AZE ENG
Facebook
Twitter Google Myspace
V Ohrid Vodiçi 2017 konfransı
24-1-2017

17-20 yanvar 2017-ci il tarixində Makedoniya Respublikasının Ohrid şəhərində  “V Beynəlxalq Mədəni İrs, İqtisadiyyat, Turizm və Media” adlı beynəlxalq elmi-praktiki konfrans baş tutmuşdur.

Konfrans Makedoniyanın Sosial-Mədəni Antropologiya İnstitutu, Evro-Balkan Universiteti (Skopye), Türkiyənin Səlcuq Universitetinin Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi və Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Tədbirdə Avropanın 14 ölkəsindən (Azərbaycan, Türkiyə, Makedoniya, Albaniya, Rusiya, Litva, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Belarus, Polşa və s.) 70-ə qədər alim və tədqiqatçı məruzələrlə çıxış etmişdir.

Konfransda mədəni irs obyektləri və onların media vasitəsilə qorunması, təbliği, turizm məqsədləri üçün istifadəsi, mədəni irsin turizm məhsulu kimi rəqəmsallaşdırılması, sosial şəbəkələrdə təbliği, 3D modelləşdirilməsi, həmçinin, turizm məhsulu kimi mədəni irsdə reproduksiya texnikaları və sürət prototipi, folklor, etnomusiqişünaslıq, media və turizmin qiymətləndirilməsi və s. mövzularda məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun baş məsləhətçisi Şahin Şahbazov “Qobustan Qayaüstü İncəsənəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımov "1920-1930-cu illərdə Azərbaycan mətbuatı", Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Kənd həyat tərzinin inkişafında qadınların rolu", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Könül Əsədli "Azərbaycan etnoqrafiyasının bəzi məsələləri (Şirvan materialları əsasında)", AMEA Folklor İnstitutunun doktorantı Reyhan Dadaşova (Azərbaycan dastanlarının onomastik-semantik xüsusiyyətləri) mövzusunda məruzə ediblər.

Konfrans çərçivəsində Robevçilərin Ev muzeyində qonaq ölkə kimi Türkiyə Respublikasının “Türk mədəniyyəti və incəsənəti” sərgisinin açılışı mərasimi olmuşdur. Sərgidə Türkiyənin müxtəlif universitetlərindən rəssam və sənətkarların rəsm, heykəl, tətbiqi sənətkarlıq, müasir incəsənət nümunələri nümayiş olunmuşdur. Konfransın Təşkilat Komitəsinin sədri, Prof. Rubin Zemon qeyd etmişdir ki, indiyə qədər konfrans çərçivəsində Misir, Belorusiya ilə yanaşı Azərbaycanın da “Azərbaycanın arxeoloji inciləri” mövzusunda fotosərgisi olmuşdur. Həmin sərgilərdə əsərlər konfrans boyunca 3 gün ərzində ohridlilərə və qonaqlara nümayiş olunmuşdur. Sərginin təşkilatçısı Ahmet Aytaç Makedoniyada türk izlərinin çox olduğunu, türklərin yaşadığını qeyd edib, “Türk mədəniyyəti və incəsənəti” sərgisinə hamını baxmağa dəvət etmişdir.

Tədbir çərçivəsində qonaqlar YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş Ohrid şəhəri və onun tarix-mədəniyyət abidələri, Ohrid gölündə həyata keçirilən Epifaniya mərasimi ilə yaxından tanış olmuşlar.

Oxunub : 3207