AZE ENG
Facebook
Twitter Google Myspace
Şamaxı Respublika zona konfransı
8-6-2022

Son zamanlar Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin inkişafı üçün hüquqi bazanın təkmilləşdirilməsi və daha münbit şəraitin yaradılması istiqamətində əhəmiyyətli işlər görülür. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması, fəaliyyətinə asanlıq və çeviklik gətirilməsi rayonlarda fəaliyyət göstərən yerli, regional və milli qeyri-hökumət təşkilatlarının işinə də təsir edib. Qeyri-hökumət təşkilatları təkcə vətəndaşla dövlət qurumları arasında bağlayıcı, maarifləndirici və təşəbbüskarlıq rolu oynamır, həm də ölkəmizin beynəlxalq səviyyədə müsbət imicinin formlaşdırılmasına kömək edir. Bu mənada qeyri-hökumət təşkilatlarının hazırladığı hesabat, təqdim etdiyi məruzələr ciddi qəbul edilir və onlara istinadlar olur. Bu baxımdan Ağsu rayonunun Gəgəli kəndində yerləşən "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 230-a qədər ixtisaslı üzvlərinin iştirakı ilə çoxsaylı yerli və beynəlxalq layihələri uğurla icra edib və mədəni irs sahəsində peşəkar qeyri-hökumət təşkilatına çevrilib.

 

Təqdirəlayiq haldır ki, son günlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rayonlarda qeyri-hökumət təşkilatlarının baza vəziyyətini, onların əsas problemlərini və dövlət qurumları yanında ictimai şuralarda təmsil olunmaları ilə bağlı imkanları müzakirə etmək üçün “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları keçirir. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri və üzvləri Şamaxı şəhərində keçirilən zona konfransında iştirak edib. 

 

Konfransda moderator Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, əsas məruzəçilər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova olub.

 

Məruzələrdə keçirilən zona konfranslarının qeyri-hökumət təşkilatları ilə icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralar arasında sıx əməkdaşlıq yaradacağını və onların vətəndaş cəmiyyətinin inkişafına birlikdə töhfə verəcəkləri qeyd olunub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu işə lazımi metodiki, konsultativ dəstək verməyə hazır olması QHT-lər tərəfindən təqdir olunur. Konfransda dövlət və cəmiyyət münasibətlərində qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının vacib olduğu, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyi bildirilib. Azərbaycanda böyük qeyri-hökumət təşkilatları şəbəkəsinin formalaşması, bu hərəkatın iştirakçılarının müstəqil Azərbaycanın və xalqın ümumi mənafeyini hər şeydən üstün tutması xüsusi vurğulanıb. Həqiqətən qeyri-hökumət təşkilatları problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Ona görə də qeyri-hökumət təşkilatları və icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların birgə əməkdaşlığı, fəaliyyət istiqamətlərinin daha da genişlənməsi arzu olunur. İctimai nəzarətin həyata keçirilməsində sosial medianın imkanları da müzakirə olunub.

 

Konfrans interaktiv şəkildə müzakirələrlə davam edib. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək birliyin Ağsu, Şamaxı, Kürdəmir, Qobustanda gördüyü mədəni irs fəaliyyətindən danışıb. O, bir rayon QHT-sinin beynəlxalq səviyyədə layihələrdə təmsil olunduğunu, konfrans, seminar, sərgi, festival, müsabiqələr, monitorinqlər keçirdiyini və nəşrlər hazırladığını bildirib. Bu mənada Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun Qarabağda keçirilməsinə verilən dəstəyə görə Agentliyə minnətdarlıq edib. Bununla yanaşı, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralarda azsaylı rayon qeyri-hökumət təşkilatlarının təmsil olunmadığını, seçkilərin keçirilməsindən xəbərdar olmadıqlarını, ümumiyyətlə, ictimai şuraların aktiv fəaliyyətini görmədiklərini qeyd edib. O, birliyin ofisinin yerləşdiyi Orta əsr Ağsu şəhəri qoruq elan olunduğu üçün yeni ofisin formlaşdırılmasında çətinlik çəkdiklərini, ofis üçün seçilən fərdi yaşayış evinə elektrik enerjisi verilişi probleminin yarandığını vurğulayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva gələcəkdə institusional qrantlar üçün sənədlərin hazırlandığını, gələcəkdə belə problemlərin aradan qaldırılması üçün dəstək olacağını bildirib. 

Oxunub : 930