AZE ENG
Facebook
Twitter Google Myspace
“Mədəni irs və biznes” seminarı
8-4-2023

PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 07 aprel 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Mədəni irs və biznes” mövzusunda seminar təşkil edilib. Universitetin Sosial Menecment Fakültəsinin bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrinin və müəllimlərin iştirakı ilə keçirilən seminarda tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli (Layihənin milli tərəfdaş qismində MİRAS İctimai Birliyi üzrə inzibati rəhbəri) maraqlı təqdimatla çıxış edib. İnteraktiv formada keçən tədbirdə mədəni irs sahəsində biznes imkanları, biznes mühiti, maliyyə resursları, bu sahədə mövcud qanunvericilik, dövlət tənzimləmə metodları, özəl sektorun rolu, mədəni irsin qorunmasına və inkişafına biznesin təsiri, mədəni irs biznesinə dair mövcud təcrübə və nümunələr, xüsusilə MİRAS İctimai Birliyinin təcrübəsi barədə geniş məlumat verilib. Tələbələr mövzuya böyük maraq göstərərək bu sahədə biliklərini inkişaf etdirmək istəklərini bildiriblər.



 




Qeyd edək ki, MİRAS-PİCASP seminarlarının məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Seminarların proqramı PİCASP Layihəsi çərçivəsində MİRAS expertləri tərəfindən hazırlanmışdır. 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır.

Oxunub : 910