AZE ENG
Facebook
Twitter Google Myspace
Bakıda Gənclərin I Beynəlxalq mədəni irs və turizm forumu keçirilib
2-2-2015

Fevralın 1-2-də Bakıda Gənclərin I Beynəlxalq mədəni irs və turizm forumu keçirilib.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Araşdır, qoru və təbliğ et!” devizi altında keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Norveç, Tacikistan, İtaliya, Misir, İspaniya və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

Forumun məqsədi gəncləri bir araya gətirməklə ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.

Forumda müxtəlif ölkələri təmsil edən gənc alim və mütəxəssislər mədəni irs və turizm mövzusunda qlobal, interdisiplinar və milli məqamları, o cümlədən problem və perspektivləri müzakirə ediblər.

Tədbirin açılışında “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli dünya gənclərini bir araya gətirən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, forumun hədəfi bu toplantını davamlı keçirmək, bununla da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hər il fevralın 2-də ölkəmizdə geniş qeyd olunan Azərbaycan Gəncləri Gününün mahiyyətini bütün dünyaya çatdırmaqdır. Özündə ülvi hissləri və sevgini ehtiva edən bu anlayış insanları, toplumları bir-birini tanımağa və yaxınlaşmağa sövq edir.

Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın əhəmiyyətindən danışan F.Xəlilli diqqətə çatdırıb ki, bu mühüm sənəddə gənclər forumlarının təşkili və keçirilməsinə xüsusi diqqət yetirilir.

Tarix elmləri doktoru, professor Qafar Cəbiyev, İtaliyanın Kalabriya Universitetinin rektoru, professor Gino Krisci, YOCOCU Assosiasiyasının prezidenti Andrea Macchia, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Məleykə Hüseynova, “Miras” İctimai Birliyi sədrinin müavini Arzu Soltan, “Dostlar üçün Gürcüstan” Beynəlxalq Turizm Assosiasiyasının təsisçisi İrakli Ephremidze, professorlar Şikar Qasımov, Kübra Əliyeva, “Cabaqar” MMC-nin rəhbəri Zeynəb Qasımova, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rahilə Həsrətova tədbirin əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.

Forum çərçivəsində əlil və qayğıya ehtiyacı olan gənclərin əl işlərindən ibarət “Biz həmişə sizinlə” mövzusunda xeyriyyə sərgisi keçirilib.

Daha sonra “Araşdır”, “Qoru” və “Təbliğ et” bölmələrində Sibirin mədəni irsinin qorunması və təbliğində cari meyillər, Azərbaycan folklorşünaslığının 1900-1930-cu illərdə keçdiyi yol, Tacikistanın tarixi-mədəni irsi, Gürcüstanın mədəni irs resursları, Norveç təbiətində mədəniyyət izləri, Topqapı Sarayı Muzeyində mədəni irs sərvətlərinin qorunmasında önləyici üsullar və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə YOCOCU Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi F.Xəlilli və Andrea Macchia imzalayıblar.

Tədbirdə iştirak edən ölkələrin gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrini gələcəkdə daha da möhkəmləndirmək və qarşıda duran digər aktual problemləri araşdırmaq məqsədilə 2016-cı ildə Gənclərin II Beynəlxalq mədəni irs və turizm forumunun keçirilməsi qərara alınıb.

İştirakçılara diplom və sertifikatlar verilib.

Forum Bəyannamənin qəbul edilməsi ilə yekunlaşıb.

 

Oxunub : 2463