AZE ENG
Facebook
Twitter Google Myspace
Hindistanda III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu keçirilib
26-9-2014

20-26sentyabr tarixlərində Hindistanın Dehli şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Jamia Millia İslamia Universiteti (Hindistan) və Selçuk Universitetinin (Türkiyə) təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu keçirilib.
Simpoziumun açılış mərasimi Jamia Millia İslamia Universitetinin İnformasiya Texnologiyaları Mərkəzində olub. Simpoziumu giriş sözü ilə təşkilat komitəsinin baş katibi Ahmet Aytaç açıb. O, qonaqları salamlayıb, Hindistanın indi və tarixdə Türk-İslam dünyası ilə əlaqələrindən bəhs edib. Simpoziumun türk-islam mədəniyyətinin araşdırılması sahəsində tanınan, Selçuk Universiteti Ədəbiyyat fakultəsinin müəllimi, Yrd.Dos.Dr. Yaşar Erdemirə ithaf olunduğunu qeyd edən Ahmet Aytaç konfransın işinə uğurlar arzulayıb. Təşkilat Komitəsinin həmsədri, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli Azərbaycandan çox sayda alimin simpoziuma qatıldığını qeyd edib. Millət Vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası dostluq qrupunun üzvü, Dos.Dr. Qənirə Paşayevanın simpoziuma verdiyi dəstəyi bildirib. O, Hindistanın dünyada tanınan Jamia Millia İslamia Universitetinin rəhbərliyinə yaratdıqları şəraitə görə minnətdarlıq edib. Təşkilat Komitəsinin həmsədri, Jamia Millia İslamia Universitetinin İncəsənət fakültəsinin dekanı, Prof.Dr. Qəzənfər Zahidi universitetin Hindistanın mərkəzi universitetlərindən biri olmasını, burada xristianlarla müsəlmanların birlikdə təhsil almasını, rəssamlıq, təhsil, heykəltəraşlıq, təsviri incəsənət fakültələrinin fəaliyyət göstərməsini xüsusilə qeyd edib. Təşkilat Komitəsinin həmsədri, Selçuk Unversiteti Türk Əl Sənətlərini Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri, Dos.Dr. Osman Kunduracı Dehlinin uzaq məsafədə yerləşməsinə baxmayaraq alimlərin əzmli olduqlarını və maraqlı məruzələr dinləyəcəklərini bildirib.
Millət Vəkili, Dos.Dr. Qənirə Paşayeva simpoziumun açılış bölməsində "Azərbaycan-Hindistan əlaqələri tarixdə və bu gün" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanla Hindistanın qədim əlaqələri, bu əlaqələrin bütün sahələrdə inkişaf etdiyini, yüksək bağlılığın bir nümunəsi və təcəssümü kimi Bakıda movcud olan Atəşgah məbədini və Dehlidə Şamaxı adlı qəsəbənin olmasını diqqətə çatdırıb. Hindistan neftinin aşkarlanmasında Eyyub Tağıyevin rolundan, Rac Qapur və Rəşid Behbudov dostluğundan danışan Qənirə Paşayeva müstəqillik illərində Hindistanda Azərbaycan səfirliyinin açılması və əhəmiyyətli işlərindən də bəhs edib.
Açılış mərasiminin sonunda qarşılıqlı olaraq plaketlər və hədiyyələr təqdim olunub. Habelə, Yrd.Dos.Dr. Yaşar Erdemirə "MİRAS" mükafatı, Prof Dr. Qəzənfər Zahidiyə "MİRAS"ın Dostu plaketi verilib.
Açılış mərasimi M.F.Husain Sənət Qalereyasında "Türk İncəsənəti" sərgisi ilə davam edib.
Simpoziumda iki gün ərzində müxtəlif bölmələr üzrə Azərbaycan, Türkiyə, İtaliya və Hindistandan olan alimlərin 60-dan çox məruzə və poster-məruzəsi dinlənilib və sərgilənib.
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, Prof.Dr. Kübra Əliyeva (Təbriz bədii məktəbinin Moğol miniatür məktəbinin formalaşmasında rolu), Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, Prof.Dr. Nərgiz Əliyeva (Orta əsrlərdə Azərbaycanda zərdüştilər), Folklor İnstitutunun elmi katibi, Dos.Dr. Afaq Ramazanova (Türk xalqlarında "Arzu-Qənbər" dastanı: motiv və süjet göstəricisi), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlilli (Əlaəddin Sabit Bosnəvinin əsərlərində bəzi adət və ənənələr), A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı İradə Qədirova (XVI əsrdə Moğol dövlətinin siyasi və mədəni həyatında Səfəvi dövlətinin rolu), Bakı Musiqi Akademiyasının müəllimi, Dos.Dr. Kəmalə Ələsgərli (Şərq musiqi mədəniyyətinin qədim kökləri), Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Xanım Əliyeva (Azərbaycan muğam və aşıq musiqisinin qarşılıqlı əlaqələri), Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan (Azərbaycan teatr tarixinin yeni səhifəsi: Uşaq Teatrı), Üzeyir Hacıbəyovun Ev Muzeyinin elmi işçisi Humay Fərəcova (Üzeyir Hacibəylinin folklor musiqimizə əsaslanmasının səbəbləri), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli (Türk-İslam mədəniyyəti və "Ümumi Mədəni İrs Şəhərləri" arxeoloji turizm layihəsi), Qafqaz Universitetinin doktorantı Cəmilə Allahverdiyeva (Türk dünyasının ensiklopedik əsəri - “Divanü Lüğat-it-Türk”) simpoziumda çıxış etmişlər.
Simpozumun yekun iclasında Hindistanın Türk-İslam tarixində önəminə diqqət çəkən natiqlər gələcəkdə də bu cür elmi-kütləvi tədbirlərin keçirilməsinin buradakı türk əsərlərinin araşdırılması, qorunması və mühafizəsinə böyük təsir edəcəyini bildiriblər. Jamia Millia İslamia Universitetində Türkoloji bölməsinin açılmasının böyük önəm daşıdığını bildirən azərbaycanlı nümayəndələr burada Azərbaycan dili və ədəbiyyatının tədris olunmasını da arzuladıqlarını nəzərə çatdırıblar. Prof.Dr. Kübra Əliyeva simpoziumun dördüncüsünün Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilməsini təklif edib. Simpoziumun təşkilatçıları təklifi dəyərləndirəcəklərini bildiriblər.
Simpozium çərçivəsində Dehli və Aqrada tarixi və memarlıq abidələri də ziyarət edilib.
 

Oxunub : 3070