AZE ENG
Facebook
Twitter Google Myspace
MIRAS-2014 simpoziumları tanıtım seminarları uğurla davam edir
17-2-2014

Bu gün MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xəzər Universitetində MİRAS 2014 simpoziumları tanıtım seminarı keçirdi. Seminarda İctimai Birliyin sədr müavini Arzu Soltan, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şölə Bayramova, İdarə Heyətinin üzvü Məmməd Rəhimov, Gənclər və mədəni irs şöbəsinin müdiri Gülşən Hüseynova, Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli, müəllim və tələbə heyəti iştirak edirdi. 

Seminarı açan Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli MİRAS İctimai Birliyinin bu sahədə fəaliyyətini yüksək qiymətləndirərək, gənclərin beynəlxalq konfranslarda fəal iştirak etmələrinin əhəmiyyətindən danışdı. Eyni zamanda may ayında Xəzər Universitetinin Türkiyənin Səlcuq Universiteti ilə birlikdə keçirəcəyi “21-ci əsrin pəncərəsindən Mədəniyyət və Kimlik” Beynəlxalq Simpoziumu haqqında da məlumat verdi.
İctimai Birliyinin sədr müavini Arzu Soltan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yaranma tarixi, gördüyü işlərdən danışaraq, MİRAS-ın gənclərə münasibətini açıqladı. Tələbələrə üz tutan Arzu xanım onların gənc yaşlarına baxmayaraq, istədikləri zirvələrə ucalmaq imkanına malik olduqlarını və hər şeyin istəkdən, məqsədyönlülükdən asılı olduğunu bildirdi, onlara təşəbbüskar olmağı tövsiyə etdi. Arzu xanım həmçinin görülən işlərdən, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi ərazisində aparılan arxeoloji qazıntılardan, Ağsunun mədəni irsin öyrənilməsi sahəsində dialoq mərkəzinə çevrilməsindən, bu barədə dəfələrlə müxtəlif səviyyəli forumlarda çıxışlarından söhbət açdı. Simpoziumlar haqqında ümumi məlumatı çatdırdıqdan sonra, sözü Şölə Bayramovaya verdi.
Şölə Bayramova Bosniyada keçiriləcək II Beynəlxalq Türk Sənət, Tarixi və Folkloru Konqresi/Sənət Tədbirləri, Qazaxda keçiriləcək II Beynəlxalq Həmzə Nigari Simpoziumu, Konyada keçiriləcək VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu, Ağsuda keçiriləcək “Mədəni irsin konservasiyasında gənclər YOCOCU” Beynəlxalq Konfransının hər biri haqqında ətraflı məlumat verərək, onların əhəmiyyətini, Azərbaycanın burada layiqincə təmsil olunmasının vacibliyini auditoriyanın diqqətinə çatdırdı. Eyni zamanda onların istənilən sualına cavab verməyə hazır olduğunu bildirdi.
Arzu Soltan həmçinin MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin mədəni irs turları haqqında məlumat verdi. Eyni zamanda YOCOCU konfransının Azərbaycanda keçirilməsinə necə böyük çətinliklə nail olunduğunu, burada hətta əcnəbilərin Azərbaycanda qadınların passivliyi haqqında stereotipləri ilə necə mübarizə apardıqlarından bəhs etdi. Auditoriyda əyləşmiş tələbə xanımlara müraciət edərək xüsusilə fəal olmalarını xahiş etdi.
Sonda Əlövsət Əmirbəyli görüş iştirakçılarına təşəkkürünü bildirdi və müəllim-tələbə heyətinə bu sahədə uğurlar arzuladı.

Oxunub : 2884