AZE ENG
Facebook
Twitter Google Myspace
Erməni yalanları və Qərbin planları
1-12-2020

Ermənilər tarix boyu yalan uydurmağı və heç utanmadan, çəkinmədən onu bütün dünyaya yaymağı çox yaxşı bacarıblar. Yalanları ayaq tutub yeridikcə iştahaları və həyasızlıqları da artıb. Uzun illərdir ki, özlərinin heç zaman olmayan saxta qədim dövlətçilik ənənələri və “böyük Ermənistan” xülyalarını real tarix kimi bəşəriyyətin zehninə sırımaqdadırlar.

Uydurma erməni dövləti harada olub? Erməni alimləri həmin dövlətin sərhədlərini niyə cıza bilmirlər?! Niyə erməni xalqının tarixi barədə uzun-uzadı yazır, amma erməni dövlətinin tarixi məsələsindən yan keçirlər?! Ona görə ki, dövlətin tarixindən yazarkən mütləq şəkildə gərək onun sərhədlərini göstərəsən. Ermənilər bunu edə bilmirlər. Çünki, haraya qələm tuşlayırlarsa, o yerlərin əzəli sahibləri onlara dirsək göstərir. Bax, elə bu səbəbdən də onlar tarix boyu erməni dövlətinin deyil, daha çox, məhz erməni xalqının tarixi barədə mifik dastanlar uydurub yaymaqla məşğul olublar. Başqa sözlə, köçüb gəldikləri ərazilərdə özlərinə yer edəndən sonra arasında və ya qonşuluğunda yaşadıqları xalqların dəyərlərini öz adlarına çıxmaqla saxta erməni tarixi formalaşdırmağa çalışıblar. Bunu onlar təkcə biz azərbaycanlılara və türklərə qarşı etməyiblər.

Saxta tarix yaratmaq cəhdləri
 
Elə qonşularımız olan gürcülür də erməni riyakarlığından az əziyyət çəkməyib. Görün, tanınmış gürcü yazıçısı və ictimai xadimi İlya Çavça­vadze hələ 100 il öncə erməniləri necə xarakterizə edib: “Ermənilər sözlə və qələmlə bütün dünyaya and içirlər ki, guya, Qafqaz sıra dağlarının o biri tərəfindən Dəclə və Fərat çaylarının başlanğıcına qədər, demək olar ki, Qara dənizdən Xəzər dənizənədək qədimdən Ermənistan deyilən yer olub”. Görün, gürcü müəllifi daha sonra nə yazır: “Bizi Yer üzündən tamamilə silib atmaq üçün onlar adımızı biabır edir, bizi milli heysiyyətdən məhrum etməklə, kifayətlənməyərək, bütün tariximizi də, salnaməmizi də, tarixi qalıqlarımızı və abidələrimizi, bizə məxsus hər şeyi müxtəlif fırıldaqlar yolu ilə özlərinin adına çıxırlar”. Amma nə olsun? Nə artıra biliblər?! Məşhur atalar məsəlində deyildiyi kimi, “İtdən çox çarıq oğurlayan yoxdur, amma ayağı hələ də yalındır”. Ermənilərin oğru, qarayaxa, hiyləgər, ri­yakar, satqın və etirbarsız toplum olduğu artıq hər kəsə bəllidir.
 
Ermənilər Qarabağa 1828-ci ildən sonra, Türkmənçay sülh müqaviləsinin şərtlərinə uyğun olaraq köçürülüblər. Ona görə də Qarabağ ərazisində 1828-ci ildən əvvələ aid heç bir erməni izi olmayıb. Bəli, ermənilər özləri də çox yaxşı bilirlər ki, Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Bu saxta dövlət Rusiya imperiyası dağılandan sonra 1918-ci ildə yaradılıb, paytaxt elan etmək üçün şəhər tapılmayanda isə əzəli Azərbaycan şəhəri olan İrəvan onlara peşkəş edilib. Təkcə buna görə əbədi olaraq Azərbaycan xalqına minnətdar olmaq əvəzinə, görün bu həyasız toplum özünə yer etdikdən sonra daha nələr etdi?! Azərbaycana, Türkiyəyə, qonşu Gürcüstana ərazi iddiaları irəli sürdü.… İnsan da özününkü olmayana axı necə iddia edə bilər?!
 
Xülyalar puç oldu
 
Mən əvvəllər dəfələrlə yazmışam və təkrarən yenə də bəyan edirəm ki, ermənilərin əsassız ərazi iddiala­rı bunlarla bitmir. Vaxt gələcək, onlar Rusiyaya, Fransaya, lap elə ABŞ-a qarşı da özlərinin müqəddəratını təyin etmək şüarları altında ərazi iddiaları ilə çıxış edəcəklər. Heç kəs düşünməsin ki, son illər Şimali Qafqazda kompakt şəkildə cəmləşən ermənilər nə vaxtsa “miatsum” deyə-deyə küçələrə çıxmayacaqlar. Bu­nun üçün onlar pusquda durub, əlverişli tarixi məqamın yetişəcəyi anı gözləyirlər. Hələlik isə nəhəng Rusiya dövlətinin imkanlarından geninə-boluna faydalana­raq keyf çəkməkdədirlər. Bununla belə, quyruqları qapı arasında qalan kimi, Rusiyanın ünvanına hədyan yağdırırlar. Bu günlər Yerevanın küçə və meydanla­rında olduğu kimi.
 
Könüllərindən keçən odur ki, on­ların əsassız iddiaları naminə Rusiya Azərbaycanla düşmən olsun, rus ordusu onların əvəzinə Azərbaycana qarşı vuruşsun. Halbuki, ermənilər təkcə elə İkinci Qarabağ müharibəsi dövründə Ru­siyanın onlara göstərdiyi yardıma (bunu Rusiya Prezidenti V.Putin özü də açıq şəkildə bəyan etdi) görə, ən başlıcası isə fəal hərbi əməliyyatları dayandırmaqla problemin həllinin diplomatik məcraya keçirilməsi yolundakı səylərinə görə hər zaman Rusiya dövlətinə minnətdar olmalıdırlar. Əks halda, nələr baş verəcəyini baş nazir Nikol Paşinyan və Ermənistanın hərbi rəhbərləri artıq dəfələrlə rəsmi şəkildə etiraf ediblər. Ermənistan prezidenti A.Sarkisyan son müsahibələrinin birində bildirdiyi kimi, onun ölkəsi “təkcə döyüş meydanın­da deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub”. Başqa sözlə, artıq ermənilər özləri də anlayır və etiraf edirlər ki, onlar Azərbaycanla savaşmaq gücündə deyillər. Kənar dövlətlərin himayəsi və yardımı olmazsa, Ermənistan bir dövlət olaraq cəmi bir neçə həftə ərzində Azərbaycan Ordusu tərəfindən tam olaraq diz çökdürülə bilər. Ali Baş Ko­mandanımızın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar zamanı bunu bütün dünya­ya sübut etdi. Amma əfsuslar olsun ki, dünyada Azərbaycanın nəhayət, hərbi yolla nail olduğu bu reallıqları da həzm edə bilməyən, onu özləri üçün məqbul hesab etməyən qüvvələr var.
 
Ermənilərin havadarları
 
30 il özlərini karlığa, korluğa qoyaraq Azərbaycanın haqq səsini eşitməyən, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan, Qarabağda işğalçı Ermənistanın xeyrinə olan status-kvonu hər vasitə ilə saxlamağa xidmət edən həmin dairələr indi də noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzalamış olduqları bəyanatı “ekspertiza” etməklə məşğuldurlar. Görünən odur ki, Qarabağın işğaldan azad olması, çoxsaylı insan itkiləri ilə nəticələnən savaşın bitməsi və uzunmüddətli sülhün bərqərar olması həmin dövlətlərin döşünə yatmır. Ordan-burdan bəyanat və şərhlər səslənir ki, bu problem, məhz nə üçün Rusiya və Türkiyənin iştirakı ilə həll olunub?! Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa niyə kənarda qalıb?! Siyasi cəhətdən nə qədər ədalətsiz olasan ki, bu cür mövqe sərgiləyəsən? Soruşuruq: bu vaxtadək harada idiniz?! Niyə bir milyona yaxın azərbaycanlı qaçqın-köçkünün ahu-naləsini eşitmirdiniz?! Niyə Azərbaycan Prezidentinin “Ermənistanı durdurun!”, “Ermənistanı başa salın!” kimi bəyanat və müraciətlərini qulaqardına vururdunuz?! Həmsədr olduğunuz halda niyə qatı ermənipərəst mövqe sərgiləyirdiniz?!

Ermənilərin nəyinə aşiqdirlər?!
 
“Minsk üçlüyü” yaranan gündən açıq-aşkar Ermənistanı dəstəkləyən Fransa indi hansı haqla problemin diplomatik müstəvidə nizamlanması prosesinə baş vurur?! Fransanı cırtdan Ermənistanın, fransızları millətçilik xəstəliyinə düçar olmuş ermənilərin haqsız, ədalətsiz iddialarını dəstəkləməyə vadar edən nədir?! Fransa prezidentinin erməni sevgisi ilə dolu çıxış və bəyanatlarına nə ad verək?
 
E.Makron, görünür, hələ də ATƏT-in həmsədrlik mandatının mahiyyət və məqsədinin nədən ibarət olduğunu anlamaq istəmir. O, Ermənistan tərəfinin hərbi əməliyyatlar rayonundan çox-çox uzaqda olan Gəncəni, Bərdəni qadağan olunmuş silah növləri ilə bombalaması, dinc insanları qanına qəltan etməsi və çoxsaylı mülki infrastrukturu dağıtması kimi qatı hərbi cinayətləri görmədimi? Hər gün Tərtər şəhərinə yağdırılan mərmi yağışından xəbərsiz idimi?! Ermənilər Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və işğal etdikləri digər yaşayış məntəqələrini viran ediblər. Ağdamdan, Kəlbəcərdən çıxarkən heç vaxt onlara mənsub olmayan evləri, ictimai binaları yandırdığını, söküb, dağıdıb viran etdiklərini, məscidlərimizdə donuz saxladıqlarını, bir sözlə, son yüzilliklərin ən ağır və genişmiqyaslı vandalizmini görmürmü?!
 
Azərbaycana məxsus tarixi-mədəni dəyərləri dağıdanlara, viran edənlərə və onlara “gözün üstə qaşın var” deməyənlər indi hansı üzlə Azərbaycandan erməni kilsələrinə ehtiram umurlar?! Məgər onlar bilmirlər ki, biz Bakının mərkəzində erməni kilsəsini olduğu kimi bərpa edərək, qoruyub saxlamışıq?! Qoy, bizi ittiham edənlər azərbaycanlıların və ermənilərin tarixi-mədəni, milli və dini dəyərlərə münasibətinə dair çoxsaylı faktları müqayisə edərək utansınlar, gec də olsa, nəticə çıxartsınlar.
 
Görün, Fransa Senatında təmsil olunanlar nə günə qalıblar ki, erməni diasporu və lobbisi nə sifariş edirsə, onu da oynayırlar. Əvvəllər dəfələrlə ermənilərin bu cür sifarişlərinə oynamış Fransa senatorları noyabrın 25-də xunta rejimi olan qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı tövsiyə xarakterli qətnamə qəbul etməklə özlərinin nə dərəcədə “ədalətli” və “demokrat olduqlarını” bir daha dünyaya göstərmiş oldular. Bütün bunları görə-görə hələ bir haqq işimizdə bizə mənəvi dəstək (bəli, hələ ki, ancaq mənəvi dəstək) olan qardaş Türkiyəni hansı haqla ittiham edirlər?!
 
Yaxşı olardı ki, Fransa terrorçu dövlət olan Ermənistanı və erməni separatizmini himayə edərək Azərbaycan və qardaş Türkiyənin ünvanına ittihamlar səsləndirməzdən əvvəl bir öz keçmişinə nəzər salsın. 132 il ərzində Əlcəzairi müstəmləkə əsarətində saxlayan, 1954-1962-ci illərdə milyon yarım əlcəzairlini soyqırımına məruz qoyan, 1994-cü ildə Ruandada 800 mindən çox günahsız insanı qətlə yetirən, keçmiş müstəmləkələri olan 14 Afrika ölkəsindən 60 ildən çoxdur ki, hələ də xərac almaqda davam edən Fransa hansı üzlə beynəlxalq hüquqdan, demokratiyadan danışa bilər?! Olmayan “dqr”-ın müstəqilliyini tanıyacağı ilə bizi təhdid edən Fransa, qoy, əvvəlcə özünün uzun illər əsarətdə saxladığı və referendum yolu ilə artıq öz müstəqilliyini elan etmiş olan Korsika və Yeni Kaledoniyanın müstəqilliyini tanısın. Hələ də keçmiş müstəmləkəsi kimi davrandığı Qəmər adaları ittifaqına daxil olan Mayot adasını hansı məntiqlə özünü 101-ci departamenti elan etdiyinin fərqində olsun. XXI əsrdə də 250-300 il əvvəl olduğu kimi, müstəmləkəçilik ambisiyaları ilə davranmaq sadəcə ayıbdır. Davranışlarından göründüyü kimi, həmsədr olan Fransa bunu nəinki anlamır, üstəlik, hələ bir ermənilərin əli ilə Cənubi Qafqazı da qarışdırmaq siyasəti yeridir.
 
Bu yerdə Üzeyir bəyin el arasında əzbər olan məşhur bir kəlamı yadıma düşdü: “Görəsən, Rüstəm bəy Məşədi İbadın nəyinə aşiq olub…?! Əcəba, qos-qoca Fransa dövlətinin terrorçu Ermənistana sevgisinin kökündə nə dayanır?! E.Makronun “Ermənistan bizim üçün çox əzizdir, ermənilər Fransa tarixini yaradıblar (onda görəsən fransa xalqı harada imiş?!), biz demək olar ki, ermənilərlə yarımhəmyerlilərik” və bu kimi ifadələri Fransa və fransızlar üçün başucalığı gətirmir.
 
Qərbin Rusiya və Türkiyə planları
 
Məncə, böyük dövlətlərin erməni sevdası arxasında onların çox çirkin planları durur. Cırtdan Ermənistan həmin dairələr üçün sadəcə yağlı bir pendir tikəsi funksiyası daşıyır. Gəlin, etiraf edək ki, Rusiya və Türkiyə Cənubi Qafqaza təkcə qonşu dövlətlər deyil. Hər iki dövlətin bu regionda həm də özünəməxsus maraqları və dayaqları var. Uzun illər bu iki dövlət arasında Qafqaz uğrunda mübarizə və müharibələr olub. Sevindirici haldır ki, indiki dönəmdə Rusiya və Türkiyə münasibətləri daha çox qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müstəvisində inkişaf etməkdədir. Zənnimcə, Qərbi, o cümlədən, Fransanı narahat edən də məhz budur. Danılmaz həqiqətdir ki, Qərb Rusiyaya potensial düşmən obrazında baxır. O, Türkiyənin güclənməsini və regionda söz sahibi olmasını da həzm edə bilmir. Rusiya və Türkiyənin sıx əməkdaşlıq siyasəti, bir sıra çox ciddi qlobal və regional problemlərə münasibətdə eyni mövqe sərgiləməsi də, sözün əsl mənasında, Qərbi qorxudur. Belə bir dönəmdə Qərb üçün ən sərfəlisi Rusiya və Türkiyənin qarşıdurmasına, onların toqquşaraq hər birinin gücdən düşməsinə şahidlik etmək olardı. Ağıllı və balanslı davranışlarından çox aydın hiss olunduğu kimi Rusiya və Türkiyə prezidentləri Qərbin Ermənistan və Qarabağ kartından, məhz bu məqsədlə faydalanmaq planlarını çox yaxşı hiss edirlər.
 
Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri Qarabağda hərbi əməliyyatları dayandıraraq, problemin həllinin diplomatik müstəviyə keçrilməsinə dair birgə bəyanat imzalamaqla, obrazlı şəkildə desək, Qərbi oyundan kənar vəziyyətdə qoymaları da elə bundan xəbər verir. Reallıq ondan ibarətdir ki, 9 noyabr bəyanatı ilə Qarabağa dair konturları çox aydın şəkildə cızılmış yol xəritəsi region dövlətlərinin hamısının maraqlarına uyğundur. Ədalət naminə deməliyik ki, əgər sağlam düşüncə ilə dəyərləndirə bilsələr, bu yol xəritəsi, bəlkə də, hər kəsdən daha çox Ermənistan üçün sərfəlidir. Yəni, bu yol xəritəsi olmasaydı, Ermənistan Qarabağla yanaşı, digər çox şeyləri də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma, görünür, Ermənistanda bunu hələ də anlamayanlar çoxdur. Ona görə də Qərb dairələri, birinci növbədə Fransa yenə də erməniləri meymun kimi oynatmaqla özlərinin Rusiya və Türkiyəyə yönəlik çirkin planlarını reallaşdırmaq niyyətindədirlər. Çox istərdik ki, ermənilər, gec də olsa, anlasınlar ki, böyük dövlətlər öz çirkin planları naminə onlardan oyuncaq kimi istifadə edirlər. Onları qonşu dövlətlər və xalqlarla münaqişəyə şirnikləndirməklə, çıxılmaz vəziyyətə düçar edirlər. Zənnimcə, Ermənistanın hazırkı məğlub və rəzil durumunun özü hər şeyi deyir.
 
Ermənilərin terror şəbəkəsi
 
Statistikaya görə, dünyada vur-tut 10 milyona yaxın erməni var. Onların da haradasa 3 milyona yaxını Ermənistanda yaşayır. Ermənilərin beynəlxalq miqyasda tanınan 12 terror təşkilatı var. Həmin terror təşkilatları neçə illərdir ki, dünyanın ən müxtəlif ölkələrində təxribatlar törədir. O, terror təşkilatları ki, onlar Ermənistan tərəfindən dəstəklənir, himayə olunur. Təbiidir ki, onlar da Ermənistan dövləti üçün əllərindən gələn hər şeyi edirlər. Ay Fransa, ay Avropa, gözlərinizi silərək öz hərəkətlərinizə və dünyanın reallıqlarına yenidən baxın! Görün, siz kimləri müdafiə, kimləri himayə, kimləri isə ittiham edirsiniz?! Budurmu, sizdəki ədalət?! Budurmu, sizin demokratiya?! Xalqların, ölkələrin müstəqilliyinə, suveren hüquqlarına və azadlığına töhfəniz budurmu?!
 
Ulu öndərin düşündükləri çin oldu
 
ATƏT-in Minsk qrupu yaradılarkən ulu öndər Heydər Əliyev ermənipərəst mövqe sərgiləyən dövlət olduğundan Fransanın Minsk üçlüyünə daxil olunmasına etiraz edib. Lakin, Fransanın o zamankı prezidenti Jak Şirak ulu öndəri inandırmağa çalışıb ki, Qarabağ probleminin nizamlanması məsələsində Fransa hər zaman obyektiv və ədalətli mövqedə duracaqdır. Amma hadisələrin sonrakı inkişafı Şirakın da öz sözü üstündə durmadığını göstərdi. Bu səbəbdən də Fransa hökumətinin Qarabağ probleminin həlli prosesindəki ermənipərəst mövqeyi elə ilk vaxtlardan etibarən Azərbaycan cəmiyyəti tərəfindən kəskin tənqidlərə məruz qaldı.
 
Əfsuslar olsun ki, Şirakdan sonra hakimiyyətə gələn Sarkozi də dövlət başçısına yaraşmayan və sağlam düşüncəyə zidd olan qərarları, xüsusən də Azərbaycan və Türkiyə reallıqlarına adekvat olmayan münasibəti ilə hər kəsi təəccübləndirdi. Sarkozidən sonra Fransa dövlətinin başçısı postuna gəlmiş Makron isə sələflərindən daha “irəli” getməklə, nəinki özünün, bütövlükdə fransızların ermənilərlə qohum olduğunu bəyan etdi. Beləliklə də, o da məşhur atalar məsələsində deyildiyi kimi, “Dostumun düşməni mənim də düşmənimdir” platformasından çıxış etməklə terrorçu və işğalçı dövlət olan Ermənistanı himayə etmək yolunu tutdu. Beləliklə, Fransanın ATƏT-in Minsk qrupu həmsədri olaraq ötən 28 il ərzində Qarabağ problemi ilə bağlı sərgiləmiş olduğu qatı və birtərəfli ermənipərəst mövqe ulu öndər Heydər Əliyevin nə qədər uzaqgörən müdrik siyasətçi və dövlət xadimi olduğunu bir daha təsdiqləmiş oldu.
 
Ötən 30 il ərzində nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən, xüsusi mandata sahib olan Minsk üçlüyü Qarabağ probleminin həlli, işğal altında olan ərazilərimizin cüzi bir hissəsinin belə azad olunması istiqamətində heç bir nəticə əldə etmədi. Əksinə, mövcud status-kvonun dondurulması naminə daha çox işğalçı dövlətə havadarlıq etdilər. Ermənistanı konstruktiv addımlar atmağa məcbur etmək əvəzinə bizi barışığa və kompromisə səslədilər. Azərbaycan xalqının, Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin bu son dərəcə həssas məsələyə münasibətdə nə dərəcədə qətiyyətli və prinsipial olduğunu nəzərə almadılar. Onlar Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli mümkün olmadığı təqdirdə hərb yolunun qaçılmaz olduğu barədəki çağırış və xəbərdarlıqlarını da ciddi qəbul etmədilər. Ermənistan tərəfinin sülh danışıqlarını pozması, müharibə ritorikasını gücləndirməsi, ölkəmizin yeni ərazilərini zəbt edəcəyi ilə bağlı sərsəm və məsuliyyətsiz bəyanatlarını qulaqardına vurdular. Bütün bunlar nəticə etibarı ilə II Qarabağ müharibəsini labüd etdi. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar isə, sözün əsl mənasında, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanı tək döyüş meydanda deyil, həm də diplomatiya və informasiya cəbhəsində də diz çökdürərək bütün dünyaya sübut etdi ki, bəli, Qarabağ Azərbaycandır!
 
Bu yerdə ulu öndər Heydər Əliyevin ABŞ-ın Klivlend xəstəxanasından Azərbaycan xalqına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətindəki bir məqam yadıma düşdü: “İnanıram ki, axıra çatdıra bilmədiyim taleyükli məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Həqiqətən, son dərəcə müdrikcəsinə qələmə alınmış dahiyanə zəmanətdir. Bəli, Prezident İlham Əliyev ömür vəfa etmədiyindən ulu öndərin axıra çatdıra bilmədiyi ən böyük problemi–Qarabağ problemini misilsiz bir qalibiyyətlə həll etdi. Nə böyük fərəhdir! Nə böyük xoşbəxtlikdir! Allah rəşadətli Azərbaycan Ordusunu qorusun!
Rəbbimiz Prezidentimizi, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevi qorusun!
Qafar CƏBİYEV,
tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar jurnalisti
http://xalqqazeti.com/az/news/65050
tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar jurnalisti
Oxunub : 283