AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsunun Gəgəli kəndində I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilir
18-3-2015

Mart ayının 16-da Ağsu rayonunun Gəgəli kəndində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu rayonu İcra Hakimiyyətinin dəstəyi ilə I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalının açılış mərasimi olub. Festivala Azərbaycan, Türkiyə, Gürcüstan və Misirdən 150-yə qədər iştirakçı qoşulub. Festivalın proqramına müxtəlif folklor qruplarının çıxışı, sərgi-yarmarkanın keçirilməsi, oturma gecələri və axır çərşənbə tonqallarının izlənməsi, Orta əsr Ağsu şəhəri turu daxildir.
Əvvəlcə Ağsudan olan Aşıq Məhəmmədin ifaları, eləcə də kosa və keçəlin müşaiyəti ilə gələn qonaqlar sərgi-yarmarkaya baxıblar. Sərgidə Bico və Qəşəd kəndlərində toxunan xalçalar, Gəgəli kəndində toxunan palazlar, müxtəlif kəndlərdən sərgiyə gətirilmiş etnoqrafik əşyalar, Bakıda və Ağsuda yaşayan rəssamların əsərləri, heykəltəraş Vüqar Quliyevin daş və dəmir oksidindən hazırladığı miniatür heykəllər, Zaqatalanın Mamrux kəndində və Ağsuda hazırlanan tikmələr, əl işləri, kənd təsərrüfatı məhsulları (yerli bal, motal pendiri, kənd yumurtası, sarımsaq və s.), eləcə də Orta əsr Ağsu şəhəri və Mehrəvan qalasından aşkar olunmuş arxeoloji materiallar nümayiş etdirilib.
Festivalı açıq elan edən Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev müxtəlif ölkələrdən və bölgələrdən gələn qonaqları salamlayıb, Gəgəli kəndində belə bir festivalın keçirilməsinə başlanması münasibətilə təşkilatçılara minnətdarlıq edib. Ağsuda son zamanlarda bir çox foklor tədbirlərinin keçirilməsi bu bölgədə ənənələrə hörmətin əlamətidir, gələcəkdə Ağsunun da "folklor paytaxtı" statusu alacağına inandığını deyib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Seymur Həsənov Azərbaycanda turizmin inkişafına kəndlərimizin də qoşulmasının vacibliyini və yaşıl turizmin Ağsuda da inkişaf etdirilməsinin zəruriliyini bildirib. Bu mənada festivalın təsirli olacağına və daha da genişlənəcəyinə ümid etdiyini deyib.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Gəgəli kəndinin qısa tarixçəsi, türk tərəkəmə obası kimi əhəmiyyətini və tərəkəmə çərşənbəsinin fərqliliyini qonaqların nəzərinə çatdırıb. Festivalın ənənəvi keçirilməsinin kənddə maddi rifahın, mənəvi ab-havanın inkişaf edəcəyinə təsir edəcəyini bildirib.
Professor Şikar Qasımov Novruz və çərşənbə ənənələrinin Sovet dövründə uzun müddət yasaq olduğunu, qadağanın aradan qaldırılmasının uzun zaman aldığını qeyd edib. Ümummilli Lider Heydər Əliyevin Novruza verdiyi önəmi, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması, Prezident İlham Əliyevin Axır çərşənbə və Novruz bayramı tədbirlərində yaxından iştirakını təqdir edib.
Türkiyədən festivala qoşulmuş şair Muharrem Yenigün Novruzun türk toplumunda yerindən, Türkiyənin şərq bölgələrindəki Novruz adətlərindən bəhs edib. Novruz ənənələrinə həsr etdiyi yeni şeirini səsləndirib.
Misirli müsiqişünas Mona Zedan kənd sakinlərinin və qonaqların bayramını təbrik edib, ərəb xalq musiqisi parçaları ifa edib.
Bədii hissə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbin şagirdlərinin ifasında məzhəkəli tamaşa ilə davam edib. Tamaşanın ssenarisini məktəbin direktoru Sabit Abdullayev, quruluşunu Uşaq birliyi təşkilatının rəhbəri Nərgiz Quliyeva hazırlayıb. Maraqla qarşılanan tamaşa ikinci gün də proqrama daxi edilib.
MİRAS Musiqi qrupunun üzvləri tarzən Mehman Mikayılov, kamança ifaçısı Cahandar Mikayılov, xanəndələr Ruslan Adgözəlov, Nurlan Namazov və Tahir Şəfiyev xüsusi proqramla çıxış ediblər.
Bakı Uşaq Teatrının hazırladığı bayram tamaşası kənd sakinlərinin marağına səbəb olub. Peşəkar aktyorları uzun müddətdir kəndlərində görməyən sakinlər bunu xüsusi vurğulayıblar. Teatrın direktoru İntiqam Soltan kəndlərdə belə tamaşaların oynanılması onlara xüsusi zövq verir.
Festival 17-18 martda da davam edəcəkdir.
 

Oxunub : 1501