AZE ENG
Facebook
Twitter Google Myspace
XOCALI mədəni, XOCALILILAR mənəvi mirasımızdır
29-2-2016

28 fevral tarixində MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli və üzvləri Glüşən Hüseynova, Əli Allahverdiyev və Şahin Sarıyev Pirşağıda Xocalıdan qaçqın düşmüş, eləcə də Şuşa və Laçın sakinlərinin məskunlaşdığı Qızılqum qəsəbəsinə baş çəkmişlər. "Qızılqum" sanatoriyası bir zamanlar Pirşağının məşhur olan, indi isə antisanitariya və xəstəlik mənbəyinə çevrilmiş, sakinlərinin revmatizm, plevrit, oynaq xəstəliklərinə yoluxmasına səbəb olan məkandır. Onlar Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, Xocalı rayon tam orta məktəbinin direktoru Füqurə Rüstəmovanın (Milli Qəhrəman Füzuli Rüstəmovun yaxın qohumu) bələdçiliyi ilə Pirşağıda Xocalı sakinləri ilə görüşmüş, Milli Qəhrəmanlarımızın ailə üzvləri və şəhid ailələri ilə söhbətlər aparmışlar.

Pirşağıda başının dərisi soyulmuş şəhidimizin oğlu Nizami ilə tanışlıq olmuşdur. Nizami fəhlə kimi çalışıb, 10 yaşlı oğlu talassemiya xəstəsidir və ona yenicə qan köçürülüb. Uşağa 3 gün ərzində müəyyən dərmanlar vurulur. Qeyd edək ki, o, 2 yaşından talassemiyadan əziyyət çəkir və Nizami bəyin və böyük oğlunun iliyi Təbrizdə onunku ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Lakin ailənin maddi çətinliyi olduğundan müalicəsini davam etdirmək qeyri-mümkündür.
MİRAS üzvləri zirzəmisi 1,5 metr kanalizasiya suyu içində olan, natəmizlik, üfunətdən baş çatlayan, qışın sazağında, yayın duzağında insanları sağlamlıqları ilə sınağa çəkən sanatoriyada Xocalı sakinlərinin çox böyük əzab çəkdiyinə şahidlik etmişlər.
Orada həmçinin üzvlər 12 yaşında Xocalı faciəsinin şahidi olmuş, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı, 3 övlad anası, Milli Qəhrəmanımızın igid balası, onkoloji, Xocalı məktəbində ibtidai sinif müəllimi işləyən Yasəmən adlı xanımla da həmsöhbət olublar. Ata-anasının Xocalıda qaldıqlarını, atasının nəşinin Bakıya necə gətirildiyini, yalnız dəfnə az qalmış yanında əyləşdiyi nəşin atasına məxsus olduğunu bilərək yaşadığı hissləri ürək yanğısı ilə onlara ifadə etmişdir. Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov şəhəri sonuna qədər qoruyan, əsl hərbçi məharəti və vətənpərvərlik nümunəsi göstərən qəhrəmanlarımızdandır.
Qızılqumda Xocalı məktəbi fəaliyyət göstərir. Orada 180 şagird təhsil alır. Lakin məktəbin çox darısqal otaqlar, növbəli dərslər, qazsızlıq kimi problemi mövcuddur.
Xocalılarla söhbət əsnasında MİRAS üzvləri onların arzularını dinlədi. Belə ki, Binanin ağsaqqalları və ağbirçəkləri yalnız zirzəminin qurudulması istəyini ifadə etdilər. Yasəmən Hüseynovanın isə Tofiq Hüseynovun adının əbədiləşdirilməsi, onun dərs dediyi məktəbə onun adının verilməsi kimi ümdə bir arzusu vardır.
Azərbaycanın mədəni irsinin ən yaxşı nümunələri XOCALIdadır. XOCALILILAR mənəviyyat mücəssəməsi, qəhrəmanlıq və şəhidlik fəlsəfəmizdir. MİRAS olaraq XOCALILARA dəstək üçün birləşməyə, ictimai həmrəylimiz sayəsində onlara mənəvi ruh verməyə cəhd edəcəyik.

Oxunub : 743