AZE ENG
Facebook
Twitter Google Myspace
Tarixi Yerlər və Abidələr III Beynəlxalq Ağsu Simpoziumu
20-10-2021

Oktyabrın 15-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Tədqiqat İnstitutu, İtaliya YOCOCU Assosiasiyası və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Prof.Dr. Kamil İbrahimovun əziz xatirəsinə həsr olunan “Tarixi Yerlər və Abidələr III Beynəlxalq Ağsu Simpoziumu” öz işinə başlayıb. 

Simpoziumun açılış mərasimində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qoruqlarla İş üzrə sektor müdiri Mahir Qəhrəmanov, Ağsu rayonu İcra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Mirzəliyeva, Ağsu arxeoloji ekspedisiyasının rəisi Prof.Dr. Qafar Cəbiyev, Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri Prof.Dr. Şikar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Ağsu Heydər Əliyev Mərkəzi, “Atəşgah Məbədi” Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və digər elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak ediblər. İştirakçılar əvvəlcə Ağsu şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirə-abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. 

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərimizin və Prof.Dr. Kamil İbrahimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Dr. Fariz Xəlilli açaraq, simpozium haqqında qısa məlumat verib. O, qoruğun Ağsu elm və təhsil təşkilatlarına inteqrasiya etmək və təhsil fəaliyyətlərində yaxından iştirak etmək istədiklərini bildirib. Ağsu rayon Tədris Mərkəzinin direktoru Güvənc Mirzəxanov simpozium iştirakçılarını salamlayıb, mərkəzin yaradılmasından, əsas məqsədlərindən bəhs edib. "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Ağsunun həm yerli, həm də beynəlxalq aləmdə tanıdılmasındakı rolunu xüsusi vurğulayıb. Simpozium iştirakçıları mərhum tarixçi alim Prof.Dr. Kamil İbrahimovun həyat və fəaliyyətindən bəhs edən filmi izləyiblər. Tədbirdə alimin həyat yoldaşı İlhamə İbrahimova çıxış edib və simpoziumun  təşkilatçılarına təşəkkür edib.

Ağsu rayonu İcra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Mirzəliyeva Ağsunun zəngin tarixi yerləri və abidələrinin araşdırılmasının son illərin mühüm hadisəsi olduğunu, Prezident İlham Əliyev tərəfindən "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə öz qiymətini aldığını bildirib. Bu gün orada Ağsunun çox sayda ziyalılarının işlədiyini, Orta əsr Ağsu şəhəri, Şıxməzid xanəgahı və Şeyx Dursun türbəsi kimi abidələrin timsalında abidələrin qorunduğunu, onların arxeoloji, epiqrafik, etnoqrafik baxımdan araşdırıldığını, sənədləşdirilməsini təşkil edildiyini qeyd edib. Ağsunun YUNESKO-nun İpək Yolu şəhərləri siyahısına salınması üçün aparılan işlərin təqdirəlayiq olduğunu, bu, tarixi şəhərin ümumdünya irsi baxımından əhəmiyyətini göstərdiyini vurğulayıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qoruqlarla iş üzrə sektorunun müdiri Mahir Qəhrəmanov çıxışı zamanı "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun araşdırmalarını daha geniş aspektdə aparmasını, həm turist və ziyarətçilərin cəlb olunması üçün digər xidmət sahələrinin yaradılması istiqamətində işlərini davam etdirməsini arzu etdiyini bildirib. O, indiyə qədər Ağsuda Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kərpic memarlığı” respublika konfransı, “Avrasiya Arxeologiyası” beynəlxalq konfransı, “Mədəni İrsin Konservasiyasında Gənclər” beynəlxalq konfransı, konservasiya üzrə praktiki kurslar, Şeyx Dursun türbəsində İtaliya bərpaçıları ilə konservasiya təlimi kimi maraqlı tədbirlərin həyata keçirildiyini qeyd edib. Belə elmi tədbirlərin turist ziyarətlərinin yerli və beynəlxalq səviyyədə təmin olunmasında böyük rol oynadığını vurğulayıb. 

Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev əvvəlcə Kamil İbrahimov haqqinda xatirələrini bölüşüb. Sonra Ağsu arxeoloji ekspedisiyasının apardığı qazıntı işlərindən bəhs edib. O, Qarabağ tarixinin azərbaycanlı alimlər tərəfindən araşdırılması və erməni saxtakarlıqlarına qarşı cavab arayışlarından bəhs edib. 

Tədbirdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin ictimailəşdirdiyi və aidiyyatı təşkilatların nəzərinə çatdırdığı “Tarixi İpək yolunun dirçəldilməsi” layihəsi haqqında məlumat verilib. Qədim və orta əsrlər dövrlərində Şamaxı və Ağsu arasındakı  Ortabulaq yolu məhz həmin tarixi İpək yoludur. Bu yol arxeoloji, etnoqrafik və aqro turizmi baxımdan mühüm əhəmiyyət kəsb edir. Ətrafında Qazan arxı, Pir Bəxtiyar türbəsi, Cavanşir yaşayış yeri, Şeyx Dursun türbəsi, Kələxana türbələri, Nərgizava nekropolu kimi abidələr yerləşən bu tarixi yol Ağsu dolayları yolundan 15 km qısa və təhlükəsizdir.

Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun fəaliyyətini yüksək qiymətləndirib, adı çəkilən tarixi İpək yolu layihəsinin əhəmiyyətindən bəhs edib. Ağsu Tədris Mərkəzi və "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun kitabxanasına kitablar hədiyyə edib. 

Simpozium işini 3 gün ərzində, 4 bölmə şəklində MİRAS İctimai Birliyinin Youtube, Ağsu Qoruğunun Facebook və Twitter hesablarında canlı yayım formasında davam etdirəcək. Simpoziumda Azərbaycan, Türkiyə, Rusiya, İran, Makedoniya, İtaliya və Albaniyadan olan alimlərin məruzə və posterləri təqdim olunur.

Oxunub : 2166