AZE ENG
Facebook
Twitter Google Myspace
51 saylı məktəbin şagirdləri Ağsuda "Şəhidlərə kəfən lazım deyil" tamaşasını nümayiş etdiriblər
27-2-2015

Fevralın 26-da Ağsu şəhərindəki Mədəniyyət Sarayında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İdeal Zirvə Tədris Mərkəzinin təşkilatçılığı ilə Atamoğlan Məmmədlinin pyesi əsasında, gənc rejissor Röyal Cəbiyevin səhnələşdirdiyi və Bakı şəhəri 51 saylı məktəbin şagirdlərinin ifa etdiyi "Şəhidlərə kəfən lazım deyil" tamaşası nümayiş etdirilib. Pyes Mübariz İbrahimovla əlaqəlidir. Özü də müharibə iştirakçısı olmuş müəllif tamaşada əsgərlərimizin döyüş ruhunu və şəhidlərin ölməzliyini aşılayır. Tamaşa 2 hissədən ibarətdir. Tamaşanın səs rejissoru Rövşanə Əliyevadır.
Tədbiri giriş sözü ilə MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli açıb. Xocalı soyqırımı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Fariz Xəlilli Xocalı soyqırımının tanıdılması üçün "Xocalı vaxtı" filmi və 26fevral.az internet səhifələrindən bəhs edib.
Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Xocalı soyqırımından, faciənin ağırlığından, soyqırımı dünyada tanıtım fəaliyyətlərindən, Ağsuda son günlərdə keçirilən anım mərasimlərindən bəhs edib. Bakının 51 saylı məktəblilərinin belə bir qəhrəmanlığı aşılayan bir tamaşa ilə Ağsu məktəblilərinə qonaq gəlməsini təqdir edib.
Daha sonra pyesin müəllifi Prof.Dr. Atamoğlan Məmmədli çıxış edib, pyesin yazılması, Mübariz İbrahimovun qəhrəmanlığı haqqında məlumat verib və gələcəyimiz olan bütün gəncləri hər zaman vətənpərvərliyə səsləyib.
51 saylı məktəbin direktoru Lətafət Səmədova Xocalı haqqında təəssüratlarını bölüşüb, dünyada xocalıların haqq səsinin yayılması üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
İdeal Zirvə Tədris Mərkəzinin rəhbəri Elşanə Şərifli gənclərə gələcək həyatlarında uğurlar arzulayıb və belə maraqlı bir tamaşada yer almalarından məmnunluğunu bildirib.
Məktəblilər tamaşanı çox ürəklə və əzmlə ifa ediblər. Vüqar Məmişov (Mübariz İbrahimov), Kübra Gülməmmədova (Mübarizin anası), Hacıbaba Nağıyev (Mübarizin atası), Əli Gülməmmədov (Fərid Əhmədov), Mədinə Həsənova (köçkün qız), Fuad Hüseynov (qoca), Nuranə Muradova (jurnalist), Mehman Abbasov (növbətçi), Cavad Quliyev (kəşfiyyatçı), Bahadur Qüdrətov (əsgər), Ramiz Ağayev (əsgər), Dilşad Rəsulova (Aytən), Aysu Məmmədova, Aysel Məsimova, Könül Babayeva, Zəhra Mehdiyeva (xeyir və şər qüvvələr) rollarını məharətlə oynayıblar. Maraqlı keçən tamaşa iştirakçılar tərəfindən ayaqüstə alqışlanıb.
 

Oxunub : 2957