AZE ENG
Facebook
Twitter Google Myspace
BAKIDA OSMAN QAZİ KANDEMİRİN “QƏRƏNFİL” ROMANI TƏQDİM OLUNUB
18-11-2015

Noyabrın 17-də Kitabevim.az kitab mağazasında türkiyəli yazar Osman Qazi Kandemirin "Qərənfil" romanının təqdimatı və imza günü keçirilib.
"Qərənfil" müəllifin ilk romanı olub, Qarabağ müharibəsi illərində Azərbaycanda baş verən hadisələrdən bəhs edir. Türkiyədən Qarabağ savaşlarına qatılmış Seyfi ilə Naxçıvandan olan Reyhan adlı qızın saf məhəbbəti də əsərin süjet xəttini təşkil edir. Əsərin sonunda Seyfi şəhid olur.
2013-cü ildə Ankarada türk dilində nəşr olunmuş "Qərənfil" romanını Azərbaycan dilinə Minaxanım Nuriyeva-Təkləli tərcümə edib. Kitab MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə "Elm və Təhsil" nəşriyyatında çap olunub.
Təqdimat mərasimini MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. O, tədbir iştirakçılarını 17 noyabr Dirçəliş Günü münasibətilə təbrik edib, xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsində günün əhəmiyyətini qeyd edib. Təqaüddə olan general, yazıçı Osman Qazi Kandemirin roman yazarlığına Qarabağ müharibəsindən və iştirakçılarından bəhs edən bir əsərlə başlamasını təqdir edib.
Osman Qazi Kandemir "Qərənfil" romanının ortaya çıxma səbəblərindən, hərbçi olduğu dönəmlərdə Azərbaycana təlim-tədris məqsədilə gəlib-getməsindən, romanın baş qəhrəmanı Seyfinin şəxsiyyətindən bəhs edib. Azərbaycan və Türkiyənin güclü olması üçün milli birlik və bərabərliyin təmin edilməsinin zəruruliyini qeyd edib, tezliklə Qarabağın işğaldan azad olmasını arzulayıb.
Professor Minaxanım Nuriyeva-Təkləli Seyfinin ruh dünyasının genişliyi, onun Nuri paşa xislətli bir insan kimi təqdim edilməsi, Qarabağ müharibəsi dövrünün çətinliklərinin obrazlı təsvirini xatırladıb, müəllifin hadisələrə yaxınlığından danışıb.
Hərb tarixçisi Mehman Süleymanov romanda müəllifin nəinki Qarabağ müharibəsindən, eləcə də Qafqaz İslam Ordusu tarixindən xəbərdar olması və bədii həllərdə hər iki dövrün hadisələrindən istifadə etməsinə münasibətini bildirib.
Yazar Elxan Nəcəfov Osman Qazi Kandemirə Azərbaycan ədəbiyyatçıları adından belə roman yazmasına görə təşəkkür edib. O, qeyd edib ki, romanı dəyərli edən məqamlardan biri müəllifin elə hərbçi olmasıdır.
Professor Kübra Əliyeva Şuşa xatirələrindən danışıb. O, bu cür romanların, əsərlərin insanda yaddaşın təzələnməsinə səbəb olduğunu deyib.
Şairə Fərqanə Mehdiyeva vətən həsrəti ilə bağlı şeirini səsləndirib.
MİRAS İctimai Birliyi, Qafqaz Araşdırmaları İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi adından müəllifə hədiyyələr təqdim olunub.
Sonda Osman Qazi Kandemir iştirakçılar üçün kitablarını imzalayıb.

Oxunub : 2748