AZE ENG
Facebook
Twitter Google Myspace
Arxeoməktəb layihəsi başlanıb
24-10-2017

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “ARXEOMƏKTƏB: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsinə başlanılmışdır.

Layihənin əsas məqsədi Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının nəzdində ARXEOMƏKTƏB klubunu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək Tarix kabinetinə təsadüfən aşkar olunmuş arxeoloji materialları toplamaq, arxeoloqlarla görüşlər keçirmək, məktəblilərə qədim tariximizi öyrənən arxeologiyanı sevdirmək, məktəbliləri Bakıya yaxın rayonlarda təşkil olunacaq düşərgələrə cəlb etməkdir. 

Layihə çərçivəsində şagirdlər, müəllimlər və valideynlər tərəfindən təsadüfən aşkar edilmiş arxeoloji və etnoqrafik materiallar ARXEOMƏKTƏBƏ cəlb ediləcək. Toplanmış arxeoloji və etnoqrafik materiallar klub üçün ayrılmış otaqda toplanacaq. Dərslərdən sonra klub üzvləri və ekspert arxeoloqla birlikdə həmin artefaktlar sistemləşdiriləcək və sənədləşdiriləcək, inventar kitabı tutulacaq. Layihənin sonunda toplanmış və sənədləşdirilmiş materiallar məktəbin akt zalında müəyyən müddət sərgilənəcək, təqdimatı keçiriləcək. Klub üzvləri, xüsusilə rəsm qabiliyyəti olan məktəblilər arxeoloji və etnoqrafik materialların real və qrafik rəsmlərini, eləcə də fotolarını çəkəcəklər. Tarix və arxeologiyanın sənədləşdirilməsində fotoların əhəmiyyəti nəzərə alınaraq bir həftəlik arxeofotoqrafiya ustad kursu keçiriləcək. Məktəblilər arxeoloji və etnoqrafik materiallar haqqında araşdırmalar aparacaq, məqalələr yazacaqlar. Maraqlı rəsm, foto və məqalələrinuşaq jurnallarında nəşrinə çalışılacaq.

Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu sərgi-ekspozisiya şöbəsi, Şamaxı Tarix Diyarşünaslıq Muzeyi və Orta əsr Ağsu şəhəri areoloji turizm kompleksində məktəbli arxeoloqların seminar və düşərgələri təşkil olunacaq.

Layihənin son mərhələsində ARXEOMƏKTƏB klubunun məktəbli arxeoloqlarının digər məktələrdə görüşü təşkil ediləcək. Onlar klubdakı fəaliyyətləri zamanı öyrəndikləri məlumatlar və qazandıqları yeni bacarıq və vərdişlərlə bağlı təqdimatla çıxış edəcəklər. ARXEOMƏKTƏB klubunun topladığı arxeoloji və etnoqrafik materiallar və klubun fəaliyyəti kataloq şəklində nəşr olunacaq və ictimaiyyətə təqdim olunacaq.

Layihənin rəhbəri Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının Tarix müəllimi Anar Əliməmmədovdur.  Layihənin eksperti Dr. Fariz Xəlillidir.

20 oktyabr 2017-ci il tarixdə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında layihəiştirakçıları ilə ekspertin birgə görüşü keçirilib. Layihənin rəhbəri Anar Əliməmmədov layihənin hazırlıq işlərinin başa çatdırıldığını, layihədə iştirak edəcək şagirdlərin seçildiyini, koordinatorun, könüllülər qrupunun və onun rəhbərinin müəyyənləşdirildiyini, ekspertin və təlimçinin razılığının alındığını, ARXEOMƏKTƏB  klubunun fəaliyyət göstərməsi üçün otağın müəyyənləşdirildiyini, Bakı ətrafı düşərgənin və seminarların vaxtının razılaşdırıldığını qeyd edib. 

Layihənin eksperti Dr. Fariz Xəlilli mədəni irsin öyrənilməsində və təbliğində arxeologiyanın əhəmiyyətindən bəhs edib. Ağsuda aparılan arxeoloji qazıntıların nəticələri əsasında ARXEOMƏKTƏB klubunun fəaliyyəti zamanı görüləcək arxeoloji və etnoqrafik işlərlə bağlı məlumat verən Fariz Xəlilli orta əsr Ağsu şəhərində 2 günlük düşərgə-ekspedisiyanın təşkil ediləcəyini, məktəbli arxeoloqların imitasiya olunmuş arxeoloji qazıntılarda iştirakının təmin ediləcəyini bildirdi.

Gimnaziyanın direktoru Xuraman Osmanova layihənin aktuallığından və əhəmiyyətindən bəhs edərək şagirdlərin layihədə fəal iştirak edəcəklərinə, maraqlı təcrübə qazanacaqlarına və fərdi bacarıqlarını inkişaf etdirəcəklərinə əminliyini ifadə edib.

Gimnaziyanın müəllimləri Vüsal Qasımov, Ləman Hacıyeva, Cəmilə Allahverdiyeva və şagirdlər layihə ilə bağlı fikirlərini bölüşüblər, klubun yaradılmasının Gimnaziyanın fəaliyyətində mühüm hadisə olduğunu qeyd ediblər.

 
Oxunub : 499