AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycan Arxeologiyasının Piri haqqında düşüncələrim
23-8-2020

Mövzü arxeologiya olsa da yazımı romantik notlar üzərinə kökləmək istəyirəm. Belə ki, bu gün gənclərin sevimli kitabı olan "Arxeologiya və romantika" əsərinin müəllifi haqqında söhbət açacağam.

Mən 2010-cu ildən etibarən Azərbaycan tarixini və xalqımızın mədəniyyətini əsasən orta əsr mənbələri və arxeologiyası vasitəsilə araşdırıram. Məlumdur ki, orta əsrlərin demokratik ruhlu insanları və alimləri sufi xanəgahları və cəmiyyətləri ətrafında toplaşır, öz əsərlərini belə dərgahlarda yaradırdılar. Onlar düşünürdülər ki, alimin nəinki özü, elə ruhu da azad olmalıdır, aləmi seyr eləməli, aləmdə səfər eləməlidir. İnsanların pedaqogikası və psixologiyası ilə məşğul olan orta əsr sufi alim və şairləri həm də fəlsəfənin dərinliklərinə qədər fikir yürüdürdülər. Həmin çevrələrdə öz məktəbini yaradan və yeni əsərlər ortaya qoyan sufilərə “Pir” deyə müraciət edirdilər. Pir - öz coğrafiyasının bütün alimlərini, övliyalarını bir çətir altında birləşdirən ustad şəxsə deyilirdi. Sonralar Azərbaycanda ruhsuzluq dövrü ortaya çıxanda yenə həmin şəxslərin yaddaşlarda qalan məkanları - xanəgahları, dərgahları, türbələri “Pir” deyə ziyarət olunmağa və yad edilməyə başladı.

Hər sahənin hər zaman kəsiyində və hər coğrafiyada bir piri olur. Bütün arxeoloqları və onların əsərlərini analiz edəndə görürsən ki, Azərbaycanda hazırki dövrdə arxeologiyanın piri Qafar Cəbiyevdir. Qafar müəllim yaşının və biliyinin elə bir çağındadır ki, bütün tarixi və arxeoloji tədqiqatlara yön verə bilir. Hər kim Qafar Cəbiyevlə məsləhətləşsə, mühakimələrində və qənaətlərində yanılmır. Alim var ki, səliqəli qazır, amma yazmaqda çətinlik çəkir. Alim var ki, səliqəsiz qazır, amma yaxşı təsvir edir, yazır. Qafar Cəbiyev kimi alimlər isə həm səliqəli qazır, həm də elmi cəhətdən əsaslandırılmış şəkildə yaza bilir. Qafar Cəbiyev Azərbaycan arxeoloqlarını başına toplayıb öz arxeologiya dərgahında Azərbaycan tarixinin problem məsələlərini həll edə bilmək gücündədir. Onun tapılmış arxeoloji materialların və qalıqların qorunması, həmin maddi-mədəniyyət nümunələrinə insanları cəzb etməsi üçün ruh verilməsi kimi həssas mövqeyi hər zaman təqdir olunub.

Hər pirin kəşfləri, kəramətləri olduğu kimi Qafar Cəbiyevin də elmdə ilkləri, kəşfləri vardır. O, Azərbaycanın son orta əsr keramikasını ilk dəfə sistemləşdirmiş, onları müxtəlif aspektlərdən təhlil eləmişdir. Qafar Cəbiyevin "Azərbaycan keramikası" əsəri nəinki son orta əsr arxeoloqlarının, eləcə də bütün dövrlərin keramika araşdıran alimlərinin stolüstü kitabıdır.

Qafqaz Albaniyasının ilk orta əsr vilayət və şəhərlərini araşdırması onun uşaqlıq xəyalları ilə çulğalaşır. Dəfələrlə Qafar müəllimlə ziyarət etdiyimiz İsmayıllının Talıstan kəndini qucaqlayan Cavanşir qalasının mənzərəsi nəinki alimlərə, dahi şairlərə də ilham vermişdir. Xalq şairi Səməd Vurğun özü də bilmədən şeiriyyəti ilə vəsf etdiyi Talıstanlı bir gənci arxeologiya elminə gətirmişdir. Qafar müəllim bütün əks fikirlərə rəğmən dönmədən sübuta yetirmişdir ki, Cavanşir qalasının da aid olduğu tarixi Girdiman vilayəti Girdiman çayı hövzəsində yerləşmişdir. O, izi-tozu belə bilinməyən, qeydiyyat sənədləri olmayan ilk orta əsrlərin nadir qala-şəhəri Mehrəvan qalasının yerini də bu coğrafiyada kəşf etmişdir. Onun Mehrəvan qalasında apardığı arxeoloji tədqiqatlar islamöncəsi mənəvi dünyamız haqqında maraqlı informasiya verir.

Hər genişmiqyaslı qazıntı özü bir məktəbdir. Həmin qazıntılarda iştirak edən gənc alimlər şəhər topoqrafiyasını, tikili qalıqlarını, çoxsaylı saxsı, metal, daş, şüşə məmulatını görür, duyur və gələcək başqa kiçik həcmli qazıntıları anlayırlar. Qafar Cəbiyev məktəbini belə qazıntılarda öyrənən alimlər artıq yer üstündən vizual baxışla altdakı qalıqları görür, ruhları ilə hiss edirlər. Orta əsr Ağsu şəhəri bu mənada Qafar Cəbiyev məktəbini öyrənməyin əsl meydanı idi. Qafar Cəbiyev silsiləsini davam etdirdiyi Fazil Osmanov, Saleh Qazıyev, İsaq Cəfərzadə kimi alimlərin təcrübəsini yeni gənc nəsilə Ağsu və Qəbələ meydanlarında ötürmüşdür. Ağsuda al günəşin altında iliyinə qədər bişən elmi və texniki işçilərə qayğı ilə yanaşması, onların hər xırda problemini həll etməsi ustadın ərənliyindən xəbər verir. Gedilən doğru yola əyri niyyətlərlə qoşulan və əngəl törətməyə çalışanların olmasına baxmayaraq Ağsu ekpedisiyası özünün kamil həddinə çatdı və şəhərin 1,5 hektar ərazisində Cümə məscidi, Buzxana, Hamam, Qala divarları, Mərkəzi yollar, Su kanalları və s. iri tikililəri ortaya çıxardı. İş o qədər nəhəng və mükəmməl idi ki, tədqiqatın 9-cu ilində Orta əsr Ağsu şəhəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Qoruğu elan edildi.

Alimin müvəffəq olmasına yol açan səbəblər mütləq vardır. Bu mənada Şıxməzid yaşayış yerinin araşdırılması mənim də həyatımda önəmli məqamlardan biridir. Əslində gözümüzün qarşısında iki pir bir-birini tapmışdı: Şeyx İzzəddin Türkmani və Qafar Cəbiyev. Biz taliblərə isə seyr eləmək qalmışdı. Şıxməzid araşdırıldıqca bizə bəlli oldu ki, XV əsrin sufi xanəgahlarından birini öyrənirik. Buradaca qeyd edim ki, XV-XVI əsrlərdə Şirvanşahlar dövlətindən bütün dünyaya yeni sufi cərəyanı olan xəlvətilik məktəbinin yetirmələri yayılırdı. Onlar Təbriz, İstanbul, Qahirə, Saray, Kəfə kimi mərkəzlərə Şirvanın mənəvi ruhunu daşıyırdılar. Qafar Cəbiyev elə ilk qazıntıdaca bir pir kimi bunu hiss elədi və mənə "Xanəgahlar Şirvanşahlar dövləti tarixinin öyrənilməsində mənbə kimi" araşdırma mövzusunu tapşırdı. Ardınca geriyə, pirlərə doğru yollar açıldı. Şeyx Dursun türbəsi qarşısında iri tikili, Basqal qəsəbəsində Şeyx Məhəmməd məscidinin qədim təbəqəsi, Kələxanada türbələr kompleksi, Kürdüvanda Minarəüstü abidəsi və başqaları. 

Uzun zamandır, xəlvətilik sufi məktəbinin qurucusu Pir Ömərin türbəsinin Avaxılda olduğu işarəsini alsaq da öyrənmək mümkün olmurdu. Qafar müəllim Azərbaycan tarixi üçün maddi və mənəvi yükü böyük olan bu missiyanı da üzərinə götürdü. Qazıntıların gedişində çoxsaylı mənəvi işarələr Pir Ömərə yaxınlaşdığımızı hiss etdirirdi. Müəllim və tələbələri olaraq biz çox sınandıq. Pandemiyanın tüğyan etdiyi bir zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva Pir Ömərin türbəsini ziyarət etdilər. Mən bilmirəm, onlar Pirin türbəsinin üzərindəki əsrlərin yadigarı olan ağaca toxunduqlarında nə hiss edirdilər, nə düşünürdülər, amma onu dəqiq bilirəm ki, onların gəlişi ekspedisiyamıza düşərli oldu. Bir neçə gün sonra Pirin türbəsinin kitabəsi tapıldı. Bax, bu göstərdi ki, arxeologiya təkcə maddiyyat elmi deyil, həm də mənəviyyatla kəşfə götürən elmdir. Abidəni təkcə görməklə iş bitmir, onu hiss etmək lazımdır. Ağılın gözü açıq olduğu kimi, ürəyin də gözü gərək açıq olsun!

Azərbaycan Arxeologiyasının Pirini çöldə, qazıntılarda müşahidə eləməyi hər gənc arxeoloqa arzulayıram. Ömrünün yetmişində pirimizə isə aləmdə yeni səfərlər, aləmi yeni seyrlər arzu edirəm.

 

Fariz Xəlilli

tarix üzrə fəlsəfə doktoru

Oxunub : 55