AZE ENG
Facebook
Twitter Google Myspace
MİRASın Konyada Konfransı
19-5-2016

12-14 may tarixlərində Türkiyənin Konya şəhərində Beynəlxalq YOCOCU Asossiasiyası, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Selçuk Universiteti Türk Əl Sənətlərı Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya şəhər bələdiyyəsi, Nişantaşı Üniversiteti və Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə VI Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Konfransı keçirilib. Konfransda Azərbaycan, İran, İtaliya, Moldova, Makedoniya, Almaniya, Türkmənistan və Türkiyədən 130-dan çox alim iştirak edib.
Mövlanə Kültür Mərkəzində baş tutan açılış mərasimində konfransın baş katibi və sərginin kuratoru Ahmet Aytaç çıxış edərək universitetlərin yalnız dərslərin verildiyi qurum deyil, elm və sənət ocağı olmaqla digər elm və mədəniyyət institutları ilə əməkdaşlıq çərçivəsində bütünləşməsinin vacibliyini vurğulayıb. Bu mənada konfransın Selcuk Universitetinin beynəlxalq və yerli təşkilatlarla uğurlu əməkdaşlığınının nəticəsində baş tutduğunu bildirib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli müxtəlif ölkələrdən alimlərin bu konfransda iştirak etdiyini, MİRAS və Selçuk Universiteti arasındakı işbirliyinin Azərbaycanda və dünyada təqdir olunduğunu və dəstəkləndiyini qeyd edib. Bütün iştirakçı alimlərə minnətdarlıq edən Fariz Xəlilli Türk dünyasına məxsus mirasın öyrənildikcə, qorunduqca, təbliğ olunduqca elmin və bütün bəşəriyyətin öz nəsibini aldığını bildirib. Selçuk Universiteti Türk Əl Sənətlərı Araşdırma və Tətbiqetmə Mərkəzinin direktoru Dos.Dr. Osman Kunduracı Konya Böyükşəhər bələdiyyəsinin elmi müəssisə və toplantılara müsbət münasibətini təqdir edib. Sədr Tahir Akyürek və onun Konyada gördüyü işlər haqqında danışıb. Beynəlxalq YOCOCU Asossiasiyasının bələdiyyə sədrinə verdiyi mükafatı xatırladan Osman Kunduracı tarixi Bədəstanda aparılan bərpa və konservasiya işlərindən də bəhs edib. Azərbaycan nümayəndə heyəti adından Prof.Dr. Qafar Cəbiyev qeyd edib ki, dünyanın müxtəlif guşələrində yaşayan türk insanlarını, sənət və elm adamlarını birləşdirmək, dəyirmi masa ətrafına toplamaq, onlarla bizim keçmişimizi, bu günümüzü və qarşıda duran vəzifələrimizi müzakirə etmək hər zaman faydalı işdir. O, Azərbaycan nümayəndə heyəti adından Konya Böyükşəhər bələdiyyəsinə və Selçuk Universitetinin rəhbərliyinə minnətdarlıq edib. Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun direktoru Prof.Dr. Rubin Zemon Osmanlı dövlətinin dağılmasından və müstəqil Balkan ölkələrinin yaranmasından sonra Balkanlarda türk icmasının formalaşması probleminə diqqət çəkib. Türk alimlərini bu problemləri araşdırma və tədqiq etməyə çağırıb. Makedoniyada türk icmalarından ibarət bələdiyyələrin olmasını qeyd edən Rubin Zemon Albaniya, Bosniya və Hersoqovina, Serbiya kimi ölkələrdə də türk icmasının formalaşmasına ehtiyac olduğunu bildirib. Beynəlxalq YOCOCU Asossiasiyasının prezidenti Dr. Andrea Macchia Türk dünyasının mədəni irs sahəsindəki gənc mütəxəssislərinin dünyanın aparıcı universitetlərində çalışan alimlərlə yaxından tanış olması üçün belə konfransların önəmli olduğunu və gələcəkdə ingilisdilli mütəxəsislər üçün ayrıca bölmələrin nəzərdə tutulmasının əhəmiyyətini qeyd edib. Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun nümayəndəsi Sonya Burgucu qaqauz türklərinin ümumtürk mədəniyyətində özünməxsus yer tutduğunu, elmi və mədəni baxımdan inteqrasiyaya çalışdıqlarını qeyd edib. Bu il Komratda keçirilən konfrans haqqında danışıb. Konya Böyükşəhər bələdiyyəsinin sədri Tahir Akyürek öz çıxışında konfransın işinə uğurlar arzulayıb. Yeni əsərlərə vəsilə olacaq konfransa Konyanın ev sahibliyi etməsindən qürur hissi keçirdiyini ifadə edib. Selçuk Universitetinin rektoru Prof.Dr. Mustafa Şahin hələ rektor olmazdan əvvəl dəfələrlə bu formatda keçirilən simpozium və konfranslarda əksər alimlərlə görüşdüyünü və hər zaman dəstəyə hazır olduğunu bildirib. Açılışda Selçuk Üniversiteti Dilek Sabancı Dövlət Konservatoriyasının tələbələri folklor musiqisi ifa ediblər. Açılış nitqlərindən sonra simpoziumun təşkilatçılarına və nümayəndə heyəti başçılarına plaketlər verilib. Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımova "Bilime ve Sanata Katkı Ödülü" təqdim olunub.
Bölmələrdə Azərbaycan alimlərindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, Prof.Dr. Qafar Cəbiyev (Girdiman vilayətinin ilk orta əsr maddi-mədəniyyət abidələri), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli (Axtaçılar), AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, Prof.Dr. Ertegin Salamzadə (Türk incəsənətində Qorqud obrazı), Avrasiya Üniversitetinin baş müəllimi Çiçək Hüseynova (Çağdaş Azərbaycan nəsrində ədəbi detallar (Elçinin “Qarabağ Şikəstəsi” hekayəsi və “Bayraktar” adlı qısa romanı), AMEA Əlyazmalar İnstitutunun elmi işçisi Tahirə Əliyeva (Piri Rəisin “Kitab-ı Bahriyye” əsərində yeddi dəniz), Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Prof.Dr. Şikar Qasımov (Tarixi abidələr mədəni irsimizin ayrılmaz parçasıdır), Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Nazilə Abdullazadə (XX əsr Azərbaycan şairi Əliağa Vahidin lirikasında gül və bülbül poetik obrazları), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Günel Seyidəhmədli (Azərbaycanın qadın heykəltəraşları), AMEA Memarlıq və İncəsənət İnstitutunun doktorantı Gülşən Qasımzadə (Azərbaycan tarixi sarayları və onların bədii tərtibatında istifadə olunmuş xalılar), AMEA Foklor İnstitutununun dosenti, filiologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı (Qarabağ folklorunda miflər, mifik əfsanə və rəvayətlər), AMEA Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Paşayevanın (Sədnik Paşa Pirsultanlı və Azərbaycan əfsanələri) məruzələri maraqla qarşılanıb.
Konfrans müddətində İzzet Koyunoğlu Muzeyinin sərgi zalında "Türk əl sənətləri sərgisi" və simpoziuma təqdim olunan posterlər nümayiş olunub. II Tərəkəmə Çərşənbəsi Folklor Festivalı zamanı Türkiyə, Gürcüstan və Azərbaycan fotoqraflarının çəkdiyi fotolar, Ağsu rayonu Gəgəli kəndində toxunmuş palaz namazlıq (Simuzər Xəlilova, Əntiqə Həsənova) və s. sərgilənib. AMEA Fəlsəfə və Hüquq İnstitutunun elmi işçiləri Füzuli Qurbanov və Yeganə Rəsulova (Tarixi yaddaş mədəniyyətin təkamülü dinamikasında), Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantları Ali Taşdemir və İhsan Gökçen (İstanbulun Müasir Dini Memarlığında Ənənəçilik və mədəni irsin qorunmasında dini tikililərin təsnifatı yolları - Aydın şəhəri örnəyində), AMEA Fəlsəfə və Hüquq İnstitutunun elmi işçiləri Dr. Hüseyin Zülqədrin (RIPH modeli əsasında televiziyanın rol və fəaliyyətinin yenidən nəzərdən keçirilməsi) posterləri də sərgidə nümayiş etdirilib.
Sonuncu gün iştirakçılar Sille antik dövr abidəsi, Mövlanə Cəlaləddin Ruminin türbəsi və xatirə muzeyi, Karatay mədrəsəsi və muzeyi ilə tanış olublar. Axşam mövləvilərin səma rəqsini izləyiblər.
 

 

Oxunub : 1041