AZE ENG
Facebook
Twitter Google Myspace
“Azərbaycan arxeologiyasının əsasları” kitabı təqdim olunub
27-12-2018

Dekabrın 25-də Bakı şəhərində Kitabevim.az kitab mərkəzində tarix elmləri doktoru, professor Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” kitabının təqdimatı keçirilib. Təqdimatda arxeoloqlar, müəllimlər və tələbələr, geniş ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 

Təqdimatı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq son elmi araşdırmalar və arxeoloji tədqiqatlar əsasında yazılan əsərin elmi müəssisələr, universitetlər və arxeologiya ilə maraqlanan hər kəsə xitab etdiyini bildirmişdir. 

AMEA-nın müxbir üzvü Vəli Əliyev Qafar Cəbiyevin fəaliyyətindən geniş bəhs edərək bu əsərdə Azərbaycanın mərhum arxeoloqları haqqında bioqrafiyaların daxil edilməsini təqdir etmiş, cəmiyyətin belə mühüm şəxsiyyətləri tanımasının əhəmiyyətindən danışmışdır. Tarix elmləri doktoru, professor Əsədulla Cəfərov “Azərbaycan arxeologiyasının əsasları” kitabının sanballı əsər olduğunu, 14 bölmədən ibarət olmaqla bütünlüklə Azərbaycan arxeologiyasının problemlərini əhatə etdiyini bildirmişdir. Tarix elmləri doktoru, professor Şikar Qasımov Qafar Cəbiyevin təkcə ölkədaxili nəşrlərlə deyil, beynəlxalq konfranslarda məruzələr və nüfuzlu jurnallarda elmi məqalələri ilə Azərbaycan arxeologiyasını təmsil etdiyini bildirmişdir. 

Qafar Cəbiyev təqdimatda iştirak edənlərə minnətdarlıq edərək kitabın ərsəyə gəlməsi səbəblərindən danışmışdır. O bildirmişdir ki, ölkəmizdə tarixi-mədəni irsə göstərilən dövlət qayğısından əhatəli şəkildə bəhs olunan bu əsər əsasən arxeologiya ixtisası üzrə doktorant və dissertantlar, habelə ali məktəblərin magistr və bakalavr pilləsində tarix ixtisası üzrə təhsil alanların dərs vəsaiti kimi istifadəsi üçün nəzərdə tutulub. Təqdim olunan vəsaitdə Azərbaycanda arxeologiya elminin inkişaf mərhələləri, arxeoloji dövrlər, arxeoloji mədəniyyətlər və son yüz il ərzində respublika ərazisində aparılımış arxeoloji tədqiqatlar barədə kifayət qədər dolğun məlumat verilib. Son onilliklərdə Azərbaycanın müxtəlif yerlərində aparılmış arxeoloji tədqiqatlar və onların ən mühüm nəticələrinin ilk dəfə olaraq bu formatda təqdimatı dərs vəsaitinin əsas üstünlüyü kimi dəyərləndirilə bilər. 

Tarix üzrə fəlsəfə doktorları Həbibə Əliyeva, Elmira Abasova və Taleh Əliyev kitab haqqında fikirlərini bölüşmüşlər. 

Sonra Qafar Cəbiyev iştirakçılar üçün kitabını imzalamışdır.

 
Oxunub : 698