AZE ENG
Facebook
Twitter Google Myspace
Həmzə Nigari Simpoziumu Qazaxda yekunlaşdı
24-10-2014

Oktyabrın 22-də Bakı şəhərində Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan II Həmzə Nigari Simpoziumu öz işini Qazaxda inanc turu ilə yekunlaşdırıb.
Oktyabrın 21-də Simpoziumun yekun iclasında Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyinin sədri Muttalip Ulutanrıverdi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun direktoru Mehmet Rıhtım, Professor, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Kübra Əliyeva, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli simpoziumla bağlı fikirlərini bölüşüblər. Simpoziumun məruzəçilərinə və təşkilatçılara sertifikatlar təqdim edilib. Təşkilatçılar III Həmzə Nigari Simpoziumunun 2016-cı ildə İstanbulda keçirilməsini elan ediblər.
Oktyabrın 22-də simpozium iştirakçıları Azərbaycanın inanc yerləri ilə tanış olublar. Onlar əvvəlcə Qobustan şəhərinin yaxınlığındakı tarixdə Pir-Mərəzə adlandırılan Diri Baba türbəsini ziyarət ediblər. XV əsrin yadigarı olan bu abidə haqqında Övliya Çələbəi, Adam Oleari kimi tanınmış səyyahların yazdığı qeyd olunub. Daha sonra Şamaxı şəhərində VIII əsrin yadigarı olan və zəlzələlər nəticəsində dağılsa da yerində dəfələrlə bərpa edilən Cümə məscidi ziyarət edilib. Qonaqlara məlumat verilib ki, məşhur sufilərin dərs aldığı bu məscid 1902-ci il zəlzələsindən sonra nəqşibəndi sufi məktəbinə bağlı olan Hacı Məcid əfəndinin təşəbbüsü ilə köhnə bünövrənin üstündə indiki halında tikilib. Bildirilib ki, 2013-cü ildə Prezident İlham Əliyev Cümə məscidinin yeni bərpadan sonra açılışını edib. Şamaxıdan Ağsuya gələn iştirakçılar Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi ilə tanış olublar. Buradan aşkar edilən Cümə məscidi, buzxana, hamam kompleksi, şəhər mədəniyyəti marağa səbəb olub. Nəqşibəndi sufi məktəbini yenidən Qafqaza gətirən və canlanmasına səbəb olan İsmayıl Siracəddin Şirvaninin Kürdəmirin Şıxımlı kəndindəki Mövlanə bağı ziyarət edildikdən sonra iştirakçılar Qazaxın Aslanbəyli kəndinə gediblər. Həmzə Nigarinin sevimli tələbəsi və xəlifəsi Hacı Mahmud əfəndinin Aslanbəyli kəndindəki türbəsi və məscidi ziyarət olunub. Türbənin divarlarında və məsciddə yazıldığı kimi Həmzə Nigari qəzəlləri bu bölgənin sakinləri tərəfindən istər çar Rusiyası, istər Sovet dövrü, istərsə də müstəqillik illərində həvəslə öyrənilir, bilinir.
Qeyd edək ki, Həmzə Nigariyə və onun təliminə həsr olunmuş elmi simpoziuma istər Amasiya, istərsə də Qarabağ bölgəsindən çoxsaylı sevənləri də dəstək vermişdir.
 

Oxunub : 2331