AZE ENG
Facebook
Twitter Google Myspace
II BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI BAŞA ÇATIB
18-3-2016

14-16 mart tarixlərində Ağsu rayonunun Gəgəli kəndində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Sarılı şirkətinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib. Festivalın keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu rayonu İcra Hakimiyyəti, Azərbaycan Fotoqrafları Birliyi və Allprint şirkəti dəstək veriblər. Festivala Azərbaycan, Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, Qazaxıstan, Norveç, Yəmən, İndoneziya və Myanmadan olan 300-dən çox iştirakçı qatılıb.
Festivalın birinci günü açılış mərasimi olub. Əvvəlcə festival boyunca açıq olan sərgi-yarmarkaya baxış keçirilib. Sərgidə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində toxunmuş xalça və palazlar, mafraş, namazlıq və hədiyyəlik nümunələr, Ağsu şəhərində hazırlanan musiqi alətləri və tikmələr, İsmayıllı şəhərində xalq tətbiqi sənət əsərləri, Misir Mədəniyyət Mərkəzinin Misir incəsənəti materialları, əntiq əşyalar, içərisi döşənmiş tərəkəmə çadırı, at arabası, MİRAS İctimai Birliyinə məxsus müxtəlif rəssamların çəkdiyi rəsm əsərləri, Orta əsr Ağsu şəhəri, Mehrəvan qalası və Nərgizava abidəsindən aşkar olunan arxeoloji materiallar nümayiş olunub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin əməkdaşı Aynur Dəmirovanın rəhbərliyi altında kollecin tələbələrinin əsərləri sərgilənib, tələbə Ofelya Musayeva festival meydanında rəsm əsərləri çəkərək təşkilatçılara və qonaqlara hədiyyə edib. Tərəkəmə çadırının qarşısında qutab və yuxa bişirilməsi marağa səbəb olmuş, rəngarəng görüntülər alınmışdır. Evdə qurulmuş iki xanada Simuzər Xəlilova və Əntiqə Həsənovanın toxuduğu palaz namazlıqlar də sərgi-yarmarkada yer alıb.
Festivalı açıq elan edən MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli təşkilatçıların məqsəd və məramı haqqında qısa məlumat verib. O, bildirib ki, festivalın türk xalqlarının ənənələrinin təbliğində, ümumdünya xalqları arasında mədəni əlaqələrin qurulmasında, bəşəri dəyərlərin öyrənilməsində böyük əhəmiyyəti var. Habelə 2016-cı il Multikulturalizm ilinə həsr olunmuş festival dövlət, özəl və ictimai sektorun tərəfdaşlıq və dəstəyi baxımından da mühüm hadisədir. O, Mədəniyyət və Turizm Nazirliyi və Ağsu rayonu İcra Hakimiyyətinə festivalın keçirilməsinə verdikləri dəstəyə görə minnətdarlıq edib. Tərəkəmə Çərşənbəsi haqqında danışan Fariz Xəlilli türk obalarının Axır çərşənbə günü ev heyvanlarını iki odun arasından keçirməsinin özəlliyini qeyd edib. Azərbaycanın bir çox obalarında bu hadisənin təzahürləri görünsə də ən yaxşı şəkildə Şirvan bölgəsinin oğuz türk obalarından olan Axtaçı obasına məxsus Ağsu rayonu Gəgəli kəndində saxlanıldığı bildirilib. Hər il Tərəkəmə Çərşənbəsi günü kənd sakinləri səhərə qədər oturur, yatmır, səhər obaşdan heyvanları iki tonqalın arasından keçirirlər. Az yazılsa, az öyrənilsə də dünyada tanıdılması üçün yeni fəaliyyətlər başlanmış, MİRAS İctimai Birliyi ilk dəfə 2011-ci ildə film çəkmiş, 2015-ci ildən isə Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirir. Hədəf gələcəkdə multikultural dəyərlərin yaşayan və yaşadılan örnəyi kimi Tərəkəmə Çərşənbəsi ənənəsini UNESCO-nun qeyri-maddi mədəni irs ilkin siyahısına daxil edilməsinə nail olmaqdır.
Sonra Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev kəndə gələn yerli və xarici qonaqları salamlayıb, onlara festivala göstərdikləri maraq üçün minnətdarlıq edib. Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandost Asanov dəvətə görə minnətdarlıq edib, həm rayon rəhbərliyinə, həm də MİRAS İctimai Birliyinə hədiyyələr təqdim edib. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri müdiri Murat Karaçanta Azərbaycan və Türkiyə tərəkəmə-yörük mədəniyyətinin eyni olduğunu, müxtəlif fərqlərlə yaşadıldığını qeyd edib. Festivala Türkiyədən marağın belə geniş olmasından sevindiyini bildirib və kənd sakinləri ilə mədəni əlaqələrini davam etdirəcəklərini deyib. Misir Mədəniyyət Mərkəzinin sədri, Dr. Əhməd Sami Elaydi, AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Kübra Əliyeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi, Dr. Sevda Qasımova, Norveç Krallığının Azərbaycandakı səfiri Bard İvar Svendsen, Hindistanın Azərbaycandakı səfirliyinin konsulu Amit Pandey, Ege Foto və Kino Həvəskarları Dərnəyinin sədri Ahmet İmançer, Azərbaycan Fotoqrafları Birliyinin sədr müavini Rauf Umudov, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev, Türkiyənin Batman Universitetinin müəllimi Seyran Qafarzadə çıxış edərək Novruz, İlaxır çərşənbə, türk-islam mədəniyyətinin zənginliyi haqqında fikirlərini bölüşüb, iştirakçıların bayramını təbrik ediblər. Azərbaycan Fotoqrafları Birliyinin üzvü Fərqanə Qasımlı hazırladığı "Tərəkəmə Çərşənbəsi - 2015" filmini təqdim edib.
Festivalda yerli və müxtəlif ölkələrin folklor qrupları çıxış ediblər. Ağsu şəhəri Mədəniyyət Mərkəzinin musiqi qrupu Pərviz Osmanovun rəhbərliyi altında bütün festival boyunca digər qrupları müşaiyət edib, öz maraqlı proqramlarını təqdim ediblər.
Əvvəlcə İzmir Böyükşəhər Bələdiyyəsinin Gənclər və İdman Dərnəyinin rəqqas üzvləri (Fatih Akçayüzlü, Doğukan Çiçek, Çağlar Irmak, Canberk Dilsizoğlu, Burak Türker, Burak Upçin, İlker Savran, Mert Yetiş, Kerem Kutlay, Begüm Gültepe, Berrak Altınküpü, Balim Sultan Çakır, Yaren Özbaylan, Pınar Çapacı, İrem Nur Uslu) "Zeybek" rəqsini təqdim ediblər. Maraqla qarşılanan türk efelərinin rəqsini "Kafkas" rəqsi davam etdirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri (Nərgiz Məmmədova, Zəminə Sadıqova, Reyhan Zülfüqarova, Cəmilə Məmmədova, Parvina Hakimova, Seymur Nəbizadə, Məlik Həsənov, Kamran Həsənov, Kamal İbadov, İsa Zeynalov) Azərbaycanın milli rəqslərini ifa ediblər.
MİRAS Musiqi qrupunun üzvləri Ruslan Adgözəlov, Cahandar Mikayılov, Ruslan Zərbəliyev, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri (Azər Səlimov, Cahandar və Ağayar Xanlarov) muğam dəstgahı ilə çıxış ediblər.
Gürcüstanın "Kartvelo" qrupu (Tornike Tsintsalaşvili, Nika Qureşidze, Tato Zananaşvili, Qiorqi Samğuraşvili, Bejan Tsintsalaşvili, Laşa Şvelidze) maraqlı proqramla gürcü musiqilərini təqdim ediblər.
Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri (Rəvin İmranzadə, Ülvi Zərbalıyev, Seyid Əmiyev, Vüsal Zərbalıyev, Rəşad Abdulov, Elxan Həsənov, Aytən Abdulova, Gülüstan Əmiyeva, Bikə Musayeva, Gülnarə Musayeva, Aidə Mirzəyeva, Zülfiyə Cəbrayılova, Jalə Zərbalıyeva) "Kosa və Keçəl", "Çoban və Pəhləvan" tamaşalarını nümayiş etdirib, kompozisiya təqdim ediblər.
"Best of İndia" rəqs qrupunun üzvləri Şəbnəm Kumari və Avtar Singh hind milli rəqslərini ifa ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin tələbələri (Əşrəf Məmmədli, Şəhriyar Vəlizadə, Aysel Səlimli, Natəvan Abbaslı) dram rejissoru kafedrasının əməkdaşı Şəhla Heydərlinin rəhbərliyi altında maraqlı Novruz kompozisiyası ilə çıxış edib.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin (Xanım Daşdəmirli, Xəyyam Hümbətov, İlahə Əliyeva, Xavər Əlizadə, Rahid Rəcəbli, Namiq Vahabzadə, Ülvi Ramazanlı) Könül Baxışlı və Elmir Ağayevin rəhbərliyi altında bədii kompozisiyalar, musiqi parçaları, "Çoban" və "Səməni" rəqsləri təqdim olunub. Kollecin müəllimi Nazir Əkbərov pəhləvanlara məxsus parçalar nümayiş etdirib.
Qafqaz Universitetinin Türkiyə, Türkmənistan, Yəmən, İndoneziya və Myanmadan olan tələbələri (Hani Restu, Wunna Zaw, Ömer Kum, Sarper Çiçek, Fatih Mehmet Karaca, Kübra Sırmacı, Maral Yunlibayeva, Bahar Qasımova, Əminə Əhmədova, Ali Qasim el Rafai, Ahmet el Khudri) öz milli geyimlərini nümayiş etdirib, foklor nümunələrini təqdim ediblər.
Şamaxı Mədəniyyət Mərkəzinin musiqi qrupunun üzvləri (Əhməd Təhməzov, İsa İmanov, Abgül Adgözəlov, Mirzə Mirzəyev, Pərviz Mirzəyev) milli musiqi alətlərimizdə musiqi parçaları ifa ediblər. Ağsudan Aşıq Məhəmməd Şirvanlı, Ağsunun Bico kəndindən Aşıq Amil Dadaşov, Tovuzdan gənc aşıq Şəmşəd Məmmədov saz çalıb, söz söyləyiblər.
Festival iştirakçıları Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksini və AzGranata Şirə və Şərab Emalı müəssisəsini ziyarət ediblər.
Festivalın ikinci günü MİRAS üzvləri Şölə Bayramova və Nərgiz Qarayevanın hazırladığı milli oyunlar əsasında yarışma təşkil olunub. Qolgüləşdirmə, Qaşıqda yumurta daşıma, Kəndirdartma oyunlarında qaliblər müəyyənləşdirilib. İştirakçılar müxtəlif milli rəqsləri birlikdə ifa ediblər, xarici qonaqlar da onlara qoşulublar.
Festivalın bədii hissəsi bitdikdən sonra Axır çərşənbə tonqalı qalanmış, iştirakçılar tonqaldan tullanmışlar. Daha sonra iştirakçılar 3 qrupa bölünərək kənddəki 3 evdə oturmuş, çillə çıxarmışlar. Onlar kənd evlərinə qurşaq tullamış, kənd sakinləri görüşmüş, evlərində qonaq olmuş, müxtəlif oyunlar oynamış, hekayələr dinləmişlər.
Səhər tezdən Tərəkəmə Çərşənbəsinin tonqalları qalanmış, iki od arasından əvvəlcə qoyunlar, daha sonra inəklər keçirilib. İştirakçılar mərasimi izlədikdən sonra özləri də iki od arasından keçərək yerli sakinlər kimi "Ağırlığım, uğurluğum yerlə getsin, ALLAH ruzimizi yetirsin" demiş, bolluq-bərəkət arzulamışlar.
Festivalın sonunda iştirakçılara sertifikatlar və hədiyyələr verilib.
Ege Foto və Kino Həvəskarları Dərnəyinin üzvləri (Ahmet Serdar Turan, Ahmet İmançer, Hüseyin Obruklu, Erdal Türkoğlu, Kemal Okul, A.Bahriye Sumer, Suha Sumer, Yılmaz Kalpalp, Veyis Polat və Ahmet Sular), Gürcüstan Fotoqrafları Asossasiyasının üzvləri (Kaxa Pxakadze, Nino Mghebrishvili və Mzia Lekveishvili), Azərbaycan Fotoqrafları Birliyinin üzvləri (Rauf Umudov, Fərqanə Qasımlı, Xətayi, Pəri Arifqızı) və Azərbaycanın peşəkar fotoqrafı Məmməd Rəhimov festival zamanı maraqlı fotoçəkilişlər ediblər.
AZƏRTAC, Xəzər TV, Space TV, Lider TV, Region TV, Dünya TV, Colorit - Creativity Workshop-un əməkdaşları (Adil Ağayev, Rəşad Əşrəfov, Rəşad Rəşidov, Cavanşir Seyfəddinoğlu, Günel İsayeva, Aqil Əsədov, Pərviz Əliyev və Nihat Qulamzadə) festivalı işıqlandırmaq məqsədilə maraqlı videoçəkilişlər edib, reportajlar hazırlayıblar. TRT isə Novruzla bağlı sənədli filmlərində istifadə etmək üçün festival zamanı videoçəkilişlər aparıb.
Festivalın sonunda III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalının keçirilməsi qərara alınıb.
 

Oxunub : 3010