AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Üzvləri üçün Mədəni İrs Ekskursiyalarına Başlayıb
22-2-2016

Fevralın 20-də Miras üzvləri Gülşən Hüseynovanın bələdçiliyi və Aidə Məlikovanın moderatorluğu ilə “Daşların musiqisi” adlı turda iştirak etmişdir. Tur saat 14:00-da İçərişəhər metrosunun yanından başlamış, Filarmoniya istiqamətində davam etmişdir. İlk öncə Filarmoniya bağı ilə üzbəüz yerləşdirilmiş köhnə binaların tarixi haqqında söhbətə başlayan Gülşən xanım həmçinin, onların üzərindəki dekorativ ornamentlərlə bağlı məlumat vermiş, binaların istifadə məqsədlərindən, memarlıq üslublarından danışmışdır. Tağıyevin, Nağıyevin, Muxtarovun tikdirdiyi binalar haqqında danışarkən verdiyi dəqiq məlumatlarla bizləri bir anlıq keçmişə aparmış, sanki, zamanda bir əsrlik səyahətə çıxarmışdır. Daha sonra, Miras üzvləri dahi Azərbaycan şairi Səməd Vurğunun ev muzeyini ziyarət etmiş, orada şairin ailə səcərəsi, həyata baxışı, onun və ailə üzvlərinin həyatı ilə daha yaxından tanış olma imkanı əldə etmişlər. Bələdçi söhbət zamanı Səməd Vurğunun şərəfinə adlandırılmış Azərbaycandakı habelə xaricdəki abidələrdən, küçə adlarından bəhs etmişdir. Muzeydə həmçinin dahi rəssam və heykəltəraşlar tərəfindən hazırlanmış sənət nümunələrindən bir neçəsi də yerləşir. Hansı ki, belə əsərlər arasında dəyərli şairə həsr olunmuş xalçaçı-rəssam Lətif Kərimov tərəfindən hazırlanmış xalça, Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış bir neçə heykəl, habelə ölüm maskası və Səməd Vurğunu təsvir edən rəsm əsərləri nümayiş olunmuşdur. Tur zamanı Gülşən xanım yorulmadan, böyük həvəslə iştirakçıların bütün suallarını əhatəli şəkildə cavablamış, tariximizin qaranlıq səhifələrinə mehriban səsi ilə işıq salmışdır. Nəticədə tur başladığı kimi İçərişəhər metrosunun yanında başa çatmışdır. 

Qeyd edək ki, mədəni irs eksursiyaları 6 fevral tarixindən adı çəkilən üzvlərin təşəbbüsü ilə "Sehrli Bakı turu" ilə başlamışdı.

Oxunub : 3067