AZE ENG
Facebook
Twitter Google Myspace
"Miras"ın yeni İdarə Heyəti seçilib
10-3-2022

Martın 9-da Ağsu rayonu Gəgəli kəndində yerləşən və Azərbaycanda mədəni irs sahəsində azsaylı ixtisaslaşmış ictimai təşkilatlardan biri olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Nizamnaməyə görə iki ildən bir birliyin yeni İdarə Heyəti formalaşır, sədr və sədr müavini seçilir. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin hazırda rəsmi olaraq 222 üzvü var. Həmin üzvlərin əksəriyyəti onlayn şəkildə təşkil olunan seçkilərdə iştirak edərək doqquz nəfərdən ibarət yeni İdarə Heyətini, o cümlədən sədri və sədr müavinini seçiblər. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, sədr müavini isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli seçilib.

Fariz Xəlilli "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həm də təsisçisidir. O, arxeologiya, muzeyşünaslıq və mədəni irs turizmi sahəsində ixtisaslaşmaqla yerli və beynəlxalq çoxsaylı mədəni irs layihələrinin rəhbəri və eksperti kimi tanınıb. Fariz Xəlilli 2010-cu ildən uzun müddət birliyə rəhbərlik edib, birliyin nəinki Azərbaycanda, dünyada ixtisaslaşmış və elmi çevrələrdə qəbul olunan ictimai birlik kimi tanınmasında rol oynayıb. Hazırda Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Muzeyşünaslıq" kafedrasının baş müəllimidir. Fariz Xəlilli AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmlər doktorluğu proqramı çərçivəsində "Xanəgahlar Şirvanşahlar dövləti tarixinin öyrənilməsində mənbə kimi" elmi-tədqiqat işi üzərində işləyir. O, ERASMUS+ proqramı çərçivəsində beynəlxalq "PICASP (Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları)" layihəsinin "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən koordinatorudur.
Sədr müavini Günel Seyidəhmədli qəbirüstü abidələr və heykəltəraşlıq əsərlərinin tədqiqi və təhlili, bərpa və konservasiyası sahəsində ixtisaslaşmaqla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının baş müəllimidir. Çoxsaylı yerli və beynəlxalq konfranslarda, seminar və vebinarlarda məruzəçi kimi çıxış edib. Hazırda Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın işçi qrupuna daxil olub, müxtəlif mədəni irs araşdırmalarını həyata keçirir. Günel Seyidəhmədli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmlər doktorluğu proqramı çərçivəsində "XVIII-XX əsrin birinci yarısında Türkiyə və Azərbaycan qəbirüstü abidələrinin bədii tərtibatının müqayisəli təhlili" elmi-tədqiqat işi üzərində işləyir.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü Prof.Dr. Qafar Cəbiyev tanınmış Azərbaycan arxeoloqu olub, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Albanşünaslıq Mərkəzi”nin rəhbəridir. "Azərbaycan keramikası" və "Girdiman tarixi" mövzusunda fundamental elmi əsərlərin, çoxsaylı dərslik, kitab və məqalələrin müəllifidir. O, İsmayıllı, Qəbələ, Ağsu, Kürdəmir və Şamaxı rayonlarında Qəbələ, Ağsu, Mehrəvan, Şirvan, Dəmirçi, Basqal, Avaxıl, Şıxməzid və s. şəhər və yaşayış yerlərində genişmiqyaslı arxeoloji tədqiqatlar aparıb.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü Prof.Dr. Şikar Qasımov tanınmış Azərbaycan tarixçisi olub, Azərbaycan Texniki Universiteti "Humanitar fənlər" kafedrasının professorudur. O, Azərbaycanın XX əsr tarixi üzrə ixtisaslaşıb, çoxsaylı dərslik, kitab və məqalələrin müəllifidir. Onun Qarabağın tarixi və mənəvi mədəniyyəti sahəsində geniş araşdırmaları var.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü Dos.Dr. Həbibə Əliyeva tanınmış Azərbaycan epiqrafçısı olub, AMEA Milli Azərbaycan Tarixi Muzeyi "Arxeologiya elmi fond şöbəsi"nin aparıcı elmi işçisidir. O, Azərbaycan epiqrafikası sahəsində ixtisaslaşaraq ölkəmizdə son dövrlərdə aşkar olunan və tədqiqata cəlb edilən əksər daş kitabələri oxuyub, onlar haqqında elmi məqalələr yazıb, kataloqlar tərtib edib.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü Şəhla Xəlilli AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu "Türkdilli əlyazmaların tədqiqi" şöbəsinin böyük elmi işçisidir. O, çoxsaylı əlyazma və çap kitablarını transfoneliterasiya və tərcümə edib, Azərbaycan Respubliaksının Dövlət Turizm Agentliyinin Lahıc və Basqal kimi dövlət qoruqlarının fonduna aid olan əlyazma nüsxələrini kataloqlaşdırıb.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü Məleykə Hüseynova mədəni irs turizmi və idarə edilməsi sahəsində ixtisaslaşıb. Onun "Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsi COMSEC-in 30-cu illik toplantısında ilin ən yaxşı layihəsi kimi mükafatlandırılıb. Mədəni irsin idarə edilməsi sahəsində beynəlxalq layihələrdə ekspert kimi fəaliyyət göstərir.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü Vüqar Quliyev gənc heykəltəraşlardan olub, sənətşünaslıq sahəsində çoxsaylı yazıları ilə tanınır. Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizidir.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü Aidə Məlikova turizm sahəsində özəl şirkətlərdə fəaliyyət göstərir. O, Türkiyənin  Muğla Sıtkı Koçman Universiteti "Turizm İşletmeciliği" fakültəsində “Azərbaycanın İsmayıllı bölgəsində turizm potensialının üzə çıxarılması istiqamətində araşdırma” mövzusunda elmi tədqiqat işini müdafiə edib. Hazırda alternativ turizm sahələri ilə bağlı araşdırmalar aparır.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bütün üzvləri mədəni irs sahəsində töhfə vermək üçün ixtisaslaşmış şəxslərdir. Birliyin həyata keçirdiyi layihələr üzvlərin təşkilati və akademik səviyyədə imkanlarını üzə çıxarır. Ölkəmizin, xüsusilə Qarabağın mədəni irsinin öyrənilməsi, qorunması və təbliği sahəsində "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi üzvləri aydın proqrama və hədəfə malikdir.
 
Oxunub : 990