AZE ENG
Facebook
Twitter Google Myspace
Britaniya təəssüratları Səfər qeydləri
23-11-2015

Avropa arxeoloqlarının İstanbulda olmuş 20-ci illik toplantısında növbəti 21-ci toplantının 2015-ci ilin payızında Şotlandiyanın Qlazqo şəhərində keçirilməsi qərara alınmışdı. Toplantıya beş ay qalmış Təşkilat Komitəsindən mənə də dəvət gəldi. Bu, o demək idi ki, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli və YOCOCU Beynəlxalq Assosasiyasının İtaliyadan olan prezidenti Andrea Macchia ilə birlikdə göndərdiyimiz müştərək məruzə toplantının proqramına daxil edilmişdir.

Bakıdan Vyanaya, oradan da Londona uçduq. Gecə yarısı Avropanın ən nəhəng hava limanlarından biri olan Hitrou aeroportuna endik. Oradan da Qlazqoya uçmalı idik. Amma... Hitrou aeroportundan “Qlazqoya necə gedə bilərik” sualımıza dəqiq cavab verən yox idi. Gecə yarısı olduğundan, deyəsən, aeroport işçilərinin hamısı ala-yuxulu idi. Bir çox xidmət sahəsinin işçiləri yır-yığış edərək qapıları bağlayıb harasa tələsirdi. Görünür, bu səbəbdən sorğularımıza həvəssiz və səthi cavab verirdilər. Bəziləri avtobusla, bəziləri isə qatarla getməyi məsləhət görürdü. Real olanı o idi ki, gecənin bu vaxtı nə avtobus, nə qatar, nə də təyyarə vardı. Odur ki, Londonda gecələyəsi olduq. Biz Hitrou hava limanının yaxınlığındakı “İbis” otelinə gələndə soyuqdan dişlərimiz şaqqıldayırdı. Otelin milliyyətcə hind olan inzibatçısı bizi mehribancasına qarşıladı. Onun mehribançılığı və aeroportda heç birindən qənaətləndirici cavab ala bilmədiyimiz ingilislərin soyuqqanlılığı timsalında sanki bir anlığa avropalılarla asiyalıların xarakter və mentalitetindəki fərqləri göz önünə gəlirdi.

Londondan Qlazqoya uçmaq, sən demə, o qədər də müşkül iş deyilmiş. Bunun üçün sadəcə Hitrou aeroportunun II terminalından qatarla V terminala getmək lazım imiş. Özü də həmin qatar pulsuz işləyir. Oradan isə, demək olar ki, hər 2-3 saatdan bir Qlazqoya təyyarə reysləri var.


Gözəl Qlazqo

Günortaüstü artıq Qlazqoda idik. Məlumat üçün bildirək ki, Qlazqo Şotlandiyanın ən böyük, əhalisinin sayına görə isə Böyük Britaniyanın dördüncü şəhəri hesab olunur. Klayd çayının hər iki sahili boyu uzanan Qlazqo Böyük Britaniyanın şimal-qərb kənarında yerləşir və regionun inzibati mərkəzi hesab olunur.Yerli sakinlərin dediyinə görə, “Qlazqo” toponimi “yaşıl yarğan” mənasını ifadə edir. Geniş əraziyə malik parklar, xiyabanlar və Klayd çayı üzərindəki çoxsaylı körpülər Qlazqonu daha da gözəl göstərir. Körpülərdən söz düşmüşkən, oradakı çoxsaylı piyada, avtomobil və dəmir yolu körpüləri içərisində ən məşhuru 2006-cı ildə inşa olunan və yerli sakinlərin “Çəp körpü” adlandırdığı “Klayd Ark” asma körpüsüdür. London və Budapeşt şəhərlərindən sonra dünyanın üçüncü ən qədim metrosu 1896-cı ildən fəaliyyət göstərən Qlazqo metrosudur.

Tarixi məlumatlara görə Qlazqo şəhəri VII əsrdən mövcuddur. XII əsrdən etibarən isə regionun mühüm dini mərkəzlərindən birinə çevrilib. XVIII əsrdə baş vermiş sənaye inqilabı nəticəsində Britaniya şəhərləri içərisində Qlazqonun rolu və mövqeyi daha da artıb. Ölkənin əsas gəmiqayırma mərkəzlərindən birinə çevrilən Qlazqo XIX əsrdə Britaniya imperiyasının ikinci şəhərinə çevrilib.

1611-ci ildə kral I Yakovun fərmanı ilə Qlazqoya Kral şəhəri statusu verilib. 1736-cı ildə orada metallurgiya, tütün və toxuculuq müəssisələri, 1740-cı ildə isə boyaq sexləri işə düşüb. 1920-ci ildə əhalisinin sayı 1 milyona çatan Qlazqo əhalisinin sıxlığına görə Britaniyanın ikinci şəhərinə çevrilib.

Qlazqo 1990-cı ildə Avropanın mədəniyyət mərkəzi, 1999-cu ildə Britaniyanın memarlıq və dizayn şəhəri, 2003-cü ildə isə Avropanın idman paytaxtı elan olunub, şəhərin əhalisi etnik tərkib etibarı ilə müxtəlifdir. 2011-ci il siyahıya alınmasının yekunlarına görə, Qlazqo əhalisinin 84,5 faizini şotlandlar, 3,78 faizini pakistanlılar, 1,8 faizini çinlilər, 1,5 faizini hindlilər, qalan hissəsini digər etnik qruplar təşkil edir. O da maraqlıdır ki, 2014-cü ildə Şotlandiyanın müstəqilliyinə dair keçirilmiş referendumda Şotlandiya əhalisinin 55,3 faizi “yox” desə də, Qlazqo seçicilərinin əksəriyyəti “hə” deməklə müstəqillik tərəfdarı olduqlarını bildirmişlər.

Dini etiqad etibarı ilə əhalinin 54,5 faizi xristianlardan, 5,4 faizi müsəlmanlardan, 0,4 faizi isə buddistlərdən ibarətdir. Şəhər Qlazqo Şəhər meriyası tərəfindən idarə olunur. Onu da xatırladaq ki, Qlazqo Şotlandiya parlamentində 17, Britaniya parlamentində isə 9 deputatla təmsil olunur.

Qlazqoda 20-dən çox muzey və incəsənət qalereyası fəaliyyət göstərir. Oradakı Riversayd Muzeyi 2013-cü ildə Avropada “İlin muzeyi” müsabiqəsinin qalibi olub. 3000 ədəddən çox eksponatı olan Nəqliyyat Muzeyi də Qlazqonu dünyada məşhur edən muzeylərdəndir.

Şotlandlar təbiət etibarilə olduqca şən və musiqisevər xalqdır. Təsəvvür edin, təkcə Qlazqoda hər həftə orta hesabla 130-a qədər musiqi tədbiri keçirilir.

Şəhərdə 10-dan çox kinoteatr, o cümlədən Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən hündür kinoteatr binası olan “Sinevorld” fəaliyyət göstərir. İlboyu müxtəlif, özü də ənənəvi festivallar keçirilir. Qlazqoda 37 ictimai kitabxana, o cümlədən 1977-ci ildə məşhur tütün maqnatı Stiven Mitçellin vəsiyyəti əsasında yaranan Mitçell kitabxanası – Avropanın ən böyük arayış kitabxanası mövcuddur. Hansı ki, orada 1,3 milyon kitab, 3500 ədəd xəritə, fotoşəkil və qəzet saxlanılır.

Avropada kifayət qədər məşhur olan Qlazqo Kaledoniya Universiteti, Stratiklayd Universiteti, Şotlandiyanın Kral Konservatoriyası, Qlazqo İncəsənət Məktəbi və digər məşhur təhsil ocaqları da məhz Qlazqoda yerləşir.


Arxeoloqlar hansı problemləri
müzakirə etdilər?

Dünyanın müxtəlif ölkələrini təmsil edən 1800 arxeoloqun iştirak etdiyi Avropa arxeoloqlarının 21-ci illik toplantısı Qlazqonun möhtəşəm konsert salonlarından birində öz işinə başladı. Açılış mərasimində Şotlandiyanın tarixi-mədəni həyatını və arxeoloji abidələrini nümayiş etdirən filmlər nümayiş etdirildi. Sonra Britaniyada çox məşhur olan ikimərtəbəli avtobuslarla Qlazqo Elm Mərkəzinə getdik. İştirakçılar orada təşkil olunmuş sərgi ilə tanış olduqdan sonra şirniyyat süfrəsi ətrafında görüş və müzakirələr oldu. Ertəsi gün Qlazqo Universitetində bölmə iclaslarına start verildi. İclasdan əvvəl orada təşkil olunmuş arxeologiya və arxeloji tədqiqatlarda istifadə olunan alət və ləvazimatlardan ibarət sərgi yarmarkası ilə tanışlıq oldu.

Fürsətdən istifadə edərək, biz də çöl tədqiqatlarında istifadə məqsədi ilə bir neçə alət və ləvazimat aldıq. Açığını deyim ki, Azərbaycan arxeoloqlarının bu cür alət və ləvazimatlarına çox ciddi ehtiyacı var. Əfsuslar olsun ki, Bakıdakı və rayonlarımızdakı mağaza və satış mərkəzlərimizdə belə xarici ölkə arxeoloqlarının illərdir ki, istifadə etməkdə olduğu belə münasib nümunələrə heç vaxt rast gəlmirik.

Sonra toplantı 20 bölmə üzrə öz işini davam etdirdi. Bölmələrdə ümumilikdə 1000-dən artıq məruzə dinlənildi. Maraqlıdır ki, müzakirələrdə Avropa ölkələrini təmsil edən mütəxəssislərlə yanaşı, digər qitələrin nümayəndələri də iştirak edirdilər. Asiya, Afrika və Latın Amerikası ölkələrindən olan natiqlərin də öz uğurları və problemləri barədə söz demək imkanı oldu. Hər kəs toplantının proqramı ilə tanış olaraq onu daha artıq cəlb edən bölmələrdə iştirak edirdi. Şəxsən, mən dostum Farizlə birlikdə gün ərzində elə olurdu ki, 6-7 bölmədə olurduq. Bu isə iştirakçılara imkan verirdi ki, ən azı, indiki dövrdə ayrı-ayrı qitə və ölkələrdə, müxtəlif elmi mərkəzlərdə arxeologiyanın bu və ya digər problemlərinin qoyuluşu və həlli yolları barədə ilk mənbədən informasiya əldə etsinlər.

Bizimlə eyni bölmədə Şotlandiya, Yunanıstan, İrlandiya, İspaniya, Səudiyyə Ərəbistanı və Rusiyadan olan natiqlərin məruzələri dinlənildi. Maraqlı qarşılanan məruzələrdən biri şotlandiyalı mütəxəssisin sosial vəziyyəti etibarı ilə kasıb olan insanların yaşamış olduğu məhəllələrin tədqiqi barədə idi. Adətən, arxeoloqlar da, bir çox digər peşə sahibləri kimi, çox zaman təmtəraq ardınca qaçaraq hökmdar saraylarını, varlı və titullu insanlara məxsus Kurqan və sərdabələri öyrənməyə can atırlar. Kasıb insanların həyatı, onların məişət və mədəniyyətinin göstəricisi olan yaşayış massivlərinin tədqiqi isə o qədər də cəlbedici hesab olunmur. Halbuki, nəzərə alınmalıdır ki, bütün dövrlərdə hökmdarlar və onların əhatəsində olan varlı insanlar bütövlükdə toplumun olduqca cüzi bir hissəsi olub. Yəni, təkcə onlara aid binaları, məhəllələri və qəbir abidələrini öyrənməklə, bütövlükdə toplumun həyat tərzi və mədəni səviyyəsi barədə dolğun fikir söyləmək olmaz. Başqa sözlə, bu və ya digər orta əsr şəhəri və orada yaşamış insanlar barədə doğru-düzgün və əhatəli elmi nəticə əldə etmək üçün ən azı, sosial vəziyyəti fərqli olan ayrı-ayrı yaşayış məhəllələri tədqiq olunmalıdır. Artıq yuxarıda qeyd oluduğu kimi, şotland natiqin məruzəsində konkret faktlara istinadən bu məsələlərə də toxunuldu. Bu da iştirakçıların böyük marağına səbəb oldu.

Təvazökarlıqdan uzaq olsa da, bizim “Azərbaycanda orta əsrlərdə keramika istehsalının bəzi parametrləri” mövzusundakı məruzəmiz də iştirakçıların böyük marağına səbəb oldu və təbiidir ki, çoxlu suallar verildi. Suallar daha çox yerli istehsal nümunəsi olan materiallarla gətirilmə materiallar arasındakı bədii, texniki və texnoloji fərqlərə aid idi. Azərbaycanın orta əsr keramikasının tipologiyası, texnologiyası və kimyəvi tərkibindəki müxtəlifliyin səbəbləri barədə də suallar oldu. Verilən suallardan hiss olunurdu ki, qonşu ölkələrin, dünyanın ayrı-ayrı ölkələrində keramika istehsalı mərkəzlərinin Azərbaycana təsiri, habelə Azərbaycanda çox qədim zamanlardan başlayaraq formalaşmış keramika istehsalı ənənələrinin yaxın və uzaq ölkələrə təsiri və bu qəbildən olan digər məsələlər də iştirakçıları çox maraqlandırır.

Toplantıda bizimlə yanaşı, Azərbaycan arxeoloqlarından Səfər Aşurov və Mikayıl Mustafayev də iştirak edirdilər. S.Aşurov “Kür-Araz arxeoloji mədəniyyəti Naxçıvan abidələri kontekstində”, M.Mustafayev isə “Pəri qalası” mövzusunda məruzə etdilər. Onu da əlavə edim ki, mənim kimi onlar da əməkdaşı olduqları Arxeologiya və Etnoqrafiya İnstitutunun xətti ilə deyil, sadəcə öz təşəbbüsləri ilə toplantıda iştirak edirdilər. Amma məqsədəuyğun olardı ki, baza institutu kimi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ölkə alimlərinin beynəlxalq məclislərdə iştirakını koordinasiya etsin. Elə edilməlidir ki, Azərbaycan elmi, Azərbaycanın qədim və zəngin tarixi-mədəni irs nümunələri beynəlxalq tribunadan kifayət qədər effektli təqdim olunsun.


Qlazqo Universitetində
nələrə təəccübləndik?!

Məlumat üçün bildirək ki, 1451-ci ildən fəaliyyət göstərən Qlazqo Universiteti Sent-Endryus Universitetindən sonra Şotlandiyanın ikinci nüfuzlu qədim təhsil müəssisəsidir. Orada 9 fakültədə 130 ölkədən 23 mindən çox tələbə təhsil alır. Universitet bir-birindən çox da uzaq olmayan çoxsaylı korpuslardan ibarətdir. Əksər korpusların binalarının bir neçə əsrlik yaşı var. Binaların əksəriyyəti sanki heç qış mövsümündə də qızdırılmır. Yəni, daş döşəməli, hündür tavanlı, çoxsaylı qapı və pəncərəsi olan, bir-birindən iri zal və dəhlizlərdə qoyulmuş bir-iki köhnə çuqun batareyalarla inanmıram ki, o yerləri qızdırmaq mümkün olsun. Soyuq və nəmişlikdən binaların divarları kif atıb. Bu hal təkcə universitetdə deyil, elə Qlazqonun əksər binalarında müşahidə olunur. Şəhərdə isti bir kafe və ya restoran tapmaq çətin məsələdir. Biz orada olduğumuz günlərdə havanın temperaturu 7-8 dərəcəyə enmişdi, şotlandlar isə bunu fərq etmirmiş kimi, hələ də qolu qısa köynəklərdə gəzirdilər. Görünür, təbiət onları da belə olmağa vərdişkar edib. Və görünür sağlam olmaq üçün elə bu cür təbiətən soyuq mühitə öyrəşməyin də faydası var. Kim şotlandlar kimi boy-buxunlu, canlı-cüssəli və sağlam olmaq istəyirsə, qoy, bunu da sınasın. İnanın səmimiyyətimə, Qlazqo küçələrində, meydanlarında bədəncə zəif, çəlimsiz və fiziki cəhətdən problemli insan, demək olar ki, gözə dəymir. Yəni, orada olarkən bir daha əmin oldum ki, sağlam olmaq üçün ətraf mühit faktoru nə qədər önəmlidir. Universitet divarları içərisində gördüklərimizdən bizi, bəlkə də, ən çox təəccübləndirən onların muzeyi oldu. Orada Misir və Fələstindən tutmuş, bir çox ölkə və xalqlara aid olduqca zəngin kolleksiya nümayiş etdirilir. Ekspozisiya yeni deyil, amma son dərəcə peşəkar səviyyədə işlənib. Orada dünyanın ən məşhur muzeylərinin belə həsəd apara biləcəyi bir çox nadir nümunələr saxlanılır.

Növbəti tanışlıq ünvanımız universitet kitabxanası oldu. Doğrusu, səhərdən ayrı-ayrı bölmələrdəki müzakirələr barədə məlumatlı olmaq məqsədi ilə ora-bura qaçdığımızdan fiziki cəhətdən çox yorulmuşdum. Ona görə də heç yana gedəsi halım yox idi. Amma Fariz əl çəkmədi. Çox təkid etdi ki, Bakıdan gətirdiyimiz kitabları aparıb universitet kitabxanasına hədiyyə edək. Beləliklə, axşamçağı kitabxanada olduq. Bura 12 mərtəbədən ibarət, olduqca müasir və möhtəşəm bir binadır. Birinci mərtəbənin foyesindəki rahat kresloya yayxanaraq kompüterdə işləyən ağ köynəkli kişiyə gəlişimizin məqsədini bildirəndə onun çöhrəsinə əməlli-başlı nur gəldi. O, kitabları və özümüz barədə məlumatları götürüb, “Qalan məsələləri özümüz sənədləşdirərik”, – deyə bizi arxayın etdi. Biz isə kitabxanın tarix və arxeologiya bölməsi ilə tanış olmaq istəyimizi bildirdik. – Liftlə 8-ci mərtəbəyə qalxın, – dedi.

Kitabxananın tarix və arxeologiya bölməsində bəlkə də, on minlərlə kitab var. Bütün mərtəbəni tutan dar və uzun labirintə bənzəyən çoxsaylı kitab rəflərinin arasını gəzincə adamın ürəyi sıxılır. Orada nələr yoxdur?! Və birdən o başdan Farizin səsini eşitdim: – Qafar müəllim, gəlin, görün, burada nələr var! O mənə Ermənistana, erməni tarixinə və saxta erməni genosidinə dair kitabları göstərdi. Həmin kitabların əksəriyyəti son 5-10 ilin məhsuludur. Xeyli dolaşdıq, xeyli aradıq, ancaq Azərbaycana aid heç nə tapa bilmədik. Mərtəbəni tərk etmək istərkən liftin yaxınlığında 5-6 kitabdan ibarət sərgidəki iri həcmli “Ermənistanın tarixi atlası” kitabını görəndə isə şəkərim də, təzyiqim də arzuolunmaz həddə qalxdı. Atlas 2001-ci ildə Çikaqoda nəşr olunub. Müəllifi amerikalı alim Robert H.Nefsen, içərisindəki xəritələri tərtib edən isə kartoqraf Kristofer C.Salvaticodur.

Albomda verilmiş xəritələrin bir qismi, o cümlədən 25, 52 və 53-cü xəritələr Qafqaz Albaniyasına aiddir. Orada bizim mütəxəsislərin tərtib etdikləri bir çox tarixi xəritələrə belə düşməyən neçə-neçə abidələrimiz, o cümlədən Mehrəvan şəhəri, Girdman qalası, Xursan ərazisi və hətta Basqal yaxınlığındakı Tağlabiyan kəndi belə yer alıb. Onsuz da yenicə açıq əməliyyatdan çıxmış problemli ürəyimi ağrıda-ağrıda, sızlada-sızlada bu sözləri ona görə yazıram ki, qoy bizim alimlər, xariclə elmi-mədəni əlaqələri qurmağa məsul olan şəxslər o qədər də müştəbeh olmasınlar. Bizim görəcəyimiz işlər həqiqətən çoxdur. Biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün olduqca çox işləməliyik. Qoy, həmkarlarım məndən inciməsinlər, rəhmətlik Ziya Bünyadov hər zaman deyirdi ki, bizim yazdıqlarımız hələ ki, Biləcəridən o yana keçmir. Əgər keçirsə, dünyanın ən böyük universitet kitabxanalarından biri olan Qlazqo Unversitetinin kitabxanasında niyə yoxdur?! Hesab edirəm ki, heç olmazsa, bundan sonra elm adamlarımız, qələm sahiblərimiz, xarici ölkələrdəki diasporumuz, xüsusən də diplomatlarımız öz fəaliyyətlərində bu sahədə olan boşluqları nəzərə alacaqlar. Başqa sözlə, erməni kilsəsi də, ermənilərin elm adamları da, onları himayə edənlər də hər yerdə və bütün istiqamətlərdə qarşılarında Azərbaycanı və azərbaycanlıları görməlidirlər. Əgər biz özümüz boş meydan verməsək, onda erməni qaragüruhu öz yalan və böhtanlarını dünya ictimaiyyətinin beyninə yeridə bilməz.


Qlazqo etüdləri

Qlazqo Avropada ən çox mədəniyyət və istirahət parkı olan şəhərlərdəndir. Özü də parklar, demək olar ki, süni surətdə bəzədilməyib, ərazisinə rəngli plitələr döşənməyib. Parklarda daha çox vəhşi təbiətin özünə xas olan cizgiləri qorunub saxlanılıb. Günün hansı vaxtı hansı parka getsən qələbəlikdir. İnsanlar qrup halında gələrək orada istirahət edirlər. Kimi ailəvi dincəlir, kimi yaşıdları ilə voleybol və ya tennis oynayır, başqa bir tərəfdə kiçik yaşlı məktəblilərin səsi aləmi bürüyüb.

Şəhərdə valyuta dəyişmək istəsən çox çətin olacaq. Çünki Bakıdakı kimi, addımbaşı bir valyuta dəyişmə məntəqəsi yoxdur. Çox axtardıqdan sonra cəmi bir məntəqə tapdıq, o da saat 6-dan sonra olduğuna görə işləmirdi.

Qlazqoda ən defisit şeylərdən biri də aptekdir. Şəhərdə, ümumiyyətlə, aptek gözə dəymir. 6 gün orada olduq, cəmi kiçik bir aptek gördük. Görünür, insanları sağlam olduğundan iynə-dərmana da ehtiyac duymurlar.

Qlazqo əhalisinin təqribən hər iyirmi nəfərindən biri müsəlman olsa da, şəhərdə 28 məscid fəaliyyət göstərir. Axşam namazı vaxtı şəhərin nisbətən şimal tərəfində yerləşən “Əl-Furqan” məscidində olduq. Bu məscid həm də Qlazqodakı “İslam mədəniyyəti mərkəzi” hesab olunur. Axşam namazına gələnlərin sayı olduqca çox idi. Məscidin zallarından birində insanlar namaza durmuşdu, digər zalda isə axund mikrofon qarşısında duraraq uca səslə İslam dəyərləri ətrafında söhbət aparırdı. Qlazqo məscidlərinə ibadət etməyə gələnlər əsasən hindlilər, pakistanlılar və kürdlərdir. Böyük-kiçik bilmədən bu insanların hamısı qarşı-qarşıya gələrkən “Salamu-əleykum” deyə bir-birini salamlayırlar.

Növbəti gün günorta ziyarət saatlarında Qlazqonun ən böyük məscidi və eyni zamanda “İslam mərkəzi” olan başqa bir məscidi ziyarət etdik. Bu tamamilə fərqli memarlıq görkəmi olan modern bir məsciddir. Məscid o qədər nəhəngdir ki, içərisinə daxil olarkən özünü sanki üstü bağlı bir futbol meydançasında hiss edirsən. Biz orada olarkən təqribən 25-30 nəfər yorğun müsəlman xalçalar üzərində uzanaraq xor-xor yatırdı.

Axşamlar Qlazqodakı evlərin əksəriyyətinin pəncərəsindən işıq gəlmir. Adamda elə təsəvvür yarana bilər ki, bu evlərdə, ümumiyyətlə, yaşamırlar. Əksinə, şəhərdəki bütün restoranlar, kafelər, barlar, diskotekalar gecədən xeyli keçənədək dolu olur. Sanki hər yanda çal-çağırdır. Yəni, şotlandlar işdən sonrakı sərbəst vaxtlarını evdə deyil, daha çox məhz bu cür yerlərdə keçirməyə üstünlük verirlər.

Qlazqoda, demək olar ki, şotland mətbəxi ilə rastlaşmadıq. Daha çox italyan, hind, çin və Pakistan mətbəxi hökmrandır. İaşə obyektlərində çalışanların isə əksəriyyəti türklər, kurdlər və pakistanlılardır.


Britaniya Muzeyində

Sentyabrın 6-da səhər tezdən Qlazqonu tərk edərək Londona uçduq. Bu, Britaniya paytaxtına üçüncü gəlişim olsa da, heç vaxt oranı əməlli-başlı gəzə bilməmişdim. Elə bu dəfə də şəhərlə tanışlıq üçün cəmi bir gün vaxtımız vardı. Ona görə də vaxt itirmədən hava limanından birbaşa taksi ilə Britaniya Muzeyinə gəldik. Biz oraya çatanda artıq günorta idi. Muzeyin qarşısında minlərlə insan vardı. Bir tərəfdən dəstə-dəstə içəri daxil olurlar, digər tərəfdən isə dəstə-dəstə muzeydən çıxırlar. Bir sözlə, içəri də, çöl də insan seli ilə doludur. Maraqlıdır ki,muzeyə giriş pulsuzdur. Axşam düşənədək, demək olar ki, qaça-qaça muzeyin çoxsaylı zallarından yalnız bir neçəsi ilə ötəri tanış ola bildik. Doğrudan da, olduqca möhtəşəm bir muzeydir. Bəlkə də dünyanın bir nömrəli muzeyidir.

Tanışlığa Assuriya zalından başladıq. İlahi, orada nələr yoxdur?! Qədim assur yazıları olan nəhəng daş lövhələrdən tutmuş, nəhəng və heyrətamiz heykəllərədək daha nələr, nələr?! Qədim Misir materialları, Roma və yunan abidələri, İslam mədəniyyəti nümunələri – adam istər ki, hər lövhə, hər heykəl, hər vitrin qarşısında saatlarla dursun. O nadir eksponatları duymaq üçün ən azı oranı təkrar-təkrar ziyarət etmək gərəkdir. Mənim üçün çox maraqlı, həm də əhəmiyyətli faktlardan biri də o oldu ki, Ağsu tədqiqatları zamanı Mehrəvan şəhər yerindən VII-VIII əsrlərə aid tapdığımız nərd zərlərinin oxşar nümunələrinə, oradakı İslam mədəniyyəti nümunələri zalında nümayiş etdirilən Pakistan materialları işlərində də rast gəldik. Fərq ondadir ki, Britaniya muzeyindəki Pakistan zərləri Ağsu tapıntilarından təqribən 600-700 il sonrakı dövrə aiddir.

Mən tarixçiyəm. Yəni, ingilislərin tarix boyu dünyanın, demək olar ki, bütün nöqtələrində yeritdikləri işğalçılıq, müstəmləkəçilik və qarətçilik siyasəti barədə kifayət qədər məlumatlı insanlardanam. Britaniya muzeyində gördüklərimlə, bir növ oxuduqlarımı və eşitdiklərimi tamamlamış oldum. Muzeylə tanışlıqdan sonra, doğrusu, onların əsrlər boyu digər xalqlara qarşı həyata keçirmiş olduğu talançılığı sözlə təsvir etməyə ifadələr tapmaqda çətinlik çəkirəm. Bunlar hələ muzeyə gətirilənlərdir, vitrinlərdə nümayiş etdirilənlərdir. Yazıq Şərq! Yazıq Şərq xalqları! Sizin o qədim Şərq sivilizasiyasından axı nəyiniz qalıb?!

Bu cür qarmaqarışıq düşüncələrlə Londonda keçirdiyimiz o bir günü də başa vurduq. Sonuncu gecəni də Hitrou aeroportu yaxınlığındakı “İbis” otelində gecələyərək tezdən Vyanaya, oradan da Milana uçduq. Bizi Avropanın daha bir qədim və yüksək inkişaf yolu keçmiş ölkəsi olan İtaliyada olduqca maraqlı görüşlər gözləyirdi.

Qafar CƏBİYEV,
Azərbaycan Respublikasının
Əməkdar jurnalisti,
tarix elmləri doktoru

Oxunub : 2311