AZE ENG
Facebook
Twitter Google Myspace
Ohrid-Vodiçi-2018 konfransı keçirilib
25-1-2018

17-19 yanvar 2018-ci il tarixində Makedoniya Respublikasının Ohrid şəhərində  “Ohrid-Vodiçi - 2018: Diaspora, transmillilik, transkulturalizm və mədəniyyətlərarası əlaqələr sosial kapitalın yeni forması kimi” VI beynəlxalq elmi-praktiki konfrans baş tutmuşdur.

Konfrans Makedoniyanın Evro-Balkan Universiteti (Skopye), Sosial Mədəni Antropologiya İnstitutu, Türkiyənin Səlcuq Universitetinin Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Macarıstanın Mütərəqqi Tədqiqatlar Universiteti və Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Tədbirdə Avropanın 15 ölkəsindən (Azərbaycan, Türkiyə, Makedoniya, Macarıstan, Bolqarıstan, Albaniya, Polşa, İsveçrə, Serbiya, Birləşmiş krallıq, İtaliya və s.) 70-ə qədər alim və tədqiqatçı məruzələrlə çıxış etmişdir.

Tədbiri giriş sözü ilə açan Evro-Balkan Universitetinin rektoru, Prof.Dr. Rubin Zemon deyib ki, miqrasiya və miqrasiya ilə bağlı mövzular hazırda ictimai elmlərdə və humanitar sahədə önəmli rol oynayır. Müxtəlif mözvuların içindən sosioloqlar miqrasiya və identliklik, vətəndaşlıq, qanun və hüquqi status, din, ailə və qohumluq, uşaqlar və 'ikinci nəsil', dil, təhsil, sağlamlıq, media istehlakı, internetdən istifadə, 'ev inşası', cinsəllik, pul köçürmələri, ictimai birliklər, inkişaf və sosial dəyişikliklər, yerli siyasət, iş yerləri və əmək bazarları mövzularına diqqət yetirirlər. Müasir miqrasiya mürəkkəb və çoxtərkibli bir prosesdir və insanların köçü çox zaman biristiqamətli deyildir. Miqrantlar həqiqətən də öz yeni icmalarının sakinləridir. Nəsildə olan ailədaxili rol, statuslar, münasibətlər, qeyri-bərabərlik və gender məsələsi miqrasiya edənlərə, miqrantların özlərinə, onların göndərilmə və qəbul edildiyi ərazilərə təsir göstərir. Diaspora kontekstinin araşdırılmasında ikinci nəsilin tədqiqatlarına, onların müxtəlif formalı transkulturalizm və mədəniyyətlərarası əlaqələri və kommunikasiyalara əsaslanan uğurlu inteqrasiya trayektoriyalarına rast gəlinir. Diaspora ərazilərinə yeni miqrantların davamlı axını ikiqat təsirə malikdir. Diaspora klubları və təşkilatları, yeni gələnlərin asanlıqla yerləşməsi və məşğulluğunu təmin edir. Eyni zamanda miqrantlar özləri ilə birlikdə yerli spesifik etnik mədəniyyət, dini ənənələr və doğulduğu  yerlərin davranış vərdişlərini gətirirlər. 

Daha sonra Makedoniyanın Diaspora naziri Edmond Ademi, Ohrid şəhərinin meri Yovan Stoyanoski çıxış etdilər. Azərbaycan nümayəndə heyəti adından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək bildirdi ki, Azərbaycan heyəti altıncı dəfədir ki, bu ənənəvi konfransda iştirak edir. Makedoniya və Azərbaycan münasibətləri son illərdə xeyli inkişaf edib. Azərbaycanda Makedoniya dostu qurumardan biri kimi MİRAS Təşkilatı tanınır.  Biz tarixi əlaqələrimizi araşdırmaqla yeni çağırışlara cəhd edirik. O, bu çağırışların gələcəkdə daha geniş vüsət alacağını və yayılacağını bildirib. Turizm və mədəni irs sahəsində birlikdə görə biləcəyimiz çox işlər vardır. 

Konfransın bölmə iclaslarında mədəni irs, iqtisadiyyat, turizm, media, mədəni identiklik, terrorizm, miqrasiya, diaspora, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. mövzularda məruzələr dinlənilmişdir.

Tədbirdə Azərbaycan Texniki Univeristetinin kafedra müdiri, Prof.Dr. Şikar Qasımov “Müstəqillik Azərbaycan mədəniyyətinin inkişafına geniş imkanlar açdı”, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Afaq Xürrəmqızı “Azərbaycanın multikultural dəyərlər sferasında lahıclar və onların folkloru”, filologiya üzrə fəlsəfə doktoru Sahibə Sədnikqızı “Azərbaycan qəhrəmanlıq dastanlarında mədəni irs məsələləri”, filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı “Kitabi Dədə Qorqudun xarici dillərə tərcümələri” mövzusunda məruzə etmişlər. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsu rayonu Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin müəllimləri Sabit Abdullayev və Musa Musayev ilə həmmüəllif olaraq “Azərbaycanda tərəkəmə folklorunun araşdırılması və təbliğinə yeni yanaşmalar” mövzusunda təqdimat etmişdir.

Konfrans çərçivəsində Robevçilərin Ev muzeyində qonaq ölkə kimi Türkiyə Respublikasının “Türk mədəniyyəti və incəsənəti” sərgisinin açılışı mərasimi olmuşdur. Sərgidə Türkiyənin müxtəlif universitetlərindən rəssam və sənətkarların rəsm, heykəl, tətbiqi sənətkarlıq, müasir incəsənət nümunələri nümayiş olunmuşdur. 

Tədbir çərçivəsində qonaqlar YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş Ohrid şəhəri və onun tarix-mədəniyyət abidələri, Ohrid gölündə həyata keçirilən Epifaniya mərasimi ilə yaxından tanış olmuşlar. Jupa bələdiyyə sədri Ariyan İbrahimlə görüşən Azərbaycan nümayəndə heyəti Kocacık kəndində Atatürkün atası Əlirza əfəndinin xatirə evini ziyarət etmişdir.

 
Oxunub : 2401