AZE ENG
Facebook
Twitter Google Myspace
Osman Qazi Kandemirin Qarabağ romanı - şəhid qanından və sevgidən çiçəkləyən "Qərənfil"...
19-11-2015

Qərənfil rəngində - qərənfilin qəlbimizə, ruhumuza hopdurduğu kədər rəngində, cildindən qan sızan bir kitab da ərsəyə gəldi; nəhəng türk ədəbiyyatı kitabxanasına daxil oldu. Bir Qarabağ romanı dedik ona. Adını "Qərənfil" qoydu bir türk mücahidi, bir türk yazarı, vətənpərvər bir türk hərbçisi- Osman Qazi Kandemir.

Hələ bu kitab yazılıb başa çatmamış romandan parçalar dərc etmişdik qəzetimizdə. Tanınmış tədqiqatçı alim Minəxanım Təkləli hər zaman redaksiyamıza gələndə müəllifdən və onun "Qərənfil" romanından böyük sevgi və minnətdarlıq hissi ilə söhbət açırdı. Aşağıdakı sətirləri oxuyunca kitaba yazdığı ön sözdə tədqiqatçının hər kəlməsindən bir ah səsləndiyinin siz də şahidi olursunuz: "Türkiyəli yazar Osman Qazi Kandemirin real müşahidələr əsasında və səmimi, təsirli bir dildə qələmə aldığı "Qərənfil" romanındakı hadisələr Bakının, Azərbaycanın tam 20 il və bir qədər də əvvəlki illərinə aparır bizi. Əsərdəki müasirimiz olan bu obrazlar və onların ölüm-dirim mücadilələri, həyat eşiq, qəfil ortaya çıxan hədiyyə sevgi, top-tüfəng, gecələrin xəfə qaranlığında arxadan vurulan güllə səsləri altında ilk baxışdan doğulan saf məhəbbət, qələmin sehri ilə yenidən canlanan, hər zaman təzə olan keçmiş tarix səhifələri: hadisələr və faktlar oxucunu ötən illərə- 90-cı illərin ilk çağlarına dalmağa, bu məsafəni geri dönməyə vadar edir. Belə ki oxucu asanlıqla və çətinlik çəkmədən həmin aləmə, çoxumuzun şahidi olduğu tarixin təbii aləminə, ab-havasına daxil olur. Bu göz yaşlarımız - ələnən, keçən günlərin xatirəsi bir meh əsintisi kimi bütün detallara sirayət edir. Və istər Qarabağ savaşında, istərsə də azadlıq mübarizəmizdə bizə eşlik edən Vətən bağçalarının mixək qərənfilləri burada da hər bir hadisənin, hər bir əhvalatın şahidi kimi qarşımıza çıxır. Əslində, əlləri qərənfil dəmətli o günlərdən heç uzaqlaşmadığımız, ayrılmadığımız aydın olur. Bu əsərin adı "Qərənfil"dir. Həqiqətən qərənfillər şəhid qanından və sevgidən çiçəkləyərmiş..."

Bir var sırf təxəyyülün, fantaziyanın bəhrəsi olan ədəbiyyat nümunələri, bir də var odda yanmaz, suda batmaz həqiqətlər üzərində qurulmuş gerçəyi əks etdirən ədəbi əsərlər. Əlbəttə, oxucu qəlbində bunların hər birinin öz yeri var. Lakin həqiqətin dili ilə danışmaq, gerçəkliyi göz önünə gətirərək səhnələri alovlu yazıçı nəfəsi ilə şölələndirmək tamam başqadır. İnsanı içdən kökləməkdir. Onun gözlərini sanki cərrah bıçağı ilə yenidən açmaqdır. Və burda həkim, cərrah yazıçının özü olursa, bu daha qüdrətli təsir yaradır. Yazıçı insanı cəmiyyətin əyilmiş yükünü tarazlamaq üçün neştərləyir. Osman Qazinin "Qərənfil"i ağrılardan sal qaya parçaları tək qopub gəlmiş, yaşanmış hisslərin romanıdır. Tarixlərdə izi qalacaq bir ədəbiyyat abidəsidir. Tariximizi çözən, onun qaranlıq və şərəfli səhifələrini mənəvi yaddaşlara sözün həqiqi mənasında bir sənət hökmü ilə yazan bir hərbçi yazıçının cəfakeşliyi nəticəsində ortaya gəlmiş, təkcə türk ədəbiyyatını deyil, həm də Azərbaycan ədəbiyyatını zənginləşdirən və həm də keçmişimizi əsaslı şəkildə sabahın gözündən asan bir hadisədir.

Elə bu kitabın- "Qərənfil"in təqdimatı da xüsusi bir hadisə idi desəm, türklər demiş, yanlış yapmaram. Noyabrın 17-də "Kitabevim.az" mağazasında Qarabağ hadisələrinin canlı şahidi və iştirakçısı Osman Qazi ilə görüşə bildik. Sözügedən əsərin təqdimatı bu məkanda gerçəkləşdi. Təqdimat mərasimini bir çox informasiya şəbəkələri, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) də yayımladı: "Qərənfil" müəllifin ilk romanıdır, Qarabağ müharibəsi zamanı baş verən hadisələrdən bəhs edir. Türkiyədən Qarabağ savaşına qatılmış Seyfi ilə Naxçıvandan olan Reyhanın saf məhəbbəti əsərin süjet xəttini təşkil edir. Sonda Seyfi şəhid olur.

Ankarada türk dilində 2013-cü ildə nəşr olunmuş "Qərənfil" romanını Azərbaycan dilinə Minaxanım Nuriyeva-Təkləli tərcümə edib. Kitab Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə "Elm və Təhsil" nəşriyyatında çap olunub.

Təqdimat mərasimində İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tədbir iştirakçılarını Dirçəliş Günü münasibətilə təbrik edib, xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsində bu günün əhəmiyyətini vurğulayıb. Təqaüddə olan general, yazıçı Osman Qazi Kandemirin roman yazarlığına Qarabağ müharibəsindən və iştirakçılarından bəhs edən bir əsərlə başlamasını təqdir edib.

Osman Qazi Kandemir "Qərənfil" romanının ərsəyə gəlmə səbəbindən, hərbçi olduğu dönəmlərdə Azərbaycana təlim-tədris məqsədilə gəlib-getməsindən, romanın baş qəhrəmanı Seyfinin şəxsiyyətindən söz açıb. Azərbaycan və Türkiyənin güclü olması üçün milli birlik və bərabərliyin təmin edilməsinin zəruruliyini qeyd edib, tezliklə Qarabağın işğaldan azad olmasını arzulayıb.

Professor Minaxanım Nuriyeva-Təkləli Seyfinin ruh dünyasının genişliyi, onun Nuri paşa xislətli bir insan kimi təqdim edilməsi, Qarabağ müharibəsi dövrünün çətinliklərinin obrazlı təsvirini xatırladıb, müəllifin hadisələrə yaxınlığından danışıb.

Hərb tarixçisi Mehman Süleymanov romanda müəllifin nəinki Qarabağ müharibəsindən, eləcə də Qafqaz İslam Ordusu tarixindən xəbərdar olması və bədii həllərdə hər iki dövrün hadisələrindən istifadə etməsinə münasibət bildirib.

Professor Kübra Əliyeva Şuşa xatirələrindən danışıb. O bu cür romanların, əsərlərin insanda yaddaşın təzələnməsinə səbəb olduğunu deyib.

Yazar Elxan Nəcəfov Osman Qazi Kandemirə Azərbaycan ədəbiyyatçıları adından belə roman yazmasına görə təşəkkür edib. O qeyd edib ki, romanı dəyərli edən məqamlardan biri müəllifin elə hərbçi olmasıdır.

Sonda Osman Qazi Kandemir iştirakçılara imzaladığı kitablarını bağışlayıb.

MİRAS İctimai Birliyi, Qafqaz Araşdırmaları İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi adından müəllifə hədiyyələr təqdim olunub.

..."Qərənfil" romanı bizim tariximizdir- parçalanmış, tikə-para olmuş hər qarış torpağına, hər dağına, daşına minlərlə soydaşımızın qanı çilənmiş Vətənimizin tarixidir. Bir türk generalının qələmə aldığı tarixdən söhbət gedir. Heç şübhəsiz ki, burda məqsəd təkcə tarixin bədii sözlə rəsmini çəkməkdən getmir. Burda bir mesaj da var. Burda xalqımızı içdən silkələyən, ona qeyrət, təpər həyəcanı ilə yüklənmiş fikir işığı içirmək niyyəti də var. Onu görmək daha vacibdir. Osman Qazi demək istəyir ki, bu qədər müsibətlər, faciələrlə yüklənmiş bir torpaq sükunətdən ayılmayan insanların ayağının altəndan niyə sürüşüb qaçmır? Amma əslində qaçır, sürüşür. Azərabaycanın ən gözəl, ən məhsuldar torpaqları yağı tapdağındadır. Azərbaycanın tarixi-mədəni irsi dayanmadan sökülür, talan edilir. Burdan Avropaya, Amerikaya, Orta Asiyaya, Ərəb ölkələrinə daşınır. Milli sərvətimiz əldən-ələ keçir, ermənilərin əli ilə altunlara, milyonlara satılır. Osman Qazi həm sənət, həm də hərbçi qeyrətilə yazdığı romanda tarixə olduqca obyektiv yanaşa bilib. Hadisələri bütün əlvanlığı ilə işıqlandıraraq Azərbaycanın Qarabağ müharibəsindəki məğlubiyyətlərinin səbəblərini də çağdaş oxucunun gözü önünə gətirib. Bundan əlavə, roman həm də milli birliyi, Türkiyə ilə Azərbaycan arasındakı bağların daha da möhkəmlənməsini ifadə edir. Roman vahid sujet üzərində qurulsa da, onun bədii üfüqləri daha genişdir. Azərbaycanın tarixi-milli istiqlal savaşı və bu yoldakı itgiləri, qələbələri romanın parlaq səhifələrini əks etdirir. Ən başlıcası, Osman Qazi bu romanı həm də bir azərbaycanlı kimi qələmə alıb. Hiss olunur ki, roman Azərbaycan dərdinin, ağrısının közərən işığında yazılıb. Közərən dedim, sanki bu işıq nə vaxtsa öləziyəcək, sönəcək. Amma belə deyil. Yazıçının tonqalından qalmış közlər min illərin, əsrlərin, hətta eraların dizini qatlaya bilir. Milyon il eramızdan əvvəlki insanın səsi bu çağa gəlib çatırsa, demək, yazıçı qüdrəti tanrı qüdrətinin bir parçasıdır. Osman Qazi Kandemirin qələmindəki işıq, onun "Qərənfil"indəki qırmızı rəng sınmayacaq- dünya zülmətə bürünsə belə... Bu rəng həm də Azərbaycan əsgərinin erməni qəsbkarlığıyla axıdılan qanının rəngidir.

Qarabağı almağa bütün qeyrətilə hazır olan Azərbaycan ordusunun bir qeyrətli generalı da Osman Qazini hesab edirəm. Onun "Qərənfil"i bayrağımızın dördüncü hikmətidir. Türk qəzəbinin, türk humanizminin son həddi, son çaları... Biz ona bütün redaksiyamız adından uğurlar diləyirik. İlk romanını Qarabağ yaralarını sağaltmaq üçün yazıb. Azərbaycanın əyilmiş qəddini dikəltmək naminə qələmini sınağa çəkib.

Qoy onun həyat və yaradıcılıq yolu odlar ölkəsinin məşəli kimi həmişə işıqlı olsun, "Qərənfil" dərdimiz və sevincimizin ortaq olmasını, fikir və əməl birliyimizin əbədiliyini bütün zamanlara çatdıra bilsin...

 

Fariz ÇOBANOĞLU

http://www.baki-xeber.com/siyaset/29456.html

Oxunub : 1703