AZE ENG
Facebook
Twitter Google Myspace
Mirasla 7 il hesabat görüşü
13-2-2017

 Fevralın 12-də Royal Hotelin konfrans zalında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "MİRASla 7 il" hesabat görüşü keçirilib. Görüşdə birliyin üzvləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər. 

Görüş zamanı Miras İctimai Birliyinin mövcud olduğu yeddi ildə görülən işlər, layihələr xatırlanıb. Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Miras İctimai Birliyinin 2016-cı ildə gördüyü işlərin hesabatını təqdim edib. O bildirib ki, MİRAS 2016-cı ildə ölkədəki iqtisadi böhrana baxmayaraq qarşısına qoyduğu layihələri həyata keçirə bilib. Belə ki, arxeoloji tədqiqatlara dəstək baş tutmasa da, Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin mühafizə və təbliğini davam etdirib. Ohrid, Konya, Ulan-Bator, Madrid konfranslarında MİRAS üzvlərinin və elmi ictimaiyyətin iştirakını təşkil edib. II Beynəlxalq Gənclər Mədəni İrs və Turizm Forumunu keçirib, tezislər kitabını nəşr edib. Ağsu rayonunun Gəgəli kəndində II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalının təşkilində iştirak edib və təxminən 120 nəfərin kənd evlərində gecələməsinə çalışıb. Festivalda Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, İndoneziya, Yəmən və digər yerlərdən iştirakçıların qatılmasını təmin edib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində araşdırma aparılıb, təlim və sərgi keçirilib, qadınlar arasında biznes sahəsində aktivliyin artırılmasına çalışılıb. Həmin təlimlərdən sonra qadınlardan biri "Öz Biznesinə Başla" təlimlərində iştirak edərək və biznes layihəsini uğurla müdafiə edərək Palaz toxuculuğu sahəsində biznes fəaliyyətinə başlamışdır. II Ağsu arxeologiya festivalı, yazıçılarla Qala görüşü, inklüziv turizmlə bağlı fiziki məhdudiyyətli şəxslərin səkkizgünlük turu və kənd qadınlarının əl işlərindən ibarət sərgi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində baş tutub. İl ərzində müxtəlif tarixi və mədəni irs abidələrinə ekskursiyalar təşkil olunub. MİRAS üzvlərinin təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində rəssamların sərgiləri keçirilib. Avropa Erasmus+ proqramı çərçivəsində MİRAS üzvlərindən ibarət müxtəlif universitetlərin tələbələri Belçikanın Brüssel, Beringen, Hassalt, Genk, Gent, Antverpen şəhərlərində təlimlər keçiblər. MİRAS İctimai Birliyi 2017-ci ilə yeni layihələrlə başlayıb. Onlardan biri Şamaxıda açılan MİRAS Kitab Kafe layihəsidir. III Tərəkəmə Çərşənbəsi Folklor Festivalı və Makedoniya Vevçani festival turu elan olunub, qeydiyyat aparılır. 
MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvləri Prof.Dr. Qafar Cəbiyev, Prof.Dr. Kübra Əliyeva, Prof.Dr. Şikar Qasımov Mirasın nailiyyətlərindən və problemlərindən danışıblar, yeni layihələrdə uğurlar arzulayıblar. 
2016-cı ildə mədəni irs sahəsində fəaliyyətlətinə görə fərqlənən ictimai xadimlər, eləcə də MİRAS üzvləri MİRAS Mükafatı ilə təltif ediliblər. Mükafatlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Royel Hotelin sahibi və direktoru Şahruddin Alqayev, MİRAS İdarə heyəti sədrinin müavini Şölə Bayramova, "Professional Mühasib" jurnalının baş redaktoru, audit üzrə mütəxəssis Mehdi Babayev, Matrix Oasis Turizm şirkətinin tur meneceri, MİRAS üzvü Aidə Məlikova, UZ AVTO BAKI MMC-nin İT mühəndisi, MİRAS üzvü Orxan Qəmbərov, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayevə təqdim olunub. "MİRAS Mükafatı - 2017" Mehrəvan qalasında 2015-ci ildə arxeoloji qazıntı zamanı aşkar olunmuş III əsrə aid sümük bəzək əşyasının reproduksiyasıdır. Heykəltəraş Vüqar Quliyev tərəfindən hazırlanaraq rəngləndirilmişdir. 
Tədbirin sonunda üzvlərin təklif və tövsiyələri dinlənilib, yeni üzvlərə üzvlük kartları təqdim olunub.
Oxunub : 414
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod