AZE ENG
Facebook
Twitter Google Myspace
MƏDƏNİ İRSİN İCTİMAİLƏŞMƏSİ MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
13-11-2015

Noyabrın 12-də Məmməd Səid Ordubadinin Xatirə Muzeyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Konstitusiya gününə həsr olunmuş “Mədəni İrsin İctimailəşməsi" mövzusunda seminar keçirilib. Tədbirdə Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, Bülbülün Memorial Muzeyi və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları, MİRAS İctimai Birliyinin üzvləri və media nümayəndələri iştirak ediblər.
Seminarı Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktoru Lalə Abas-zadə açıq elan edərək qonaqları salamlayıb. O, Məmməd Səid Ordubadinin Xatirə Muzeyi ilə MİRAS İctimai Birliyinin əməkdaşlığını yüksək qiymətləndirib, imzalanan əməkdaşlıq protokolunun uğurlu olacağına ümid etdiyini deyib.
Muzeyin elmi işçisi İradə Vəliyeva görkəmli ictimai xadim və yazıçı Məmməd Səid Ordubadinin həyat və fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib, onun yarım əsrdən artıq bir dövrdə xalqımızın azadlığı, səadəti, tərəqqisi və ədəbiyyatımızın inkişafında gördüyü böyük işlərdən bəhs edib. Məmməd Səid Ordubadi “Dumanlı Təbriz” romanı ilə ədəbiyyatımızda novator roman yazarı kimi tanınıb. Ədib yaradıcılığında xalqı vətənpərvərliyə, qalibiyyətə ruhlandırıb. O, müharibədən sonrakı yaradıcılığında müasir mövzulara toxunduğu “Təzə adam”, “Böyük tikintidə” (“Sumqayıt”) və s. əsərlərini yazıb. Ordubadi təqib edildiyindən yaşayış yerini tez-tez dəyişməyə məcbur olub, həbs və sürgün nəticəsində ilk əsərlərinin çox hissəsi itib.
Daha sonra MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli muzey rəhbərliyinə belə bir mühüm gündə tədbiri həyata keçirməyə razılıq verdikləri üçün öz minnətarlığını bildirib, birlik haqqında qısa məlumat verib, mədəni irsin ictimailəşməsi mövzusunda çıxış edib. Mədəni irsin öyrənilməsi, inkişafı, qorunması məqsədilə ilk növbədə onun ictimailəşməsi məsələsinə diqqət çəkib. Bu sahədə marriflənmə, ictimaiyyətdə mədəni irs anlayışının düzgün qəbul olunması, təbliğ yolları və s. məqamları iştiakçıların nəzərinə çatdırıb. Fariz Xəlilli Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərinin motivləri əsasında “Tariximizdə qanlı illər” səyyar foto sərgisinin keçirilməsini muzey rəhbərliyinə təklif edib.
Professor Kübra Əliyeva, Əfsanə Əliyeva, Orxan Qəmbərov, Uğur Qiyasi Məmməd Səid Ordubadi haqqında özlərinin və yaxınlarının xatirələrini bölüşüblər, mədəni irsə gənclərin baxışlarına münasibətlərini bildiriblər.
MİRAS İctimai Birliyi ilə Məmməd Səid Ordubadinin Xatirə Muzeyi arasında Akademik əməkdaşlıq protokolu imzalanıb.
Seminar iştiraçılarına və muzeyin fonduna MİRAS İctimai Birliyinin nəşrləri hədiyyə olunub. İştirakçılar həm Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, həm də Bülbülün Memorial Muzeyinin ekspozisiyası ilə tanış olublar.
 

Oxunub : 713