AZE ENG
Facebook
Twitter Google Myspace
Qənirə Paşayeva Pir Ömər Sultan ziyarətgahında tədqiqat aparmış ekspedisiyanın uğurlu işindən yazdı
23-7-2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Şamaxının Avaxıl kəndi ərazisindəki Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi və xüsusi layihəsi əsasında aparılan tədqiqatları uğurla başa çatdırıb. Prof.dr.Qafar Cəbiyevin başçılıq etdiyi ekspedisiyanın tədqiqatları nəticəsində Azərbaycan sufilik məktəbinin ən önəmli qollarından birini təşkil edən xəlvətiliyin yaradıcısı Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək, öyrənilib.

Tədqiqat zamanı türbə içərisi və çevrəsində xəlvətiliyə, onun yaradıcısı Pir Ömərə aid, elmi cəhətdən çox böyük önəm daşıyan artefaktlar üzə çıxarılıb. Tapıntılar içərisində bilavasitə Pir Ömərə aid qəbir və türbə kitabəsi özəlliklə diqqətçəkicidir. Türbə kitabəsindən bəlli olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında vəfat edib.
Kitabədə Pir Ömərin xəlvətiliyin yaradıcısı, təriqət sahiblərinin əzizi olduğu, həmçinin ona “şeyx”, “zahid”, “abid” kimi epitetlərlə xitab olunduğu qeyd edilib.
Sadə süls xətti ilə yazılmış ərəbdilli kitabədə Azərbaycan türkcəsində olan ifadələr (də) yer alıb. Türbənin çevrəsindən daha bir neçə kitabə üzə çıxarılıb; həmin kitabələrdən biri Sultan Bayəzidin nəslindən olan Şeyx Cəlilə, digəri Şeyx Cəlilin oğlu Allahvermişə aiddir. Tarixi qaynaqlardan bəlli olduğu kimi, Sultan Bayəzid Pir Ömərin xəlifələrindən biri olan Bəyazid Piranidir. Onun nəslindən olan Şeyx Cəlil isə xəlvətiliyin XVIII yüzilliyin sonu - XIX yüzilliyin əvvəllərində yaşamış davamçılarındandır. Bu isə XIV yüzilliyin ortalarında təşəkkül tapan Avaxıl xəlvətilik sufi xanəgahının XIX yüzilliyin əvvəlinədək ardıcıl fəaliyyət göstərdiyini sübut edir.
İlkin olaraq Avaxılda təşəkkül tapan, Şirvanda və bütün Azərbaycanda formalaşma mərhələsi keçən xəlvətilik bir sufi təlimi olmaq etibarı ilə daha sonra, ən azı üç qitə boyu (Avropa, Asiya və Afrikanın hüdudları daxilində) geniş yayılıb. Orta çağ Azərbaycan multikultural dəyərlərinin, mədəni irsinin parlaq örnəyi olaraq, təşəkkül və formalaşma dönəmində Şirvanşahlar dövləti tərəfindən dəstək alan xəlvətiliyin, daha sonra Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, Misir Məmlükləri kimi dövrün böyük dövlətləri də himayə edib. Göründüyü kimi, xəlvətilik sufi təlimi geniş bir coğrafi arealı əhatə edir və onun çoxminli tərəfdarları bu gün də qalmaqdadır.
Burada bir məqama diqqət çəkmək istərdim. Bugün qardaş Türkiyədə (dünyanın bir çox başqa ölkəsində) inanc turizmi yüksək mənəvi və maddi qazanc qaynağıdır. Qardaş ölkədə turistlərin ən çox ziyarət etdiyi ilk iki abidədən biri Mövlanə Cəlaləddin Ruminin Külliyyəsidir. Təəssüf ki, bizim bir çoxumuz hələ də Pir Ömər və Seyid Yəhya Şirvani (Seyid Yəhya ibn əs-Seyid Bəha əd-Din əş-Şirvani əş-Şamaxi əl-Bakuvi) kimi böyük irfan sahiblərinin qardaş ölkədən dünyaya, insana, insanlığa səslənmiş (və səslənməkdə olan!) Mövlanəyə və Hacı Bektaş Vəliyə bərabər sevənləri olduğunun fərqində deyilik. Vurğulamalıyıq ki, Pir Ömər və Seyid Yəhya Şirvaninin müəyyən etdiyi zikrlər, virdlər bu gün bütün xəlvəti dərgahlarında oxunur…
Əlbəttə, bu yazıda mənim məqsədim ekspedisiyanın üzə çıxardıqlarını bir-bir sadalamaq və onun elmi dəyərini sübut etmək deyil; nüfuzlu ekspedisiyanın işinin nəticəsi zatən ortadadır və yetərincə tirajlanıb. Fürsətdən istifadə edib, ekspedisiyanın bütün üzvlərinə, Pir Ömər Sultan ziyarətgahında tədqiqat aparmış hər kəsə könül dolusu təşəkkür edirəm!
Mənim diqqət yetirmək istədiyim iki əsas məqam var.
Birincisi, cənab Prezidentin Azərbaycan tarixinin dərindən öyrənilməsinə, arxeloji tədqiqatlara xüsusi diqqət və qayğı ilə yanaşması, bunun nəticəsində neçə-neçə tapıntıların, qədim yaşayış məskənlərinin üzə çıxarılması, tarixşünaslığımıza, mədəniyyətşünaslığımıza yeniliklər qazandırılması deyilməlidir.
Məhz bu diqqət və qayğının nəticəsində, ayrı-ayrı vətəndaşlar, tanınmış ziyalılar, mütəxəssislər də ilhamlanaraq, onlara ata-babadan məlum olan yaxud özlərinin müəyyənləşdirdiyi ünvanlara, abidələrə diqqət cəlb etdi, ümid, inam dolu çağırışlarda bulundu. Çox şadam ki, hələ 2013-cü ildə mən də, ziyalıların müraciəti əsasında, məhz Pir Ömər Sultan ziyarətgahı haqqında “Çağrı və ümid” adlı yazı ilə KİV-də çıxış etmişdim. Ziyarətgah haqqında tanınmış yeni nəsil alimlərimizdən Fariz Xəlillinin, digər mütəxəssilərin, mövzuya vaqif olanların da həyəcan dolu çıxışları olmuşdu və bu həyəcanlar, ümid və çağırışlar hamısı, dövlətimizin, şəxsən dövlət başçımıza və onun ən yaxın silahdaşı, hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısına inamla süslənməkdəydi.
İkincisi, bu vacib işin məhz Heydər Əliyev Fondu tərəfindən himayəyə götürülməsini fərqləndirmək, vurğulamaq istərdim. Yarandığı gündən adına və rəhbərinin adına yaraşan şəkildə xarüqələr yaradan Fondun, Azərbaycan tarixinə, elm və mədəniyyətimizə, mədəni irsə, ümumən dogma Vətənimizə qazandırdıqları artıq müzakirə yox, məhəbbət və mahiyyət mövzusudur.
(Heç təsadüfi deyil ki, məhz Mehriban xanımın təşəbbüsü və ciddi səyləri nəticəsində, xəlvətilik sufi təliminin görkəmli nümayəndəsi Seyid Yəhya Şirvaninin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında, UNESCO-nun Baş Konfransının 2013-cü ildə keçirilən 36-cı sessiyasında qərar qəbul edilib.)
Ölkəmizin Birinci vitse-prezidentinin titanik səylərini bir cümləyə sığdırası olsaq, yəqin ki SEVGİ və PEŞƏKARLIQ sözlərini mütləq yazmalıyıq. Çünki istər Fond adından, istərsə bilavasitə Fond tərəfindən görülmüş işlər məhz sevgi və peşəkarlıqla görülür, o işlərdə, hörmətli Mehriban xanımın adına və xarakterinə uyğun olaraq, mehribanlıq, xeyirxahlıq, fədakarlıq və məsuliyyət görünür.
Bu yerdə xüsusilə vurğulamalıyam ki ötən ayın 25-də cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şamaxıya səfər çərçivəsində, Pir Ömər Sultan ziyarətgahında oldu, orada aparılan arxeoloji tədqiqatlarla maraqlandılar. Cənab Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan tədqiqatların davam etdirilməsi, abidənin konservasiya olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyyələrini verdi. Biz də dərin inam içindəyik ki, türbəsinin aşkar olunması, konservasiya edilməsi, mövcud arxeoloji qalıqlar üzərində xatirə abidəsinin ucaldılması, ətrafının tarix və çağdaşlığın sintezi şəklində abadlaşdırılması, Türk-İslam dünyasının Azərbaycana olan marağını daha da artıracaqdır.
Bir daha, tariximiz, mədəni irsimiz adına Pir Ömər Sultan ziyarətgahında uğurlu tədqiqat aparmış ekspedisiyanın bütün üzvlərinə və əlbəttə, bu layihəni himayə edən Heydər Əliyev Fonduna, şəxsən Fondun Prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımı çatdırır, yeni uğurlar diləyirəm!
Oxunub : 1601