AZE ENG
Facebook
Twitter Google Myspace
Aprel Şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyi müsabiqə elan edir
10-5-2018

Ağsu rayonunun Bico kəndində ictimai əsaslarla Aprel Şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyi yaradılmış, 2018-ci il 8 aprel tarixində açılış olmuşdur. İctimai maraq doğuran Muzeydə vətənpərvərlik mövzusunda müxtəlif tədbirlərin də keçirilməsinə başlanmışdır. Ağsu rayonunda yerləşən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Həqiqət Musayev adına Gəgəli kənd Ümumi orta məktəbi nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun dəstəyi ilə 2018-ci il 9 may tarixində Faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirilmişdir. Əvvəlcə Şəhid Toğrul Fərəczadənin atası Habil Cəbiyev ilə görüş olmuş, MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli tədbiri açmışdır. Bakıdan və Ağsudan gəlmiş ziyalılar - Prof.Dr. Kübra Əliyeva, Dos.Dr. Gülçöhrə Hüseynova, Dr. Həbibə Əliyeva, şairə Svetlana Zeynalova, müəllimlər Sabit Abdullayev, Musa Musayev, MİRAS İB İdarə Heyətinin üzvü Ruslan Adgözəlov həm II Dünya müharibəsi zamanı faşizm üzərində qələbə, həm də müasir dövrdə erməni faşizmi ilə mübarizədən bəhs etmişlər. Həqiqət Musayev adına Gəgəli kənd Ümumi orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər. Sonra Muzeyin eksponatları ilə tanışlıq olmuş, Toğrul Fərəczadənin qısa, amma şərəfli ömür yoluna əyani vasitələrlə nəzər salınmışdır. Muzeyin ekspozisiyasına müxtəlif fotoları əks etdirən informasiya paneli hədiyyə olunmuşdur. Tədbirin sonunda qonaqlar muzeyin rəy kitabına ürək sözlərini yazmışlar. 

Tədbirdə qərara alınmışdır ki, Aprel Şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun birgə təşkilatçılığı ilə "İnamım, qürurum, and yerim şəhidlərim" mövzusunda məktəblilər üçün müsabiqə elan olunsun. Müsabiqə yazı və bədii qiraət nominasiyalarında keçiriləcəkdir.

Müsabiqənin mövzusu: İnamım, qürurum, and yerim şəhidlərim.

Məktəblilər müsabiqəyə yazı və bədii qiraət nominasiyalarında işlər təqdim edə bilər.

1. Yazılar - Word formatında e-mail ünvanımıza göndəriləcək. Yazılar məqalə, esse, şeir, hekayə ola bilər. Bəyənilən yazının müəllifinə məlumat veriləcək və Muzeyə dəvət olunacaq.

2. Bədii qiraət – mətni, şeiri səsləndirin və vatsap ünvanımıza göndərin.

Yazılar "miraspresscenter@gmail.com", səsli qiraət nümunələri isə +994508764043 vatsap ünvanına 15 iyun 2018 – ci il tarixdən gec olmayaraq göndərilməlidir. Məktubun mövzu hissəsinə “müsabiqə” yazılmalı, ondan aşağıda qalan hissədə isə iştirakçının soyadı, adı, yaşayış yeri və təmsil etdiyi məktəb qeyd edilməlidir.

Təqdim ediləcək işlərin sayına məhdudiyyət qoyulmur. Hər kateqoriya üzrə qalib gəlmiş ilk 3 yerə diplom və bütün iştirakçılara sertifikat veriləcəkdir. Qaliblər 26 iyun tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbirə dəvət olunacaqlar.

Təqdimat 26 iyun 2018-ci ildə Aprel Şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyində baş tutacaq.

Yazılar çap olunacaq və səsləndirilən qiraət nümunələri muzeyin ekspozisiyasına daxil ediləcək.

 
Oxunub : 3650