AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycanlı alimlər IV Beynəlxalq Terrorizm, Miqrasiyalar, Köçkünlər - Mədəni İrs və Dəyərlər, İqtisadiyyat, Turizm və Media ilə bağlı Müasir Çağırışlar” konfransında iştirak ediblər
21-1-2016

Yanvarın 17-19-da Makedoniya Respublikasının Ohrid şəhərində IV Beynəlxalq “Ohrid-Vodici, 2016 - Terrorizm, Miqrasiyalar, Köçkünlər - Mədəni İrs və Dəyərlər, İqtisadiyyat, Turizm və Media ilə bağlı Müasir Çağırışlar” konfransı keçirilib. Konfransın təşkilatçıları Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan), İnteqrasiya və Mədəniyyətlərarası Əlaqələr Mərkəzidir (Mulheim an der Ruhr, Almaniya).
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Tahirə Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Günel Seyidəhmədli və Mehbara Abbasova Azərbaycanı təmsil etmişlər.
Konfransda terrorizmin müasir cəmiyyətin ən böyük problemi olduğu qeyd edilib. Bildirilib ki, terrorizm müasir dünyanın qlobal cəmiyyət kimi inkişafı yolunda əsas maneədir. Terrorizm, miqrasiya və köçkünlər həyatımızın bütün mərhələlərində müasir təhlükə riskidir. Elm adamları və ekspertlərin mədəni müxtəliflik, mədəni irs, iqtisadi inkişaf, turizm, media ilə bağlı apardığı araşdırma, təhlil və mübadilələrə konfransda xüsusi yer verilib.
Azərbaycan alimləri konfransda Azərbaycanın üzləşdiyi işğal faktoru və qaçqınlar probleminə diqqət çəkiblər. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli “Tarixi Qarabağ bölgəsi irsinin sənədləşdirilməsi layihəsi”ndən bəhs edən çıxışında bölgənin və mədəni irsin hazırki durumundan danışıb. O, qeyd edib ki, hal-hazırda bölgə Ermənistan tərəfindən işğal altında saxlanıldığından azərbaycanlılar Qarabağ ərazisinə keçə bilmirlər (2014-cü ildə 3 nəfər qarabağlı atalarının qəbrini ziyarət etmək üçün Kəlbəcər ərazisinə keçmiş və Ermənistan silahlı qüvvələri onlardan 1-ni öldürmüş, 2-ni əsir alaraq, mühakimə etmişdir). Ərazinin böyük bir hissəsi minalanmışdır. Qarabağ ərazisi nəticədə nəzarətsiz bölgəyə çevrilmiş, narkotik istehsalı, daşınması və satışı, bölgəyə məxsus mədəni irs nümunələrinin digər ölkələrdə satışı və qaçaqmalçılıq geniş yayılmışdır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası qətnamələr və digər hüquqi sənədlər qəbul etmiş, Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması ilə bağlı çağırışlar etmişlər. Daha sonra Qarabağın mədəni irs abidələrinə işğalçıların münasibətini göstərən “Xocalı vaxtı” filmi nümayiş olunub. Sonda qeyd edilib ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu gün dünyada tolerantlıq nümunəsi olan Azərbaycan Respublikası bütün Azərbaycan vətəndaşlarının, o cümlədən ermənilərin ölkədə təhlükəsiz və rahat yaşaması üçün zamindir və bu mədəni müxtəlifliyi təmin etmək üçün bütün imkanlara malikdir.
Konfrans zamanı Sosial-Antropologiya İnstitutunun direktoru, professor Rubin Zemon multikulturalizm sahəsində apardığı araşdırmalara görə “MİRAS” mükafatına layiq görülüb. Diplomla yanaşı mükafat kimi üzərində MİRASa məxsus nişanələr olan Gəgəli palazı hədiyyə olunub.
Konfransda keçən il baş tutmuş konfransın materillarından ibarət kitab d təqdim edilib. Kitabda Azərbaycandan çox sayda alimin elmi məqalələri yer alıb.
Yanvarın 19-da Azərbaycan nümayəndə heyəti türklərin sıx yaşadığı Jupa bələdiyyəsinə getmiş, orada yerli sakinlərlə görüşmüşlər. Jupa bələdiyyəsində 20 yanvar faciəsinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Bələdiyyə sədri Ariyan İbrahim Azərbaycan nümayəndə heyətinə onlara diqqət ayırdıqları üçün minnətdarlıq edib. 20 yanvar faciəsindən xəbərdar olduqlarını və şəhidlərin ruhunu yad etdiklərini bildirib. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli və Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva 20 yanvar faciəsinin tariximizdə həm də qəhrəmanlıq səhifəsi olduğunu, şəhidlərin amalına - Azərbaycanın müstəqilliyinə qovuşduğunu qeyd ediblər. Jupa bələdiyyəsinin şöbə müdiri Şain Şakir və professor Rubin Zemon Makedoniya və Türkiyə dövlətlərinin birgə səyləri ilə türklər arasında görülən işlərdən danışıblar. Azərbaycan nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyi, Milli Azərbaycan Tarixi Muzeyi, Bülbülün Memorial Muzeyi, MİRAS İctimai Birliyi və ayrı-ayrı alimlərin adından Jupa bələdiyyəsinin kitabxanasına kitablar, broşürlər, jurnallar və disklər hədiyyə ediblər.
Daha sonra Azərbaycan nümayəndə heyəti Mustafa Kamal Atatürkün baba evinin yerləşdiyi Kocacık kəndindəki xatirə muzeyini ziyarət edib.
 

Oxunub : 897