AZE ENG
Facebook
Twitter Google Myspace
Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu Ağdam rayonu Quzanlı qəsəbəsində keçiriləcək
5-4-2022

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi üzrə Simpozium üçün məruzə tezislərinin toplanılması davam edir. İndiyə qədər Azərbaycan, Türkiyə və Şimali Makedoniyadan müxtəlif mövzularda tezislər göndərilib və aidiyyatı üzrə tezislər qiymətləndirilməsi üçün Simpoziumun Elmi komitəsinə yönləndirilib. Tezislərin qəbulu üçün Təşkilat komitəsi 19 aprelə qədər açıq olacaqdır. Həmzə Nigari araşdırmaları, İsmayıl Şirvani araşdırmaları, Nəqşibəndilik araşdırmaları, Xəlvətilik araşdırmaları, Sufizm araşdırmaları, İslam araşdırmaları, Türk dünyası araşdırmaları, Qafqaz araşdırmaları, Qarabağ araşdırmaları, Şuşa şəhəri araşdırmaları, Bərpa və konservasiya araşdırmaları, Ədəbiyyat araşdırmaları, Sənətşünaslıq araşdırmaları kimi mövzularda tədqiqat aparan alimlər və araşdırmaçılar tezis göndərməyə dəvət olunur.

Layihə çərçivəsində Simpoziumun Təşkilat komitəsi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvləri Prof.Dr. Qafar Cəbiyev, Prof.Dr. Şikar Qasımov, Dr. Fariz Xəlilli, Dr. Günel Seyidəhmədli və layihənin rəhbəri Şəhla Xəlilli Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam rayonu İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəqani Nəzərov və həmin şöbənin əməkdaşları Mehman Mustafayev, Xəyalə Əliyeva və Farid Muradov ilə görüşüblər. Simpoziumun açılış mərasimi və bölmə iclaslarının keçiriləcəyi yer, qonaqların yerləşməsi və iaşəsi məsələləri müzakirə olunub. Həmzə Nigarinin zəngin ədəbi irsinin qiraət və musiqi ilə təqdim edilməsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ağdam Musiqi Kollecinin tələbələrinin, Türkiyəli qonaqların iştirak etməsi nəzərdə tutulub. Azərbaycan və Türkiyənin, Qarabağ və Ağdamın müxtəlif yerlərindən Həmzə Nigari Simpoziumunu dinləməyə gələnlərin çox olacağına diqqət çəkilib. Bunun üçün Ağdam rayonu İcra hakimiyyətindən bütün qonaqpərvərlik və turizm imkanlarını səfərbər edəcəklərini bildiriblər.

“Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu” 17-18 may 2022-ci il tarixlərində  Ağdam rayonu Quzanlı qəsəbəsində üz-üzə və onlayn olaraq keçiriləcək.

Oxunub : 1146