AZE ENG
Facebook
Twitter Google Myspace
Quzuçuyam, quzu məndə layihəsi
24-10-2017

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Quzuçuyam, quzu məndə: Məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması” layihəsinə başlanılmışdır.

Layihənin əsas məqsədi  Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində Tərəkəmə folkloru qrupunu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək məktəbdə təşkil olunmuş tarix otağına  kənd ərazisindəki Nərgizava nekropolundan təsadüfən aşkar olunmuş arxeoloji, eləcə də etnoqrafik materialları toplamaq, etnoqrafik sorğular keçirmək, Gəgəli kəndinin folklorunu araşdırmaq, məktəblilərə qədim tariximizi və folklorumuzu sevdirmək, kənddə Tərəkəmə Çərşənbəsi folklor festivalının keçirilməsinə dəstək olmaq, məktəblilərin folklor oyun və tamaşalarını hazırlamaq, digər kənd, rayon və Bakı şəhərindəki aktiv məktəblilərinin 16 dekabr Tərəkəmələrin yurd görüşündə iştirakına nail olmaqdır. 

Layihə çərçivəsində məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək tarix kabinetinə təsadüfən aşkar olunmuş arxeoloji, eləcə də etnoqrafik materialların toplanması, tarix otağında arxeoloji və etnoqrafik materialların sənədləşdirilməsi və sərgilənməsi, etnoqrafik sorğular keçirməklə kəndin folklorunun araşdırılması, şagirdlər arasında folklorla bağlı məqalə, esse, rəsm və foto üzrə Respublika müsabiqəsinin elan olunması, məktəblilərin folklor oyun və tamaşalarının hazırlanması, müsabiqədə fərqlənən digər kənd, rayon və Bakı şəhərindəki aktiv məktəblilərin 16 dekabr Tərəkəmələrin yurd görüşündə iştirakının təmin edilməsi nəzərdə tutulur. Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun hazırladığı kataloq və tanıtım flayeri nəşr olunacaq.

Layihənin rəhbəri Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbin direktoru Sabit Abdullayevdir. Layihənin eksperti Gəgəli kənd sakini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.

16 oktyabr 2017-ci il tarixdə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbində layihənin iştirakçıları və könüllüləri Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun təsis toplantısını keçirmişlər. Layihənin rəhbəri Sabit Abdullayev layihənin hazırlıq işlərinin başa çatdırıldığını və könüllü əsaslarla qrup üzvlərinin müəyyən edildiyini bildirmişdir. Qrup üzvləri etnofiloloji sorğu anketləri əsasında kəndin yaşlı sakinləri və ziyalılar, eləcə də hal-hazırda tərəkəmə həyat tərzi keçirən şəxslər arasında sorğu keçirəcək, sorğu əsasında layihənin eksperti təklif və tövsiyələr hazırlayacaq. Artıq kənd sakinlərindən həm təsadüfən aşkar olunmuş arxeoloji materiallar, həm də etnoqrafik əşyalar daxil olmağa başlamışdır. Məktəbdə həmin tarixi əşyaların saxlanması və sərgilənməsi üçün tarix otağı ayrılmışdır.

Layihənin eksperti Fariz Xəlilli Gəgəli kəndinin tarixindən, arxiv materiallarından, kənddə yerləşən Nərgizava antik və ilk orta əsr abidəsinin zənginliyindən bəhs edib. Gəgəli kənd sakinlərinin tarixən tərəkəmə həyat tərzi keçirdiyini bildirən Fariz Xəlilli obanın Çingiz xanın ordusunda ikinci vəzifə sayılan və süvari təşkilatına rəhbərlik edən Axtaçı türklərinin Azərbaycanda məskunlaşması ilə yarandığını qeyd edib. Kənddə indiyə qədər iki layihəni – “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” və "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihələrini həyata keçirdiyini bildirib. 2015-2016-cı illərdə kənddə keçirilən Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalının kənddə mədəniyyət və turizmin inkişafına, məktəblilərin bilik və bacarıqlarının, dünyagörüşünün artmasına köməklik göstərsə də festivalın yarımçıq qaldığını vurğulayıb. Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbində yaradılan Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun nəinki layihə müddətində fəaliyyət göstərəcəyinə, davamlı olacağına, layihədən sonra da araşdırma və təbliğatla məşğul olacağına inandığını qeyd edib.

Məktəbin müəllimləri Musa Musayev, Rasim Mirzəyev, Hədiyyə Cəbrayılova, Niyaməddin Qanbayev, Aysel Qənbərova, Cəsarət Kərimov, Zaman Rəhimov layihə ilə bağlı fikirlərini bölüşüblər, qrupun yaradılmasının məktəbin fəaliyyətində mühüm hadisə olduğunu qeyd ediblər.

Oxunub : 2158