AZE ENG
Facebook
Twitter Google Myspace
Tələbə və gənc mütəxəssislər üçün birinci YOCOCU Ağsu Məktəbinin 5 günlük kursu açılacaq
2-10-2014

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Ağsu Rayon İcra Hakimiyyətinin və İtaliyanın YOCOCU Assosiasiyasının birgə dəstəyi ilə oktyabrın 6-dan 10-dək Orta əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə tələbə və gənc mütəxəssislər üçün I YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbinin 5 günlük kursu keçiriləcək.
Azərbaycanda bərpa və konservasiya sahəsində ilk dəfə açılacaq məktəb əməkdaşlıq və çoxistiqamətli yanaşma əsasında arxeoloji sahələrin konservasiya və idarə olunması məsələlərinə cəlb edilmiş tələbə və gənc peşəkarlar üçün nəzərdə tutulub. Məktəbdə əsas diqqət diaqnostika və mühafizə daxil olmaqla, innovativ və ekoloji təmizlik metodlarına yetiriləcək. Məktəbin başlıca məqsədi iştirakçıları ilk andan istifadə olunacaq müvafiq biliklərlə təmin etməkdir. Buraya səmərəli konservasiya metodları daxildir ki, bununla da müvafiq bərpa metodlarının praktik dərk olunması və uzunmüddətli idarəolunma strategiyaları ortaya qoyulur. İştirakçılar mühazirələr, müzakirələr, laboratoriya sessiyaları, sərgi və çöl işləri vasitəsilə konservasiya elminin fundamental nəzəriyyələrini müzakirə edəcək, texnologiya və araşdırmalarda irəliləyişlərin hansı dərəcədə olmasını tədqiq edəcəklər. İş yerində sahə təlimləri iştirakçılar üçün çoxşaxəli üsullar və əməkdaşlıq əsasında iş proqramından faydalanmaq imkanı yaradacaq.
Kurs boyunca iştirakçılar ən səmərəli konservasiya üsulundan yararlanmaq üçün müxtəlif ixtisaslarda kollektiv təcrübələrini bir araya gətirəcəklər. Məzmun və struktur cəhətdən kurs Ağsu arxeoloji sahəsinin konservasiya və qiymətləndirilməsinə interdisiplinar yanaşmalara aid olduğundan müxtəlif mövzuları və bacarıqları əhatə edəcək.
Dərsləri tərtib olunmuş proqram əsasında Azərbaycan, İtaliya, Türkiyə və Perudan olan mütəxəssislər keçəcəklər. Məktəbdə “Ağsu arxeoloji sahəsinin təqdimatı: tarixi və inkişafı; regionda mümkün risklər”, “Tapıntıların müzakirəsi, məlumat toplanması, saxlanma və sənədləşdirmə (fotoların əldə olunması prosesi)”, “Çürümə mexanizmi - bərpa prinsipləri və ilkin yardım: tədqiqat işləri”, “Arxeoloji sahələrin və mədəni irsin idarə olunması, müxtəlif kontekstlərdə vəziyyətlər və problemlər”, “Arxeoloji irsin konservasiyasının analitik tədqiqatı”, “Daxili və kənar təzyiqlər, mədəni irsə təsirlər: idarəolunma strategiyası”, “Mikroiqlim və xarici təsirlər: mədəni irsin təsiri; qiymətləndirmə riski”, “Arxeoloji obyektlərin konservasiyasına yanaşma və Ağsu sahəsi” və s. mövzular tədris olunacaq. Tədris prosesində praktiki iş tətbiq ediləcək və səyyar bərpa laboratoriyası fəaliyyət göstərəcəkdir.
Birinci YOCOCU Ağsu Məktəbində 30 tələbə və gənc mütəxəssisin kurs keçəcəyi nəzərdə tutulub. İştirakçıların arxeoloji turizm kompleksində 4 gecə və 5 gün yerləşməsi və düşərgənin təşkili məqsədilə hər cür lazımi avadanlıqlarla təmin olunmuş xüsusi çadırlar qurulur.
 

Oxunub : 2791