizm potensialının inkişafının tədqiqinə yönəlib.
 
Oxunub : 4013